Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

1.9 trilyon dollarlıq COVID yardım paketi Konqresdən keçdi


İqtisadi yardım paketinin Konqresdən keçməsi prezident Co Bayden üçün qələbə sayılır

ABŞ Nümayəndələr Palatası martın 10-da 1.9 trilyon dollarlıq COVID yardım qanununa səs verib.

İqtisadi yardım paketinin Konqresdən keçməsi prezident Co Bayden üçün qələbə sayılır.

Bayden demişdi ki, bu yardım paketinə pandemiyadan ziyan çəkmiş milyonlarla amerikalının və ABŞ biznesinin kəskin ehtiyacı var.

Ağ Ev bildirib ki, prezident yardım paketi qanununa martın 12-də imza atacaq.

Millət vəkilləri sözü gedən qanuna partiya mənsubiyyəti prinsipi ilə səs veriblər.

Qanun 220 leyhinə və 211 əleyhinə nisbəti ilə qəbul olunub.

Konqresin hər iki palatasındakı respublikaçılar yekdilliklə sənədin əleyhinə səs veriblər.

Onlar bildirirlər ki, bu qanuna pandemiya ilə əlaqəsi olmayan müddəalar da daxil edilib.

Bayden özünün seçki kampaniyasında pandemiyanın sona çatması üçün təcili addımlar atacağını vəd etmişdi.

Paketə vaksinləmənin davam etdirilməsinin maliyyələşdirilməsi və hər bir amerikalıya 1400 dollarlıq ödəniş daxildir.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, ABŞ Nümayəndələr Palatası ən geci martın 10-da Prezident Co Baydenin dəstəklədiyi 1.9 trilyon dollarlıq koronavirusdan yardım layihəsinin Senat versiyasına baxacaq.

Spiker Nensi Pelosi martın 8-də deyib ki, Palatada səsvermənin vaxtı “bizim sənədi Senatdan nə zaman alacağımızdan asılıdır”.

O əlavə edib ki, palata ən geci martın 10-da səhər məsələyə baxmağa başlayacaq.

628 səhifəlik yardım paketi ABŞ-da 1960-cı illərdən bəri ən böyük iqtisadi addımlardan sayılır.

Bayden prezidentliyinin ilk günlərindən bildirib ki, hökumət onun 1.9 trilyon dollarlıq yardım planından istifadə edərək nəinki pandemiyanı və işsizlik böhranını dayandıra, həmçinin yoxsulluq, bərabərsizlik və digər məsələlərlə də məşğul ola bilər.

Martın 12-də müavinətlərin vaxtı bitir

“Mən seçiləndə dedim ki, biz hökuməti Twitter-də döyüşməkdən Amerika xalqının rifahı üçün çalışmağa qaytaracağıq”, – Bayden vurğulayıb.

Demokratlar qanunvericiliyin martın 12-dək qüvvəyə minməsinə çalışırlar. Həmin tarixdən işsizlik müavinətlərinin vaxtı bitir.

Senat öz versiyasını qəbul edib, Nümayəndələr Palatasında əlavə olunmuş bəzi maddələri ləğv edib, yaxud azaldıb. Palata saatbaşı federal əməkhaqqını 15 dollara qaldırmış, işsizlik üçün yardımın müddətini avqustun 29-dək uzatmışdı.

İndi Senatda qəbul olunmuş layihəni Palata yenidən səsverməyə çıxarmalı, sonra sənəd Baydenin imzalanması üçün təqdim olunmalıdır.

Demokratlar Palatada cüzi çoxluğa malikdirlər, belə ki layihəyə qarşı səslərin sayı çox olarsa, onu keçirə bilməyəcəklər.

Birləşmiş Ştatlarda koronavirusa 29 milyondan çox yoluxma və 525 mindən çox ölüm aşkarlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG