Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Putin martın 23-də koronavirusdan peyvənd olunacaq


Rusiya prezidenti Vladimir Putin deyib ki, o martın 23-də COVID-19 xəstəliyinə qarşı peyvənd olunacaq.

Bu barədə məlumatı RIA Novosti agentliyi yayıb.

Vladimir Putin özünün peyvənd olunmaq niyyəti barədə açıqlamanı vaksinasiya məsələlərinə həsr edilmiş müşavirədə verib.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, prezidentə Rusiya istehsalı olan üç vaksindən biri vurulacaq.

Rusiyada hələlik Qamaley adına mərkəzin hazırladığı Sputnik V, Novosibirskdəki Vektor elmi mərkəzinin məhsulu olan EpiVakKorona və Çumakov adına mərkəzin KoviVak vaksinləri dövlət qeydiyyatından keçib.

“Avropanın Rusiya vaksininə ehtiyacı yoxdur...”

Sputnik V vaksininin yaradıcıları onun qeydiyyatı üçün artıq Avropa İttifaqına müraciət ediblər.

Hazırda bu vaksinin qeydiyyatı məsələsinə Avropa dərman preparatları agentliyi baxır.

Əgər vaksin bu agentliyin təsdiqini alarsa, onda Avropa ölkələri Sputnik V vaksinindən öz əhalilərinin peyvəndlənməsi üçün istifadə edə biləcəklər.

Burası da var ki, Avropa İttifaqının daxili bazar məsələləri üzrə komissarı Tyerri Breton deyib ki, ittifaqın Rusiya vaksininə ehtiyacı yoxdur.

Bretonun sözlərinə görə, tam vaksinləmə üçün Avropaya artıq indiyədək təsdiq edilmiş 4 vaksin yetərlidir.

Buna baxmayaraq Breton deyib ki, əgər ehtiyac olarsa, Avropa İttifaqı Sputnik V vaksinin istehsalında Rusiyaya kömək edə bilər.

Onun sözlərinə görə, bu vaksinin istehsalı ilə bağlı Rusiyada problemlər var və rusiyalılar üçün peyvənd olunmaq çətinlikləri yaşanır.

Putin Avropanı “vaksin tərəfkeşliyində” günahlandırıb

Putin bunun cavabında deyib ki, Moskva öz vaksinini heç kəsə sırımaq niyyətində deyil.

O belə bir ehtimalı dilə gətirib ki, Avropa İttifaqının rəhbərləri əczaçılıq şirkətlərinin maraqlarını dəstəkləyirlər.

Putinin müşavirədə verdiyi məlumata görə Rusiyada vaksinin ilk komponenti artıq 6 milyon nəfərə vurulub. Bu, ölkə əhalisinin 4 faizindən bir qədər çoxdurm və Avropa ölkələrinin əksəriyyətinin göstəricisindən azdır.

Prezident qeyd edib ki, Rusiyada kollektiv immunitetin yaranması üçün vaksinin 70 milyon tam doza komplekti vurulmalıdır.

O deyib ki, Rusiyada bu qədər vaksinin istehsalı üçün imkan var.

Rusiya Sənaye Ticarəti Nazirliyinin məlumatına görə ilin ilk üç ayı ərzində Rusiyada 80 milyon doza Sputnik V vaksini istehsal olunub.

Rəsmi rəqəmlərə görə Rusiyada pandemiyanın əvvəlindən 4,5 milyon nəfər koronavirusa yoluxub.

Bunlardan 95 min nəfəri vəfat edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG