Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

'Kollektiv' – dərs proqramlarına salınası film


"Collective" filmi "Oskar"a namizəddir
"Collective" filmi "Oskar"a namizəddir

Rumıniyalı sənədli film rejissoru Aleksander Nanau faciəli bir yanğını araşdıran araşdırmaçı jurnalistləri çəkməyə başlayanda hələ heç kim onların ifşa edəcəyi dəhşətli korrupsiyanın səviyyəsini təsəvvürünə gətirmirdi. 2015-ci ildə Buxarestin "Colectiv" klubunda yanğın 27 nəfərin ölümü, 180 nəfərin yaralanması ilə nəticələnmişdi. Yanğın qurbanları aldıqları çox da ağır olmayan yaralardan xəstəxanalarda ölməyə başlayanda Rumıniyanın "Sports Gazette" qəzeti tibb xidmətini araşdırmağa başladı.

Rumıniyanın "tammetrajlı xarici film" nominasiyasında builki "Oskar" mükafatına namizədi olan "Collective" (Kollektiv) filmində Nanaunun kamerası araşdırmaçı jurnalistləri yaxından izləyir. Jurnalistlər ölümə səbəb olan səhlənkarlıqdan tutmuş, rüşvətxorluq və sənədlərin saxtalaşdırılmasına qədər hər cür qandonduran ittihamlar eşidirlər. Məlum olur ki, qurbanlar elə məhz xəstəxanaya düşdüklərinə görə təhlükədə olublar. O xəstəxanalar ki, siyasətçilər onların haqqında ağızdolusu danışır.

Səhiyyə naziri

Rumın mediası məsələ ilə daha yaxından maraqlanmağa başlayır. Bu əsnada Nanau mətbuat konfranslarında səhvlərə yol verən siyasətçiləri və araşdırmaçı jurnalistlərin rəhbəri Katalin Tolontanın televiziya xəbər aparıcılarının suallarına cavab verməsini çəkir. Filmdə oxunan mətn yoxdur. Bütün hekayə filmdə gördüyümüz şəxslərin görüntüləri və səsi ilə çatdırılır. Bu şəxslərin özləri də xüsusi təqdim olunmur. Biz onların kim olduğunu filmin gedişatında anlayırıq. Biz onların kim olduğunu ən yeni tapıntılara reaksiyaları, görüşlərdə necə danışmaları, üz ifadələri, məyus olduqları zaman əllərindəki qələmi yelləmələrindən anlayırıq.

Yeni səhiyyə naziri gələndə bizə onun CV-sini, yaxud tərcümeyi-halını göstərmirlər. Biz onu, sadəcə, hərəkətlərinə görə mühakimə edirik. Təqribən real həyatda yeni tanış olduğumuz hər hansı bir şəxs kimi.

"Colectiv" klubunda yanğın. 2015
"Colectiv" klubunda yanğın. 2015

Nazir Vlad Voykulesku ictimaiyyətə söz verir ki, yalanların qarşısı alınacaq. O, eyni zamanda, Nanauya özünün bütün görüş və araşdırmalarına çıxış imkanı verir. Biz onunla birlikdə daha dəhşətli şeylərdən xəbər tuturuq. Əli qana batmış ölkə rəsmiləri nazirə bu araşdırmada mane olanda biz onun məyusluğunu və inamsızlığını görür və bölüşürük. İnanılmaz dərəcədə açıq olan nazir Voykulesku filmin ən inandırıcı baş qəhrəmanlarından birinə çevrilir.

1983-cü il təvəllüdlü iqtisadçı, Vyana İqtisadiyyat və Biznes Universitetinin məzunu Vlad Voykulesku hazırda da ölkənin səhiyyə naziridir. O, bundan əvvəl 2016-cı ilin mayından 2017-ci ilin yanvarınadək bu vəzifəni tutmuşdu.

Qəhrəmanlar, qurbanlar

Filmin digər maraqlı qəhrəmanı isə araşdırmaçı-jurnalist Katalin Tolontandır. Təhqiqat bacarığı, qətiyyəti və cəsarəti sayəsində o bu hekayənin şəksiz qəhrəmanına çevrilib. O, qətiyyən kinogenik deyil. Adi görünüşlü ofisdə çalışan adi görünüşlü bir insandır. Ancaq gördüyü işlər və əldə etdiyi nailiyyətlər qeyri-adidir. "O və həmkarları iş masaları arxasında oturub insanların həyatını xilas edirlər", – film haqqında "Deadline" saytında çıxan rəydə deyilir.

"Colectiv" klubunda yanğın qurbanlarını anım yürüşü. 2015
"Colectiv" klubunda yanğın qurbanlarını anım yürüşü. 2015

Daha sonra, əlbəttə ki, yanğının qurbanları gəlir. Hər dəfə ekranda hadisənin qurbanlarını, yaxud yaxınlarını itirmiş ailələri görmək çox təsirlidir. Tedi Ursuleanu ağır yanıq yaraları alıb. Ancaq öz hekayəsini danışmaq və insanlarla ünsiyyətdə olmaq üçün sənətə müraciət edib. Narçis Hocey isə xəstəxanada dünyasını dəyişmiş 19-yaşlı Aleksin atasıdır. Aleks, əslində, həyatda qala bilərdi.

"Kollektiv" Hocey və ailəsinin təsirli hekayəsi ilə sona çatır. Bu hekayə bizə korrupsiyanın insan həyatı bahasına başa gəldiyini və hakimiyyətin daim sorğulanmalı olduğunu bir daha xatırladır. Təəssüf ki, bu, son dərəcə ağır və təsirli sənədli filmin qaldırdığı məsələlər təkcə Rumıniyaya xas deyil. Buna görə də bu film həm bu mövsümdə, həm də gələcəkdə izlənməli və dərs proqramlarına salınmalıdır, - "Deadline" saytı yazır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG