Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:28

Fələstin torpaqlarında iddia olunan cinayətlər araşdırılacaq


Qüds, 28 fevral, 2021-ci il
Qüds, 28 fevral, 2021-ci il

Blinken bəyanatında deyib ki, BCM-in bu məsələ üzərində yurisdiksiyası yoxdur, çünki İsrail məhkəmənin üzvü deyil və onun yurisdiksiyasına razılıq verməyib

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Fələstin torpaqlarında iddia olunan cinayətlər üzrə rəsmi təhqiqat başladıb. Bu addım İsrail və Birləşmiş Ştatların tənqidinə səbəb olub.

Dövlət katibi Entoni Blinken martın 3-də deyib ki, ABŞ məhkəmənin qərarına “qəti qarşı çıxır və bundan çox məyus olub”.

İsrail də təhqiqatı rədd edib, amma fələstinlilər və insan haqları təşkilatları alqışlayıb.

BCM-nin baş prokuroru Fatou Bensudanın martın 3-də deməsinə görə, beşillik ilkin araşdırmadan sonra onun ofisi İsrailin nəzarətində olan Qərb sahili boyunca, eləcə də Qəzzə zolağında və Şərqi Yerusəlimdə (Qüds) 2014-cü ilin iyunundan baş verənləri araşdıracaq.

“Əsas narahatlığımız cinayətlərin həm fələstinli, həm də israilli qurbanları ilə bağlı olmalıdır”, – o, bəyanatında deyib.

Təhqiqat harada aparılacaq

O, təhqiqata yeni baş prokuror Kərim Xanın başçılıq edəcəyini, “müstəqil, qərəzsiz, obyektiv, qorxusuz və iltifatsız aparılacağını” söyləyib.

Təhqiqatın mərkəzində Həmasın nəzarətində olan Qəzzə zolağında, eləcə də Qərb sahildə və Şərqi Yerusəlimdə İsrail yaşayış məskənlərində İsraillə silahlılar arasındakı münaqişə dayanacaq.

Ekspertlərin fikrincə, İsrail şərqi Yerusəlim və Qərb sahildə yaşayış məskənləri salmasına görə mühakimə oluna bilər. Fələstinlilər bu ərazilərdə öz gələcək dövlətlərini görürlər.

İsrail 1967-ci il Yaxın Şərq müharibəsi zamanı Qərb sahil, Qəzzə və Şərqi Yerusəlimi tutub. Beynəlxalq ictimaiyyət yaşayış məskənlərini qanunsuz hesab edir.

Məhkəmə fevralda bu iş üzrə ərazi yurisdiksiyasını müəyyənləşdirəndən sonra belə bir təhqiqat gözlənilən idi.

Fələstinlilərin müstəqil dövləti olmasa da, 2012-ci ildə BMT Baş Məclisində qeyri-üzv müşahidəçi statusu alıblar. Bu da onlara BCM kimi beynəlxalq qurumlara qoşulmaq hüququ verib.

ABŞ və İsrailin mövqeyi

Blinken bəyanatında deyib ki, BCM-in bu məsələ üzərində yurisdiksiyası yoxdur, çünki İsrail məhkəmənin üzvü deyil və onun yurisdiksiyasına razılıq verməyib. Onun sözlərinə görə, ABŞ-ın mövqeyi belədir ki, fələstinlilər BCM-də iştirak üçün suveren dövlət kriteriyasına uyğun deyillər.

İsrail də oxşar hüquqi arqumentlər səsləndirib.

Baş nazir Bencamin Netanyahu videomüraciətində deyib ki, İsrail “hücum altındadır”.

“Haaqadakı qərəzli beynəlxalq məhkəmə mahiyyətcə antisemitik və riyakar qərar verib. Sizə söz verirəm, bu qalmaqallı qərar ləğv olunanacan həqiqət uğrunda savaşacağıq”, – o vurğulayıb.

İsrailin tutduğu Qərb sahilin bəzi yerlərinə nəzarət edən Fələstin Hakimiyyəti qərarı alqışlayıb.

“Çoxdan gözlənən addım Fələstinin sülhün ayrılmaz təməli olan ədalət və hesabatlılığa nail olmağı hədəfləyən cəhdlərinə xidmət edir”, – Fələstinin Xarici İşlər Nazirliyi bildirir.

BCM-in qərarı İsrailə birbaşa təhdid yaratmır, bu iş illərlə çəkə bilər. Ancaq məhkəmə cinayətlərdə şübhəli bilinənlər barədə həbs orderi çıxara bilər. Bu isə iddia olunan cinayətlərdə əli olan İsrail rəsmilərinin BCM-nə üzv ölkəyə səyahəti zamanı problem yaradar.

BCM hərbi cinayətləri, bəşəriyyətə qarşı cinayətləri və soyqırımlarını araşdırmaq üçün yaradılıb. Ölkə bunu edə bilməyəndə, yaxud etmək istəməyəndə bu qurum hərəkətə keçir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG