Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:14

Prezident: 'Bu bizi narahat edir'


Mətbuat konfransı. 26 fevral 2021
Mətbuat konfransı. 26 fevral 2021

"Azərbaycan prezidenti olaraq bildirmək istəyirəm ki, Azərbaycan tərəfindən hər hansı bir aqressiv addım atılmayacaq".

Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün, fevralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Prezident əlavə edib ki, "biz bunu heç vaxt etməmişdik və bu gün buna ehtiyac yoxdur": "Ona görə 10 noyabr bəyanatı prinsip etibarilə icra edilir. Bəzi məsələlər var ki, 10 noyabr bəyanatında öz əksini tapmayıb, amma ondan sonrakı dövrdə razılaşdırılıb. Bu məsələlərin bir qismi icra edilir, bir qismi isə hələ ki, icra edilmir. Bəzi məsələlər var ki, Rusiyanın sülhməramlı qüvvələri bizim ərazimizə əcnəbi vətəndaşların buraxılmamasında o qədər də ciddi addımlar atmırlar. Bu bizi narahat edir. Bu narahatlığı da biz Rusiya tərəfinə çatdırırıq və əminəm ki, vaxt keçdikcə bu məsələlər də tənzimlənəcək".

Rus sülhməramlıları separatçılarla qucaqlaşırsa...
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

"Ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil"

"…Əlbəttə, ərazilərin minalanması əsas çətinlikdir. Ona görə ki, erməni tərəfi minalanmış sahələrin xəritələrini bizə təqdim etməyib".

Bunu da prezident İlham Əliyev bu gün, fevralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan tərəfdən həm hərbi qulluqçular, həm də mülki şəxslər arasında bir neçə hadisə olub: "Bu insanlar yalnız ona görə həlak olub ki, minalanmış sahələrin xəritələri bizə təqdim edilməyib".

Azərbaycan dövlət başçısının deməsinə görə, onlarda mövcud olan resurslarla ərazilərin minalardan tezliklə təmizlənməsi mümkün deyil: "Yəni, əlbəttə, burada erməni tərəfin qeyri-səmimi davranmasını bir daha yəqin edirik. Onlar sözdə bir cür danışır, əməldə isə başqa cür hərəkət edirlər. Biz onların hərbi əsirlərini, həlak olanların cəsədlərini verdik. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə erməni tərəfin nümayəndələri, sülhməramlı missiya və bizim nümayəndələr birlikdə mindən çox həlak olmuş erməni hərbi qulluqçusunun cəsədlərini tapdılar və erməni tərəfə verdilər".

Azərbaycanda minaların təmizlənməsinə BMT niyə qoşula bilmir?
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

Azərbaycan tərəfinin açıqlamasına görə, noyabrın 10-dan bəri minaya düşdüklərindən 15 civarında şəxs həlak olub, 60-dan çoxu yaralanıb.

İlham Əliyevdən Ermənistanda baş verənlərə münasibət

"Ermənistanda baş verən hadisələr Ermənistanın daxili işidir".

Bunu fevralın 26-da mətbuat konfransında prezident İlham Əliyev deyib. Onun sözlərinə görə, Ermənistanda indi tamamilə böhranlı vəziyyət hökm sürür: "Mən onların daxili vəziyyətləri ilə bağlı hər hansı şərh vermək istəməzdim. Prinsip etibarı ilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq. Xüsusilə indiki həssas məqamda…".

"Seçim o qədər də böyük deyil"

Prezidentin habelə vurğulamasına görə, müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq: "Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir".

"Hərbi çevriliş belə olmur". Ermənistanlı ekspertlərin fikirləri
Gözlə

No media source currently available

0:00 0:04:19 0:00

Dövlət başçısı bildirib ki, bəyanatın müddəalarının böyük hissəsi artıq icra olunub: "Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcək. Əks təqdirdə, Ermənistan daha da ağır duruma düşəcək. Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq".

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi və 40-a qədər yüksək çinli zabit baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Bu tələblə Ermənistanda kütləvi aksiyalar başlayıb. Amma dünən, fevralın 25-də N.Paşinyan öz tərəfdarlarını mərkəzi meydana səsləyərək ona yönəlik tələbi qəbul edilməz sayıb.

Ərdoğan və Bayden Qarabağla bağlı necə razılaşacaq
Gözlə

No media source currently available

0:00 0:03:34 0:00

"Biz bütün hərbi əsirləri qaytarmışıq"

"Döyüş əməliyyatları dayandırıldıqdan sonra bizdə olan məlumata görə, noyabrın 20-si tarixləri ətrafında Ermənistanın Gümrü şəhəri ərazisindən 60 nəfərdən çox diversiya qrupu göndərilmişdi. Hansı ki, biz hələ də başa düşə bilmirik ki, Laçın dəhlizi ərazisi vasitəsilə Azərbaycan Ordusunun nəzarəti altında olan əraziyə necə keçiblər? Bildiyiniz kimi, 10 noyabrdan sonra Rusiya Federasiyasının sülhməramlı missiyası məsuliyyət zonası xəritəsini dərc etmişdi, bölüşmüşdü. O xəritə daim saytdadır, yenilənir".

Bunu prezident İ.Əliyev bu gün, fevralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Qarabağda tutulan yeni erməni əsirlər hara aparılıb?
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

"Təbii ki, biz əks-terror əməliyyatı keçirdik və nəticədə bir neçə terrorçu məhv edildi, 60-dan çox terrorçu bizim tərəfimizdən tutuldu. Və onları indi "hərbi əsir" adlandırırlar, biz düşünürük ki, bu, məsələnin təhrifidir. Çünki müharibə bitəndən 20 gün sonra hərbi əsir yarana bilməz. Biz bütün hərbi əsirləri qaytarmışıq. Biz onları bizə qaytarılan əsirlərdən əvvəl hətta qaytarmışdıq. Bu insanlar isə hərbi əsir deyil, bunlar terrorçulardır, diversantlardır", - dövlət başçısı bildirib.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur. Bu məqsədlə Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrup yaradılıb.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG