Keçid linkləri

Təcili xəbərlər
2021, 11 Aprel, bazar, Bakı vaxtı 13:58

İsveçdə balta hücumunda 8 nəfər xəsarət alıb


İllüstrativ foto

İsveçin cənubundakı Vetlanda şəhərində naməlum şəxsin balta ilə hücum etməsi nəticəsində azı 8 nəfər xəsarət alıb.

Polis hücum edənin güllə ilə vurulduğunu və həbs edildiyini xəbər verib.

Associated Press agentliyinin məlumatına görə baş nazir Stefan Lofven deyib ki, polis martın 3-də baş vermiş hadisənin terror aktı ola biləcəyini istisna etmir.

O bildirib ki, prokurorlar polisdən alınmış ilkin məlumatlar əsasında mümkün terrorizm aktı ilə bağlı ittiham üzrə araşdırmaya başlayıblar.

Bu bəyanatdan az sonra polisin keçirdiyi mətbuat konfransında deyilib ki, bilərəkdən adamöldürmə ittihamı ilə cinayət işi açılıb, amma hər hansı mümkün terror motivləri də nəzərə alınacaq.

Regional polisin rəisi Malena Qrann deyib ki, o, hazırda təfərrüatları açıqlaya bilməz.

Polis bildirib ki, 20 yaşlarında olan şəxs adamlara kiçik Vetlanda şəhərində hücum edib.

Onun motivləri barədə heç bir məlumat verilmir.

Şübhəli barədə məlumat azdır

Hücum edənin güllə ilə vurulub xəstəxanaya aparıldığı, lakin vəziyyətinin naməlum olduğu xəbər verilib.

Rəsmilər hələki şübhəli barədə məlumat vermirlər, lakin bəzi mənbələr bu şəxsin polisə əvvəllər də tanış olduğunu bildirirlər.

Yerli polisin rəislərindən Yonas Lindel deyib ki, xəsarət alanların yaraları həyat üçün təhlükəli deyil.

Polis bunu da qeyd edir ki, hazırda bu hücumla bağlı beş cinayət yeri təhqiq edilir.

Baş nazir Lofven hücumu “dəhşətli” hadisə adlandırıb və bildirib ki, bölgədə asayişə nəzarət olunur.

2017-ci ilin aprelində İsveçin paytaxtı Stokholmun izdihamlı küçələrindən birində adamların üstünə yük maşınının sürülməsi nəticəsində 5 nəfər həyatını itirmişdi.

Hücum edən Raxmat Akilov həbs olunmuş və sonradan ömürlük həbsxana cəzasına məhkum edilmişdi.

XS
SM
MD
LG