Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:39

Dünyanı gəzdirən kitablar


İstanbul
İstanbul

Dünyanın daim dəyişən və rəngarəngləşən iri şəhərləri dram və intriqalar üçün ideal məkanlardır. Bəzənsə gözəl ədəbi əsərlərdə hadisələr bu şəhərlərdə cərəyan edir.

"Time Out" səyahət portalı səyahətlərin məhdudlaşdırıldığı müasir dövrümüzdə bizi, xəyali də olsa, böyük şəhərlərə apara biləcək kitabların siyahısını dərc edib.

Bu kitabların bəzilərində şəhər sadəcə qəhrəmanların içində yaşadığı məkan deyil, həm də özü ayrıca personajdır. Memuarlarda isə müəllif şəhəri haqqında da özü haqda danışdığı qədər danışır. Bəzən hətta müəllifin məkan, yoxsa insan haqda danışdığını tam anlamaq olmur.

Bu qəribə günlərdə səyahət edə bilmədiyimiz üçün virtual turlara baş çəkir, gözəl şəkillərə baxırıq. Ancaq bütöv bir şəhərə həsr edilmiş kitab oxumaq da çox xoş səyahət növü olardı.

"İstanbul: Hatıralar ve şehir". Orxan Pamuk

Nobel mükafatçısı Orxan Pamukun bu kitabı İstanbula sevgi məktubu kimidir. Kitabda müəllifin uşaqlığı və gəncliyi ilə bağlı melanxoliyasını və onun bu gün şəhərdə müşahidə etdiyi nəhəng dəyişiklikləri görmək olur. Pamukun bu kitabdakı "hüzn" dolu tərzi eyni zamanda həm kədər, həm də ilham bəxş edir.

Nyu-York. "Rules of Civility". Amor Toulz

Romanda hadisələr 1938-ci ildə Manhettendə cərəyan edir. Kitab təkcə baş qəhrəman Keyti Kontentin maraqlı maxinasiyaları ilə deyil, həm də şəhərin məşhur yerlərinin təsviri ilə yadda qalır. Oxuduqca özünüzü Nyu-Yorkda, qlamur həyatın içində hiss edirsiniz.

London
London

London. "Great Expectations". Çarlz Dikkens

İlk nəşri 1860-cı ildə çıxan bu kitabda böyük metropolis sizi ağuşuna alıb aparır.

Sinqapur. "Corridor". Alfian Saat

"Corridor" qısa hekayələr toplusudur. Müəllif Alfian Saat Sinqapurda normal gündəlik həyatı qələmə alıb. Bu hekayələrdə biz evdar qadınların, tələbələrin, fəhlələrin, adi insanların həyatı haqda oxuyuruq. Kitabda 12 fərqli hekayə olsa da, qəhrəmanların gündəlik qayğıları oxşardır. İnkişaf və uğura köklənmiş ölkədə ümid və xoşbəxtliyin arxa plana keçdiyini anlayırıq. Kitab qeyri-sentimental, bəzi yerləri isə qaranlıq və reallığa çox yaxındır.

Melburn. "The Slap". Kristos Tsiolkas

Bir kişi başqa bir insanın uşağına sillə vurur və Melburnda müxtəlif zümrələrin insanları arasında mübahisə düşür. Şəhər ətrafında yaşayan, orta sinfə mənsub olan yunan əsilli ailələr, mühacirlərin yeni varlanmış uşaqları, özlərinə karyera qurmaqda olan yaradıcı insanlar… Fərqli nəsillərə və siniflərə aid, fərqli siyasi baxışlara və təcrübəyə malik insanların mübahisəsi ətrafında qurulmuş hekayə Melburn ətraflarını çox gözəl xarakterizə edir.

Barselona
Barselona

Barselona. "El Día del Watusi". Fransisko Kasavella

Fransisko Kasavella Barselonanın tarixinin 20 əhəmiyyətli ilini (1971 - 1995) bu trilogiyanın içinə yerləşdirib. Kitab şəhərin cinayətkarlıq səviyyəsinin yüksək olduğu təhlükəli yerdən turistlərin sevimli məkanına çerilməsini çox gözəl təsvir edir. Bu transformasiya, əsasən, 1992-ci ildə keçirilmiş Olimpiya Oyunları sayəsində mümkün olub. Əsərin baş mənfi qəhrəmanı Fernando Atyensanın macəraları səfalət və mifin, dostluq və xəyanətin, xırda cibgirlərlə böyük korrupsiyanın birlikdə mövcud olduğu Barselonada cərəyan edir. Əgər Barselonanı yalnız son 25 ildə görmüsünüzsə, Kasavellanın Barselonası sizə tamamilə yad bir dünya kimi görünə bilər. Ancaq 70-ci və 80-ci illərin Barselonasını görmüş insanlar onu dərhal tanıyacaqlar.

San-Fransisko. "Tales of the City". Armisted Mopin

İlk dəfə hələ 1970-ci illərdə "San Francisco Chronicle" qəzetində silsilə şəklində çıxan "Tales of the City" əsl San-Fransisko əhvalatıdır. Ohayolu gənc qadın San-Fransiskonu ziyarət edir və ömürlük burada qalmağı qərara alır. Əsərin qəhrəmanları San-Fransiskonun həm dünənini, həm də bu gününü çox xatırladır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG