Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) martın 11-də ötən il dünyada işlə bağlı insidentlərdə öldürülmüş qələm əhlinin siyahısını paylaşıb. 2020-ci ildə 16 ölkədə hədəfli hücumlar, bomba hücumlarında 65 jurnalist öldürülüb.
2019-cu ildə öldürülən media işçilərinin sayı isə 49 idi. Ümumilikdə 1990-cı ildən bəri dünyada zorakılıq nəticəsində 2680 jurnalist və media işçisi dünyasını dəyişib. BJF mediada təhlükəsizlik böhranıyla bağlı illik hesabatlarını həmin ildən dərc edir.
Jurnalistikada təhlükəsizlik böhranının əsas səbəbləri isə cinayətkar qruplar, ekstremistlər, təriqət zorakılığı və sairədir.
Son beş ildə dördüncü dəfədir siyahının başında Meksika yer alır, bu ölkədə 14 jurnalist qətlə yetirilib.
Əfqanıstanda 10, Pakistanda 9, Hindistanda 8, Filippin və Suriyanın hərəsində 4, Nigeriya və Yəmənin hərəsində isə 3 jurnalist qətlə yetirilib.