Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 14:59

Serj Sarkisyan ‘Qarabağ heç vaxt Azərbaycanın olmayacaq’ deyir


Serj Sarkisyan 18 mart dinləməsindən sonra tərəfdarları ilə

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan bəyan edib ki, o heç vaxt “siyasət səngərini” tərk etməyəcək.

O bəyan edib ki, “təslimçilər çıxıb getməlidirlər və xalq dövlətyönlü hökumət seçməlidir”.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, Sarkisyan bu bəyanatı martın 18-də Yerevanda onun barəsində açılmış cinayət işinə baxan dinləmədən sonra məhkəmə binasının qarşısına toplaşmış tərəfdarlarına verib:

“İstər Ermənistanın daxilində, istərsə də onun xaricində Artsaxın (Dağlıq Qarabağ – red) status məsələsinin artıq həll olunduğunu düşünənlərin hamısı başa düşməlidir ki, Artsax və yaxud ondan nə qalıbsa, heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Təəssüf ki, faciənin qarşısını aımaq mümkün deyildi. Amma mən bu faciədən sonrakı dirçəlişin yolunu görürəm. Təslimçilər çıxıb getməli və xalq dövlətyönlü hökumət seçməlidir...”

Sarkisyanın “siyasət səngəri”

Sarkisyan deyib ki, hakimiyyət Artsaxın (Dağlıq Qarabağ - red) azadlığı və müstəqilliyi uğrunda mübarizənin əsasını qoyanların gözdən salınmasını məqsəd qoyub.

Onun sözlərinə görə indiki hakimiyyət bununla da Qarabağ məsələsini “dəfn etməyə” çalışıb:

“İki il əvvəl saxta cinayət işi qaldırılıb. Bu iş üzrə mənə qarşı absurd ittiham irəli sürülüb. Ötən il, mən elə bu yerdə dayanaraq demişdim ki, Artsax (Dağlıq Qarabağ - red) heç vaxt Azərbaycanın tərkibində olmayacaq. O vaxt çoxları bu sözlərin mənasını anlamamışdılar, buna kinayə ilə yanaşmışdılar...Mən bununla hazırkı cinayət işinin hansı real məqsədlər güddüyünü anlatmağa çalışmışdım...”

Keçmiş prezident deyib ki, onun sıralarını tərk edənlər olsa da, o hələ də rəqabətə qabil komandaya malikdir və onlar “güclü milli dövlət” naminə mübarizə aparacaqlar:

“Mən siyasət səngərini heç vaxt tərk etməyəcəyəm və ümumiyyətlə səngər tərk edənlərdən deyiləm. Mən öz həyat yolumla bunu sübüt etmişəm. Mən Ermənistan xalqının, erməni xalqının naminə çox asanca vəzifəmi kiməsə verərəm, amma erməni dövlətçiliyini qoruyan səngəri heç vaxt tərk etmərəm”.

Sarkisyan vurğulayıb ki, keçmiş hakim Respublika Partiyası mübarizəni davam etdirəcək.

TASS xəbər agentliyinin yazdığına görə Sarkisyan bildirib ki, onun partiyası növbədənkənar parlament seçkisində iştirak barədə qərarını hələ qəbul etməyib.

Sarkisyan dövlət vəsaitlərinin xüsusilə külli məbləğdə oğurlanmasında ittiham edilir.

Serj Sarkisyanın da fiqurant olduğu cinayət işi 2019-cu ilin sonlarında qaldırılıb.

Həmin vaxt Sarkisyanın barəsində ölkədən çıxmayacağına dair yazılı iltizam verməsi tədbiri tətbiq edilib.

Barışmazların bloku

Serj Sarkisyanın Respublika Partiyası müxalifətin “Vətənin xilası” hərəkatı blokuna daxildir.

Bu blok nəyin bahasına olursa-olsun Paşinyanın hakimiyyətdə olduğu bir vaxtda erkən seçkinin keçirilməsinin qarşısını almaq istəyir.

Birinci Qarabağ Müharibəsi zamanı Ermənistanın müdafiə naziri olmuş Vazgen Manukyanın liderlik etdiyi “Vətənin xilası” bloku baş nazir və onu dəstəkləyən heç bir partiya ilə danışıqlara getməyəcəyini bildirib.

Manukyan bəyan edib ki, seçki yalnız Paşinyanın istefasından sonra keçirilə bilər.

Son rəy sorğuları baş nazir Nikol Paşinyana qarşı çıxan qüvvələrin 2-3 faiz ictimai dəstəyə malik olduğunu göstərir.

Ermənistan qanunlarına görə növbədənkənar parlament seçkisi yalnız mövcud Milli Məclis buraxıldıqdan sonra keçirilə bilər.

Bunun üçün baş nazirin istefa verməsi və parlamentin iki həftə ərzində yeni baş nazir seçə bilməməsi şərtdir.

Hazırda Ermənistanda yaranmış vəziyyətə görə bütün parlament partiyaları Paşinyanın istefa verdiyi təqdirdə öz namizədlərini irəli sürməyəcəklərinə dair razılığa gəlməlidir.

Hələlik belə bir vədi yalnız iki müxalifət partiyasından biri – “Maariflənmiş Ermənistan” partiyası verib.

Martın 18-də Ermənistanda növbədənkənar seçkinin iyunun 20-də keçiriləcəyi bəyan edilib.

Şərhlər

XS
SM
MD
LG