Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

İranda dul qadının ədalət axtarışı


"Bəyaz inəyin balladası" filmindən kadr
"Bəyaz inəyin balladası" filmindən kadr

"Bəyaz inəyin balladası" (dünya ekranlarına "Ballad of a White Cow" adı ilə çıxıb) filmində Məryəm Moğaddamın canlandırdığı Mina sevdiyi insanın törətmədiyi cinayətə görə öldürüldüyünü öyrənir. Bunun özü bir insanın daşıya biləcəyindən daha ağır bir ədalətsizlik yüküdür. Ancaq dul qalmış Mina mühafizəkar İran cəmiyyətində həmişəkindən daha gücsüzdür. İşindən qovulub, evindən çıxarılıb, üstəlik, zorba qaynı ilə evlənməyə məcbur edilir. Bütün bunlar lal və kar qızı Bitanın qayğısına qalmasını daha da çətinləşdirir.

Bütün bunlar çox depressiv və amansız səslənir. Ancaq "Variety" saytı yazır ki, Moğaddam və filmin digər rejissoru Behtaş Sanaiha onu qadınların üzərinə nəhəng məhdudiyyətlər yükləyən cəmiyyətdə müqavimət hekayəsi kimi görür. Müəyyən mənada deyə bilərik ki, "Ballada" qəsdən Minanın yolu üzərində maksimum sayda çox maneə qurub. Film sərt alınsa da, tamaşaçıya öyüd verirmiş kimi görünmür.

Filmin, demək olar, hər bir kadrı çərçivələnib. Məqalə müəllifi bu mənada onu Ues Andersonun filmlərinə bənzədir. Filmin rejissorları sanki bilərəkdən sentimentallıq və emosional manipulyasiyadan yan keçiblər. Ancaq onlar formal yanaşmaya üstünlük veriblər: çox dəqiq kompozisiya, yaxından çəkilmiş kadrların çox az olması, musiqinin olmaması bunu deməyə əsas verir.

Əsas günahkar

Cəmiyyətin qaydaları Məryəmdən emosiyalarını içəri çəkməyə, maksimum dərəcədə görünməz olmağı tələb edir. O fabrikdəki işində də süd qutularının arasında gizlənir. Öz gözəlliyini isə maskalayır. Dodağına boya çəkdiyi, yaxud baş örtüyünü çıxardığı nadir səhnələrdə biz onun hərəkətlərindəki qətiyyəti görə bilirik.

"Bəyaz inəyin balladası" filmindən kadr
"Bəyaz inəyin balladası" filmindən kadr

Filmin gedişatında biz anlayırıq ki, həm Mina, həm də əri Babək onun günahkar olduğuna inanırmış. Buna görə də edam hökmünə qarşı çıxmayıblar. Məlum olur ki, hər şey etibarsız şahidlərə görə baş verib. Ancaq, əlbəttə ki, əsas günahkar belə hallara yol verən sistemin özüdür. Bu yük xüsusilə də filmin digər baş qəhrəmanı Rezanın üzərinə düşür. Reza Babəkin məhkəmə işində hakimlərdən biridir. Film bu əlaqəni bizə dərhal göstərmir.

Az sonra Mina ərinin günahsız olmasından xəbər tutur. Ona buna görə yetkin kişi üçün nəzərdə tutulmuş tam məbləği alacağı vəd edilir. Reza ona baş çəkməyə gəlir. Yanlış hökm çıxardığı üçün ondan üzr istəmək əvəzinə özünü Babəkin köhnə dostu kimi göstərir və mövcud olmayan borcu ödəyirmiş kimi böyük məbləğdə çek yazır. Növbəti həftələr ərzində bu iki personaj bir-birinə daha da yaxınlaşır. Əgər bu bir Hollivud filmi olsaydı, Rezanın yalanı onların münasibətini təhlükə altında saxlayardı. Bu filmdə müəyyən mənada elə belə də olur.

Adətlər

Ancaq Reza həqiqəti gizləyən yeganə adam deyil. Minanın kirayə qaldığı evin sahibəsi onun evə yad kişi (Reza) buraxmasına etiraz edir və dul qadını əlil uşaqla birlikdə evdən çıxmağa məcbur edir. Hakim öz evini endirimli qiymətlə Minaya təklif edir və bu zaman ona yaxşılıq etdiyini düşünür. Halbuki, onun evdən çıxarılmasının səbəbkarı özüdür. Əgər Rezanın qeyri-səmimiliyi zəiflik əlamətidirsə, Minanın sakitliyi onun gücüdür. Film boyu bu güc get-gedə artır.

"Bəyaz inəyin balladası" filmindən kadr
"Bəyaz inəyin balladası" filmindən kadr

Moğaddam ilə Sanaiha (o həm də Mehrdad Kuroşniya ilə birlikdə ssenarini yazıb) xarici auditoriyaya yerli adətlərin qadının seçimlərini necə məhdudlaşdırdığını göstərməyin müxtəlif yollarını tapıblar. Əlbəttə, din əsas problemlərdən biridir. Rezanın dostları ona deyirlər ki, onun səhvi Allahın iradəsidir. Ancaq onlar heç vaxt bu səhvi tənqid etmirlər. Elə filmin adı da Qurandakı bir metaforadan götürülüb. "İnək" surəsində Musanın bir insanın ölümü üçün tələb etdiyi qurbandan söz açılır. Bu məqam filmdə kompüter texnologiyası ilə dizayn olunmuş məsum, qurbanlıq ağ inək şəklində təqdim edilir.

Qərb tamaşaçısı Minanın işlərinin necə yekunlaşdığını bilmək istəyir. Ancaq İran adətləri nöqteyi-nəzərindən baxanda film daha sərt suallar qoyur: Göz üçün göz çıxaran bu cəmiyyətdə Minaya itkisinə görə necə bir kompensasiya verilsə ədalətli olardı? Təklif olunan qanpulu çox azdır. Xüsusən də Babəkin atası və qardaşının da o pula şərik olmaq istədiyini nəzərə alsaq.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG