Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:29

Ultra milyarderlərin yarımçıq təhsili


Bill Qeyts
Bill Qeyts

Dünyanın ən zəngin iş adamlarından bəzilərinin universiteti atıb ali təhsillərini yarımçıq qoyduğu hamıya məlumdur.

Stiv Cobs, Bill Qeyts Mark Zukerberq diplomlarını almadan universiteti tərk ediblər. Piter Til isə hətta universiteti tərk edərək müstəqil iş həyatına başlamaq istəyən istedadlı tələbələri həvəsləndirmək üçün adambaşına 100 min dollarlıq stipendiya ayırıb.

Universitet təhsilinə sərf olunan illərlə insanın iş imkanları və sərvətinin artmasının düz mütənasibliyi dəfələrlə sübut olunub. Ancaq 10 uğurlu və tanınmış işadamı istisnaların mümkün olduğunu bütün dünyaya nümayiş etdirə bilib.

Maykl Dell 19 yaşında hələ birinci kurs tələbəsi ikən Ostindəki Texas Universitetində təhsilini yarımçıq qoyub. Əvəzində "Dell Technologies" şirkətini təsis edib. Qeyd edək ki, şirkətin hazırkı dəyəri 20.9 milyard dollardır.

Harvardda iki il

"Apple" şirkətinin təsisçisi Stiv Cobs 19 yaşı olanda ailəsinə maddi yük düşməməsi üçün Rid Kollecində təhsilini yarımçıq qoyub. Ancaq Cobs kollecdə çox az oxusa da, orada keçirdiyi vaxtın onun üçün çox dəyərli olduğunu deyib. 2005-ci ildə Stenford Universitetinin buraxılış mərasimində söylədiyi nitqdə Rid Kollecində aldığı kalliqrafiya dərsinin ilk "Macintosh" kompüterinin şriftləri üçün ilham mənbəyi olduğunu deyib.

"WikiLeaks"in təsisçisi Culian Assanj qalmaqallı haker olmazdan əvvəl Avstraliyanın Melburn Universitetinin riyaziyyat fakültəsində oxuyub. 19 yaşında tələbələrin çalışma kimi Avstraliya ordusu üçün kompüter layihələri üzərində işləməsinə etiraz olaraq universiteti tərk edib.

Bill Qeyts iki il Harvardda oxuyandan sonra öz şirkətini qurmaq üçün təhsilini yarımçıq qoyub. Onun təsis etdiyi şirkət sonradan "Microsoft"a çevrilib. Universitetin gündəlik tələbə qəzeti "Harvard Crimson" Qeytsi Harvard təhsilini yarımçıq qoyanların ən uğurlusu adlandırıb. Bu gün Qeyts planetin üçüncü ən zəngin adamıdır.

Üç semestr təhsil...

Evan Uilyams Nebraska ştatında valideynlərinin fermasında böyüyüb. O, Linkolndakı Nebraska Universitetində oxuyub. Ancaq cəmi üç semestrdən sonra təhsilini yarıda qoyub. Uilyams əvvəlcə "Hewlett-Packard" və "Intel" şirkətlərində frilans proqramçı işləyib. Daha sonra "Google"da çalışıb. Sonradan "Google"dakı işini tərk edərək "Twitter"i yaradıb və milyarder olub.

Mark Zukerberq Harvard Universitetindəki təhsilini yarımçıq qoyaraq "Facebook"u təsis edib və dünyanın beşinci ən zəngin adamına çevrilib. "The Facebook Effect" kitabında onun kolleci yarımçıq qoymaq qərarını verməyə cəmi beş dəqiqə vaxt sərf etdiyi deyilir.

Bu gün Larri Ellison sərvətini kompüter proqramları üzərində qurmuş milyarder və "Oracle" şirkətinin təsisçisi kimi tanınır. Ancaq uşaqlıqda onu övladlığa götürmüş valideynləri onu həkim olmağa həvəsləndirirmişlər.

Ellison Urbana Şampeyndəki İllinoys Universitetində və Çikaqo Universitetində təhsil alıb. Ancaq tibb təhsili ona çətin gəldiyindən təhsilini yarımçıq qoyub. Hazırda onun varidatı 90 milyard dollardan artıqdır.

"WhatsApp"dan "Uber"əcən

Ukraynanın Kiyev şəhərində doğulmuş, 1992-ci ildə 16 yaşında anası və nənəsi ilə birlikdə Kaliforniyaya köçmüş Yan Kum bakalavr təhsili alıb. Ancaq təhsilini bitirib diplomunu almaq ərəfəsində universiteti tərk edib. Əvəzində "Yahoo"da işləməyə başlayıb, daha sonra isə "WhatsApp" mobil əlavəsini ixtira edib.

"Uber"in təsisçisi və baş icraçı direktoru Trevis Kalanik Los-Ancelesdəki Kaliforniya Universitetində kompüter mühəndisliyi oxuyub. Ancaq təhsilini bitirməyə cəmi bir neçə ay qalmış universiteti tərk etmək qərarına gəlib. O zaman onun məqsədi bu gün artıq fəaliyyət göstərməyən "Scour" axtarış sistemində işləmək olub.

Con Makki bir zamanlar Texas Universitetində din və fəlsəfə təhsili alıb. Sonradan təhsilini yarımçıq qoyub və 45 min dollar borc götürərək Ostin şəhərinin mərkəzində "SaferWay" adlı sağlam qida dükanını açıb. Makki öz biznesini böyüdərək hazırda "Whole Foods" kimi tanıdığımız və, əsasən, Şimali Amerika və Britaniyada fəaliyyət göstərən ərzaq dükanları şəbəkəsinə çevirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG