Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:09

SOCAR uğrunda mübarizə gedir?


Prezident İlham Əliyev Sumqayıtda "SOCAR karbamid" zavodunun açılışında. 2019

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlı bəzi həll edilməmiş məsələlər qalır. Bu il yanvarın 23-də prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında" Fərman imzalayıb. Fərmana əsasən, SOCAR-ın fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün yeddi üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Sənəddə həmçinin, Nazirlər Kabinetinə 15 günə Müşahidə Şurasının yaradılması ilə əlaqədar şirkətin nizamnaməsinin bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini prezidentə təqdim etmək tapşırılıb. Lakin iki aydan çox keçməsinə baxmayaraq, indiyədək bu məsələ öz həllini tapmayıb.

"Ola bilsin ki, bayramlarla əlaqədar..."

Məsələyə, hələlik, Nazirlər Kabinetindən və SOCAR rəsmilərindən münasibət almaq mümkün olmayıb. Amma Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Asim Mollazadə əmindir ki, tez bir zamanda bu məsələ öz həllini tapacaq: "Ola bilsin ki, bayramlarla əlaqədar hansısa bir gecikmə olub, amma əminəm ki, hər şey necə lazımdır öz həllini tapacaq".

Deputat "Turan" agentliyinə bildirib ki, hər şey prezidentin fərmanına uyğunlaşdırılmalıdır: "Fərmanda olduğu kimi, idarəçilik və bütün proseslərə nəzarət bilavasitə Müşahidə Şurası tərəfindən həyata keçiriləcək. İcra və praktiki məsələlərlə bağlı funksiyalar müəyyənləşəcək".

Q.İbadoğlu
Q.İbadoğlu

"Ziddiyyət yaradır"

İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, SOCAR-ın nizamnaməsinin 4-cü hissəsi şirkətin strukturunu, 5-ci hissəsi isə onun idarə olunmasını tənzimləyir. Q.İbadoğlunun sözlərinə görə, nizamnamənin 4.1-ci bəndinə uyğun olaraq, onun idarəetmə strukturuna qurumun prezidenti, vitse-prezidentləri, habelə aparatı daxildir: "Bundan əlavə, nizamnamənin 5-ci hissəsində şirkətin şurasının təşkili nəzərdə tutulub. Şura şirkətin prezidenti yanında fəaliyyət göstərən məşvərətçi orqandır. Onun tərkibinə şirkətin vitse-prezidentləri və şirkətin prezidenti tərəfindən təyin olunmuş digər vəzifəli şəxsləri daxildir. Göründüyü kimi, nizamnamənin 5-ci hissəsində təsbit olunan köhnə strukturun səlahiyyətləri yeni yaradılan Müşahidə Şurasının səlahiyyətləri ilə üst-üstə düşür və ziddiyyət yaradır".

Q.İbadoğlu deyir ki, prezident fərmanında verilən müddətdən üç dəfədən çox vaxt ötməsinə baxmayaraq, SOCAR-ın yeni nizamnaməsi ilə bağlı əlavə və dəyişikliklər hələ də qəbul olunmayıb. O qeyd edib ki, fevralın 4-də SOCAR-ın Müşahidə Şurasının ilk iclası keçirilsə də, onun nizamnaməsinin 4 və 5-ci hissələrində dəyişikliklərlə bağlı müzakirə aparılmasına dair mətbuata məlumat verilməyib.

"Anlaşılmaz durum yaranıb"

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, dövlət şirkətlərinin idarə olunması ilə bağlı anlaşılmaz durum yaranıb: "Ötən il avqustun 7-də prezidentin fərmanı ilə İnvestisiya Holdinqi yaradıldı. İnvestisiya Holdinqinə, demək olar ki, bütün dövlət şirkətləri əlavə olundu və faktiki olaraq Holdinq bu şirkətlərin idarə edilməsində sonuncu söz sahibi olmalıdır".

N.Cəfərli
N.Cəfərli

O deyir ki, sonra isə SOCAR-la bağlı ayrıca bir qərar verildi – Müşahidə Şurası yarıdıldı: "Əgər nəzərdə tutulmuş qaydada investisiya layihələrinin baxılması, təsdiqi, xərclərin istiqamətlərinin müəyyənləşdirilməsi və şirkətin idarə edilməsində optimallığın artırılması Müşahidə Şurasına verilibsə, onda SOCAR-ın özünün idarəetməsində olan strukturların hansı səlahiyyətlərə malik olacağı ilə bağlı sual açıq qalır".

N.Cəfərli qeyd edib ki, növbəti addım səlahiyyətlərin və məsuliyyətin bölgüsü olmalı idi: "Yəni, SOCAR rəhbərliyinin səlahiyyətləri və məsuliyyəti harada başlayır və harada qurtarır məsələsinə aydınlıq gətirilməli idi".

"Maraq qruplarının lobbi fəaliyyəti nəticəsində..."

Onun fikrincə, bu məsələlərin indiyə kimi açıq qalması aydın bir təsəvvürün olmaması və maraq qruplarının SOCAR üzərində mübarizəsindən qaynaqlanır: "Hələ də SOCAR-la bağlı olan müxtəlif qrupların olduğu bilinir və onlar idarəetmədə həlledici söz sahibi olmaq üçün çalışırlar. Bu maraq qruplarının lobbi fəaliyyəti nəticəsində də idarəetmə ilə bağlı açıq qalan suallara aydınlıq gətirilmir".

Xatırlatma

SOCAR 1992-ci ildə yaradılıb. O, Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı, işlənməsi üzrə fəaliyyət göstərir. Habelə, onların xarici bazarlarda satışı, ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində üç istehsalat birliyi, bir neft və bir qaz emalı zavodu, Dərin Özüllər Zavodu, iki trest, bir institut daxil olmaqla, hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik dörd qurum fəaliyyət göstərir.

XS
SM
MD
LG