Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:45

Macarıstandan Azərbaycana nazir gəlib


P.Siyarto və C.Bayramov

Bu gün, martın 10-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında görüş keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, nazirlər arasında təkbətək başlanılan görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.

Məlumata görə, nazir C.Bayramov həmkarına bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi və yaranmış yeni əməkdaşlıq imkanları barəsində ətraflı məlumat verib.

Açıqlamaya görə, hazırda bölgənin münaqişə sonrası bərpa, quruculuq mərhələsinə qədəm qoyduğunu söyləyən C.Bayramov bu prosesdə dost və tərəfdaş ölkələrin iştirak edə biləcəyini vurğulayıb: "Bu xüsusda Macarıstan tərəfinin münaqişənin təsirinə məruz qalan ərazilərin bərpası və quruculuğu prosesində iştiraka marağı, o cümlədən EXIM Bankının bununla əlaqədar öz şirkətlərinə 100 milyon ABŞ dolları dəyərində kredit ayırması qərarı məmnunluqla qeyd olunub".

P.Siyartonu bu gün, martın 10-da prezident İlham Əliyev də videoformatda qəbul edib.

Martın 10-da Bakıda Azərbaycan-Macarıstan biznes forumu da keçirilib. Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin artdığı bildirilir.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur. Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG