Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:15

'Bakılift'in rəisi 1.8 milyonluq işdə bəraətlə həbsdən buraxıldı


Lift

Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan "Bakı Lift Təmir-2" İstehsalat Birliyinin sabiq rəisi Ruslan Dilanov təxminən ilyarım həbsdə saxlandıqdan sonra azadlığa buraxılıb. 1 milyon 835 min manatlıq mənimsəmə və israfçılıqda ittiham olunan Dilanov bəraət alıb. Martın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ramella Allahverdiyevanın sədrlik etdiyi hakimlər kollegiyası bu barədə hökm çıxarıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Hakimlər belə nəticəyə gəlib ki, 1 ildən çox davam edən məhkəmə istintaqı dövründə ittihamlar sübuta yetirilməyib.

Cinayət işinin materiallarında iddia olunur ki, 426 min manatlıq material-avadanlıq alınsa da, təyinatı üzrə istifadə olunmayıb. Onlar inşaat materiallarının satışı ilə məşğul olan ticarət obyektlərinə satılıb. Amma sənədlərdə istifadə olunmuş kimi rəsmiləşdirilib. 71 ədəd yeni liftin alınıb quraşdırılması üçün nəzərdə tutulan vəsait mənimsənilib. Bütün bunların 2013-2015-ci illərdə baş verdiyi iddia edilir.

"Fəhlələrə pul ödənilirdi, amma rəsmiləşdirilmirdi"

CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan Dilanov isə özünü təqsirli bilmir.

O, məhkəmədə ifadəsində də deyib ki, cinayət işinin materiallarında yazılanlar yalandır, nahaqdan həbs olunub: "Ayrılan vəsaitlər qəpiyinə qədər xərclənib. Smetadan kənar xərc olmayıb. Bizim idarəyə büdcədən vəsaitlər bank vasitəsilə köçürülürdü. Dövlətdən 985 min manat pul almışam. Bu pulun da 270 min manatını vergiyə ödəmişəm. Necə olur, mənə verilən 985 mini sayırlar, amma o puldan sosial müdafiəyə, müxtəlif növ vergilərə, işçilərin maaşına gedənləri çıxmırlar? Halbuki, bütün bu xərclər 985 min manatdan çıxılıb. Yaxud da fəhlələrə pul ödənilirdi, amma rəsmiləşdirilmirdi. Onları da saymırlar".

Dilanovun vaxtilə rəhbərlik etdiyi "Bakı Lift Təmir-2" İstehsalat Birliyi bu işdə zərərçəkmiş tərəf kimi tanınıb. Bu qurumun nümayəndəsi məhkəmədə dəymiş ziyanın (mənimsənildiyi iddia olunan məbləğ) ödənilməsini tələb edirdi.

Dilanov isə deyirdi ki, mənimsəmədiyi pulu ödəyə bilməz.

XS
SM
MD
LG