Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Putin Baydeni canlı efirə çağırır


Co Bayden
Co Bayden

Baydenin müsahibəsindən bir neçə saat sonra Rusiya ABŞ-dakı səfirini məsləhətləşmələr üçün Moskvaya çağırıb

Vladimir Putin martin 18-də deyib ki, o və ABŞ prezidenti Co Bayden qarşıdan gələn günlərdə canlı yayımlanan danışıqlar keçirməlidirlər.

Bundan əvvəl, martin 17-də yayımlanmış müsahibəsində Bayden “Putini qatil hesab edirmi” sualına “bəli” cavabını vermişdi.

Reuters yazır ki, bu hadisəyə görə ki ölkə arasındakı münasibətlər Soyuq müharibənin sonundan bəri ən aşağı həddə düşüb.

Putin deyib ki, o son dəfə Baydenlə onun təşəbbüsü ilə danışıb, indi isə onu cümə və ya bazar ertəsi videobağlantı ilə canlı yayımlanacaq telefon söhbətinə dəvət edir:

“Mən prezident Baydenə müzakirəmizi təxirə salmadan, açıq və birbaşa davam etdirməyi təklif edirəm, bir şərtlə ki, bu söhbət internetlə canlı yayımlansın”.

***

Rusiya Prezidenti Vladimir Putin martın 18-də videokonfrans vasitəsilə Krımdan olan bir qrup şəxslə görüş keçirib. O, ABŞ Prezidenti Co Baydenin onu qatil adlandırmasına cavab verib.

“Ona cavabım belədir – ona deyərdim: ‘sağlam olun’. Ona can sağlığı arzu edirəm. Bunu ironiya, yaxud zarafatla demirəm”, – deyən Putin əlavə edib ki, hər bir xalqın, ölkənin tarixində çətin, dramatik və qanlı hadisələr olur.

“Digər xalqları, yaxud ölkələri mühakimə edəndə sanki güzgüyə baxır, orada özümüzü görürük... Biz həmişə başqasında öz xüsusiyyətlərimizi görürük və düşünürük ki, o da bizim kimidir. Elə bundan çıxış edərək onu dəyərləndiririk”, – Putin deyib.

***

ABŞ Prezidenti Co Baydenin rusiyalı həmkarı Vladimir Putini qatil hesab etməsiylə bağlı dediklərinə Kreml sərt reaksiya verib, bu sözləri “çox pis”, presedentsiz adlandırıb.

Kremlin sözçüsü Dmitri Peskov martın 18-də jurnalistlərə deyib ki, Bayden açıq-aşkar Rusiyayla əlaqə qurmaq istəmir və indi Moskva bu yanaşmanı nəzərə almalı olacaq.

“Bundan çıxış edəcəyik”

Moskvayla Vaşintonun onsuz da gərgin münasibətləri Baydenin “ABC News”a müsahibəsindən sonra daha da pisləşib. Jurnalistin Rusiya prezidentini qatil hesab edirmi sualına Bayden “bəli” cavabını verib. O, Putini qəlbsiz adlandıraraq deyib ki, Rusiya noyabrda Birləşmiş Ştatlarda prezident seçkisinə iddia olunan müdaxiləyə görə “bədəl ödəyəcək”.

“Birləşmiş Ştatlar prezidentinin bu bəyanatları çox pisdir. Aydındır ki, o, ölkəmizlə münasibəti yoluna qoymaq istəmir və biz bundan çıxış edəcəyik”, – Peskov jurnalistlərə deyib.

Baydenin müsahibəsindən bir neçə saat sonra Rusiya ABŞ-dakı səfirini məsləhətləşmələr üçün Moskvaya çağırıb.

Deputat üzrxahlıq tələb edir

Rusiyanın aparıcı deputatı isə deyir ki, Bayden dediklərinə görə üzr istəməlidir.

“Bu, həlledici məqamdır. Bu kobud bəyanat ABŞ-ın yeni administrasiyasının Rusiyaya qarşı yeni siyasət yürüdəcəyi ilə bağlı gözləntilərin hədər olduğunu göstərir”, – Rusiya parlamentinin yuxarı palatasının sədr müavini Konstantin Kosaçyov martın 18-də Facebook-da yazıb.

“Rusiyanın səfirini Vaşinqtondan Moskvaya məsləhətləşmələr üçün çağırmaq çevik və adekvat, indiki durumda düzgün reaksiyadır. Amerika tərəfi izahat və üzrxahlıq etməsə, məncə, axırıncı addım olmayacaq”, – o vurğulayıb.

Baydenin müsahibəsindən öncə ABŞ Milli Kəşfiyyat Direktorunun ofisi hesabat yayaraq bildirib ki, Putinin göstərişilə Rusiyanın bir sıra hökumət qurumları Baydenin namizədliyinin gözdən salınması, keçmiş prezident Donald Trampın dəstəklənməsi üçün nüfuzetmə əməliyyatları həyata keçiriblər.

Kreml hesabatda deyilənləri rədd edib, “tamamilə əsassız” adlandırıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG