Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 17:42

Özündən danışmaq tabu deyil


"Sizi özünüz haqda nümayiş etdirdiyiniz kontentlə tanıyacaqlar"
"Sizi özünüz haqda nümayiş etdirdiyiniz kontentlə tanıyacaqlar"

İnsanların çoxu öz bacarıqlarından danışmağa çəkinir, bunun lovğalıq kimi görünəcəyindən ehtiyat edir. Çünki uşaqlıqdan lovğalığın pis xasiyyət olduğu aşılanır.

Ancaq mütəxəssislər deyirlər ki, peşəkar uğurlarla fəxr etmək tabu deyil, həyatın normal hissəsi kimi görülməlidir. Bacarıqları yaxşı göstərmək iş yerində daha çox uğur qazanmağa yol açır. İstər işi dəyişəndə, istərsə də vəzifə pillələrində irəliləməyə çalışan zaman bu qabiliyyət insana çox üstünlük qazandıra bilər.

BBC yazır ki, öz bacarıqlarını göstərmək qabiliyyətinə ehtiyac heç vaxt indiki qədər böyük olmayıb. Pandemiyanın biznes dünyasına ağır zərbə vurduğu indiki dövrdə bu çox aktualdır. Bəzi qruplar üçün bunun əhəmiyyəti daha da artıb. Məsələn, qadınlar ənənəvi olaraq özlərini reklam etməyə çətinlik çəkirlər. COVID-19 böhranından onların daha çox ziyan görməsi həm də bununla bağlıdır.

Özünüz barədə kontent

Evdən işləyən adamlar menecerləri ilə üz-üzə ünsiyyətin azlığından əziyyət çəkirlər. Bu isə onların karyerasına mənfi təsir göstərir.

"Dəyərimizi nümayiş etdirməyə vaxt ayırmasaq, bizi "lazımlı" saymaya bilərlər. Sizi özünüz haqda nümayiş etdirdiyiniz kontentlə tanıyacaqlar. Buna görə də o kontenti nəzarətdə saxlamağınız çox vacibdir", – "F*ck Being Humble" kitabının müəllifi Stefani Svord-Uilyams deyir.

Postpandemiya dövründə işdə irəliləmək, yaxud yerində ilişib qalmaq özünü ətrafa təqdim etməkdən çox asılıdır.

Özünü reklam etməyin ən sadə forması işə və uğurlara diqqət cəlb etməkdir. Bu, LinkedIn-də paylaşılmış post da ola bilər, müdirinizə göndərdiyiniz elektron məktub da, vacib bir adamla söhbətdə qabartdığınız məqamlar da. Uğurlarınıza işıq salmaqla bir növ öz şəxsi brendinizi qurursunuz.

Qadınlar "yekəxana", kişilər "özünə əmin" görünür

Mütəxəssislər kişilərin bu işi qadınlardan daha yaxşı bacardığını deyirlər. 2019-ci ildə iki amerikalı alimin apardığı araşdırma nəticəsində məlum olub ki, bu sahədə böyük gender boşluğu mövcuddur. Tədqiqatçılar sorğu iştirakçılarına riyaziyyat və dəqiq elmlərdən test sualları veriblər. İştirakçılar daha sonra öz göstərdikləri nəticələrə qiymət verməli idilər. Ancaq tədqiqatçılar iştirakçılara deyiblər ki, onların öz nəticələrinə verdikləri qiymət işəgötürənə ötürüləcək və o, yalnız bu meyar əsasında kimi işə götürəcəyini, ona nə qədər maaş verəcəyini müəyyən edəcək. Kişilərlə qadınlar test suallarına eyni dərəcədə yaxşı cavab versələr də, kişilərin özlərinə verdiyi orta qiymət 100 baldan 61, qadınlarınkı isə 46 olub.

"Ayrı-ayrılıqda bir çox araşdırmalar kişilərin soruşulduğu zaman öz uğurlarını daha çox təriflədiyini aşkar edib. Qadınlarsa öz uğur və bacarıqları haqda kifayət qədər danışmırlar. Qızlar uşaq vaxtı özlərini təriflədikləri, yaxud daha fəal davrandıqları üçün ictimai cəzaya məruz qalırlar", – "Why Women Are Poorer Than Men" kitabının müəllifi Annabel Uilyams deyir.

Doğrudan da, "həyasız", "yekəxana", "özündən deyən" kimi ifadələr var ki, daha çox qadınlar haqda işlədilir. Uilyamsın sözlərinə görə, kişilər eyni davranışı nümayiş etdirəndə isə bu, özünə əminlik və liderlik bacarıqları kimi görülür.

"İnsanlara hazırda nə işlə məşğul olduğunuzu bildirin"

Ancaq, yuxarıda deyildiyi kimi, öz bacarıqlarını yaxşı təqdim etmək qabiliyyəti böyük dividentlər gətirir. Buna görə də bu qabiliyyəti inkişaf etdirmək, vərdiş halına gətirməkdə fayda var. Xüsusən də nisbi izolyasiyada işlədiyimiz indiki dövrdə.

"Working From Home" kitabının müəllifi Hariet Minter deyir ki, bu məsələ gündəlik iş cədvəlinə salınmalıdır. "Əgər bunu etməsək, gözdən uzaq, könüldən iraq olmaq riski ilə üz-üzə qalacağıq. Əgər bu sizə daha asan gəlirsə, onda, heç olmasa, insanlara hazırda nə işlə məşğul olduğunuzu bildirin", – o deyir.

Mütəxəssislər müdiriyyəti gördüyünüz işlər barədə müntəzəm məlumatlandırmağı, eyni zamanda, karyera ilə bağlı gözləntilərinizdən və çalışdığınız şirkətə qatdığınız dəyərdən danışmağı tövsiyə edirlər.

Minter uğurları müdirlərlə paylaşan zaman bütün detalların əlavə olunduğu gözəl bir elektron məktub yazmağı tövsiyə edir. Həftədə azı bir belə məktub yazmaq vacibdir. "Daha çox yazdıqca buna daha çox öyrəşəcəksiniz", – o deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG