Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 04:19

Amerikalıların çoxu Çinlə sərt rəftarı dəstəkləyir


Türkiyədə uyğurların etirazı
Türkiyədə uyğurların etirazı

Hər 10 amerikalıdan 9-nun fikrincə, Çin insanların şəxsi azadlıqlarına hörmət qoymur

ABŞ Prezidenti Co Bayden Çinlə qəliz münasibətləri miras alıb – ticarət müharibəsi, yüksək rütbəli məmurlara qarşılıqlı sanksiyalar, insan haqları, Honq Konq və Tayvan məsələlərində gərginlik. Üstəlik, Amerika ictimaiyyətinin Çinə münasibətində dərin mənfi hisslər kök salıb.

“Çox soyuq” münasibət

Birləşmiş Ştatlarda hər 10 yetkin yaşlıdan təxminən 9-u (89%) Çini tərəfdaş deyil, rəqib, yaxud düşmən kimi görür. Bunu “Pew” araşdırma mərkəzinin yeni rəy sorğusu üzə çıxarıb. Çoxları qarşılıqlı münasibətlərdə daha sərt yanaşma tərəfdarıdır, Çində insan haqlarının təbliği, iqtisadi baxımdan Çinə sərt yanaşmaq, ABŞ-da təhsil alan çinli tələbələrin sayını məhdudlaşdırmaq tələb olunur.

48 faizsə düşünür ki, Çinin gücünü və nüfuzunu məhdudlaşdırmaq ABŞ-ın xarici siyasətində prioritet olmalıdır. 2018-ci ildə bu göstərici 32 faiz idi.

Bu gün amerikalıların 67 faizinin Çinə münasibəti “soyuq”dir, onlar 100 ballıq şkala ilə bu ölkəyə 50-dən də az bal verirlər. 2018-ci ildə belə düşünənlər cəmi 48 faiz idi. Soyuqluğun dərəcəsi də artıb: Çinə “çox soyuq” yanaşanların sayı 23 faizdən 47 faizə yüksəlib.

Ümumiyyətlə, amerikalıların Çinlə bağlı xüsusi narahatlıqları var, kiberhücumlar, Çinə görə iş yerlərinin itirilməsi, Çinin texnoloji gücünün getdikcə artmasını ikitərəfli münasibətlərdə böyük problem sayanlar son bir ildə çoxalıb.

İnsan haqları, iqtisadiyyat

İndi amerikalıların yarısı deyir ki, Çinin insan haqları siyasəti ABŞ üçün çox ciddi problemdir – bu, ötən ildəkindən 7 faiz artım deməkdir.

Hər 10 amerikalıdan 9-nun fikrincə, Çin insanların şəxsi azadlıqlarına hörmət qoymur.

Hər beş respondentdən biri isə insan haqları məsələsini qaldırıb. 3% özəlliklə Sintzyan regionunda uyğurların durumunu vurğulayıb.

İnsan haqları qrupları bu regionda azı 1 milyon uyğur və digər müsəlman azlıq nümayəndələrinin həbs düşərgələrində saxlandığını bildirirlər. Pekin isə Sintzyanı “daxili məsələ” adlandıraraq pozuntu iddialarını rədd edib. Çinin iddiasına görə, sözügedən düşərgələr könüllü təlim mərkəzləridir, islam ekstremizmi ilə mübarizəyə kömək edir.

Sorğuda iştirak edənlər Çinin güclü iqtisadiyyat, emal sənayesi mərkəzi kimi rolunu qeyd ediblər. Amerikalıların çoxu Çinlə iqtisadi münasibətlərin gərginliyini vurğulayırlar. 64% iki supergücün iqtisadi münasibətlərini müəyyən dərəcədə, yaxud çox pis adlandırıblar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG