Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:03

'Azərbaycanla Rusiya sülhməramlıları arasında ziddiyyətlər yaranıb'


Dağlıq Qarabağda Rusiya sülhməramlısı
Dağlıq Qarabağda Rusiya sülhməramlısı

Son zamanlar Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanların minalara düşməsi ilə bağlı məlumatlara tez-tez rast gəlinir. Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, ötən il noyabrın 10-dan minaya düşmə səbəbindən 15-dən çox şəxs həlak olub, 70 -dən çoxu isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Onların çoxunun mülki şəxslər olduğu bildirilir.

Rəsmilər, bir qayda olaraq, ölkəyə gələn xarici qonaqlara deyirlər ki, beynəlxalq təşkilatlar işğaldan azad olunan ərazilərdə basdırılan minaların xəritələrinin verilməsindən ötrü Ermənistana təzyiq etməlidirlər. Xarici işlər naziri Ceyhun Bayramov da martın 17-də Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla birgə mətbuat konfransında bu məsələyə toxundu.

"Ermənistan minalanmış ərazilərin dəqiq xəritələrini..."

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev isə özünün Twitter səhifəsində yazıb ki, Ermənistan minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməkdən imtina edir: "Ermənistanın məsuliyyətsiz davranışı ciddi qınağa səbəb olmalıdır".

Azərbaycan bu dəfə Xankəndinə girə bilər? Amerikalı diplomat danışır
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Belə olan halda beynəlxalq təşkilatlar Ermənistana nə kimi təzyiqlər edə bilər? Bəs üçtərəfli bəyanatın müəlliflərindən biri və Qarabağda sülhməramlı missiyasını həyata keçirən Rusiyanın bu məsələdə rolu nədən ibrətdir?

Məsələyə, hələlik, Rusiya rəsmilərindən münasibət almaq mümkün olmayıb. Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov isə "Turan" agentliyinə bildirib ki, beynəlxalq təşkilatlar uzun illər ərzində Azərbaycan torpaqlarını işğal edən Ermənistana heç bir təzyiq göstərməyib: "Beynəlxalq təşkilatlardan birinin - ATƏT-in Minsk qrupunun uzun illərdir həmsədri olan üç dövlətin - onlardan biri də Rusiyadır, hansı ki, bu gün öz üzərinə sülhməramlılıq missiyasını götürüb, - 1992-93-cü ildən ötən ilki 44 günlük müharibəyə qədər Ermənistana münasibətlərinə nəzər salaq. Düzdür, bunlar həmişə müəyyən məsələlərdə guya Ermənistana xəbərdarlıq ediblər, guya ona təsir göstərmək üçün "BMT-nin məlum dörd qətnaməsini icra etməlisən" deyiblər. Ancaq onlar bunu sözlə və səmimi yox, riyakarlıqla ediblər".

E.Məmmədov
E.Məmmədov

"Sanksiya tətbiq etdilərmi?"

Deputatın fikrincə, beynəlxalq təşkilatlar və dövlətlər Ermənistanın BMT-nin qətnamələrini (1993-də Azərbaycan ərazilərinin işğalı ilə bağlı qəbul edilən dörd qətnaməni nəzərdə tutur) icra etməsi üçün heç bir real tədbir görməyiblər: "Həmin beynəlxalq təşkilatlar, həmsədr dövlətlər Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsi və torpaqlarımızdan çıxması üçün sanksiya tətbiq etdilərmi? Etmədilər".

"Əgər Rusiya bu vasitəçilik, sülhməramlılıq missiyasını boynuna götürübsə..."

Komitə üzvü vurğulayıb ki, bu gün də həmin qeyri-səmimilik qüvvədədir: "Rusiya ilə bizim çox yüksək səviyyədə dostluq, əməkdaşlıq, tərəfdaşlıq münasibətlərimiz var. Ancaq Rusiya, həmişə olduğu kimi, ermənilərin nazı ilə oynamaqla məşğuldur. Əgər Rusiya bu vasitəçilik, sülhməramlılıq missiyasını boynuna götürübsə və üçtərəfli razılaşmada rəsmi təmsil olunursa, Ermənistanı minalanmış ərazilərin xəritəsini Azərbaycana verməyə məcbur edə bilmir? Edə bilər".

Rusiya Azərbaycan vasitəsi ilə Ermənistana təbii qaz gönədərəcək.
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

E.Məmmədov hesab edir ki, Ermənistana təzyiq göstərmək üçün real addımlar atmaq lazımdır: "Bu bir neçə ay ərzində Rusiya dövləti ermənilərə nə qədər humanitar yardım daşıyıb. Laçın dəhlizindən terrorçu qrupların sərbəst gedib-gəlməsini təmin edən kimdir bu gün? Həmin o Rusiya sülhməramlılarıdır. Demək, Rusiya Ermənistana nə istəsə etdirə bilər. Sadəcə, deyir ki, biz deyirik, onlar etmir".

Deputat sonra da deyib ki, Laçın dəhlizi bağlansa, Araik Arutyunyan (Tanınmayan Dağlıq Qarabağ Respublikasinin rəhbəri. Azərbaycan onun haqqında cinayət işi açaraq beynəlxalq axtarışa verib) həbs edilsə, Ermənistan həmin xəritələri verər.

E.Məmmədovun sözlərinə görə, Ermənistan tərəfinin xəritələri verəcəyinə ümid etmək olmaz: "Versələr də, bəlkə bir saxta xəritə düzəldib verəcəklər. Buna etibar etmək olmaz".

Ə.Oruclu
Ə.Oruclu

"Rusiya buna çox asanlıqla nail ola bilərdi"

Politoloq Ərəstun Oruclunun fikrincə isə, Azərbaycanla Rusiya sülhməramlıları arasında ziddiyyətlər yaranıb. O, prezident İlham Əliyevin fevralın 26-da mətbuat konfransında Rusiya sülhməramlılarının Dağlıq Qarabağa xarici vətəndaşları buraxması barədə səsləndirdiyi fikri və xarici işlər naziri Ceyhun Bayramovun beynəlxalq təşkilatlara silahlıların Ermənistandan Qarabağa buraxılması haqqında məktublarını xatırladır.

O, AzadlıqRadiosuna bildirib ki, Rusiya faktiki olaraq Ermənistana minalanmış ərazilərin xəritələrinin verilməsi yönümdə heç bir təsir göstərmir: "Əks halda, Rusiya buna çox asanlıqla nail ola bilərdi".

"Azərbaycan Rusiyaya məsələ ilə bağlı müraciət edib"

Ekspert hesab edir ki, Azərbaycan Rusiya tərəfinə məsələ ilə bağlı müraciət edib: "Amma oradan cavabın gəlməməsi heç də yaxşı niyyətdən xəbər vermir".

Ağdam köçkününün şərti: 'Öz evimi verin, 10 metr o yanda qəsəbə tikilsə, qayıtmayacam'
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00

A.Oruclu qeyd edib ki, Azərbaycan ötən il noyabrın 10-da bu münaqişənin dayandırılmasına razılıq verəndə heç bir beynəlxalq təşkilatı nəinki nəzərə almayıb, üstəlik, onlara məlumat belə verməyib. Politoloqun fikrincə, Azərbaycana beynəlxalq təşkilatlardan iki cür cavab ola bilər: "Biri – "siz Rusiya ilə anlaşmısınız və bizi bəyanatla bağlı məlumatlandırmamısız, mandatımız olmadan sülhməramlıları buraxmısız ölkəyə, indi problemləri də onlarla həll edin" ola bilər. Amma məncə, belə yanaşma olmayacaq, çünki Qərb dövlətləri Rusiyanın regiona təsirini azaltmağa çalışacaqlar. Ona görə BMT və ATƏT bu işə qoşula bilər. Amma bunun nə dərəcədə effektiv olacağını demək çox çətindir".

Xatırlatma

ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin tənzimlənməsində vasitəçi olub. ABŞ, Rusiya və Fransa qurumda həmsədrdir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma ötən il 44 günlük müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG