Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Bakıya qarla 'yağan' qayğılar...


Niyə qar yağan kimi Bakı iflic olur? – "Korrupsiyadan şübhələnmək olar"
Gözlə

No media source currently available

0:00 0:10:04 0:00

Niyə qar yağan kimi Bakı iflic olur? – "Korrupsiyadan şübhələnmək olar"

Fevralın 23-də axşam saatlarından Azərbaycan paytaxtı Bakıya yağmağa başlayan qar fevralın 24-ü, gün ərzində buna davam etdi. Sinoptiklərin verdiyi məlumata görə, paytaxtda qar örtüyünün qalınlığı 20 santimetrə çatıb, hava temperaturu isə gündüz -4, gecə isə -9 dərəcəyə enib, yollar buz bağlayıb.

Qar başlayan ilk saatlardan sosial şəbəkələrdə avtoqəzaların videoları yayılmağa başladı. Sürücülər bildirirdi ki, qəzalar yol sürüşkən olduğuna görə baş verir. Bu ara kommunal xidmətlərdən də şikayətlər səngimir. Bakı və ətrafı qəsəbələrin (xüsusilə Xırdalan şəhərinin) sakinləri qazın, işığın, kəsilməsindən, su xətlərinin donmasından şikayət edirdi.

65 nəfər xəstəxanaya aparılıb

Səhiyyə Nazirliyinin məlumatına görə, fevralın 24-dən 25-i saat 13:00-dək yıxılıb müxtəlif dərəcəli bədən xəsarətləri alanların sayı 71-ə çatıb, onlardan 65-i xəstəxanaya aparılıb, 6-na yerində yardım göstərilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirilib ki, fevralın 25-i səhər saatlarınadək sürücülər yol və meteoroloji şəraiti nəzərə almadıqlarından maddi zərərlə nəticələnən 41 yol-nəqliyyat hadisəsi baş verib.

Paytaxt sakini, basta.com saytının baş redaktoru Mustafa Hacıbəyli AzadlıqRadiosuna bildirib ki, 8-ci mikrorayonda fevralın 24-də günorta saatlarında işıqlar sönüb:

"Hökumətin qışa hazırlığı 20 santimetrlik qara da bəs etmədi"

"Su nasosla gəldiyi üçün avtomatik olaraq o da kəsildi və kombi dayandı. İşıqlar saatyarımdan sonra yansa da, bu müddət ərzində kombi dondu və indiyədək işə düşməyib. Humanitar böhran. Hökumətin qışa hazırlığı 20 santimetrlik qara da bəs etmədi".

Bakı sakini Mehman Əhmədovun AzadlıqRadiosuna deməsinə görə, Müşfiqabad qəsəbəsində fevralın 23-də axşam saatlarından işıq sönüb: "Bir sutkaya yaxın işıq yox idi. Görəsən, bunlar nə fikirləşirlər? Prezidentimizin bu sahəyə ayırdığı milyonları hara xərcləyiblər ki, işıqlar bu vəziyyətdədir?...".

"Biz yorulduq, qaz kəsənlər yorulmadı"

Günel Əliyeva isə bildirib ki, Nərimanov rayonunda, Möhsün Sənani küçəsi-24-də qazla problem yaşanıb: "Fevralın 24-də səhər 2 saat qaz kəsildi. Dəfələrdə şikayət etdikdən sonra çox az gəldi. Dedilər, gözləyin artacaq. Mən başa düşmürəm, ucqar kənddə, dağlıq və dağətəyi rayonda qalırıq biz? Hər gün qazı ya azaldırlar, ya kəsilər. İnsan nə qədər şikayət edər? Biz yorulduq, qaz kəsənlər yorulmadı".

Rəsmilər nə deyir

Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən "Turan" agentliyinə bildiriblər ki, kommunal strukturları fevralın 23-ü gecə saatlarından şəhər üzrə qarın təmizlənməsi işlərinə başlayıb: "Kommunal strukturlar gücləndirilmiş və fasiləsiz fəaliyyət göstərir. Texnikanın toplanma nöqtələrindən biri 20 saylı məktəbin yanındadır. Orada xüsusi reagentlərlə qarışdırılmış duz var, ekskavatorla gəlib həmin duzu yığıb paylayırlar xüsusi maşınlara və həmin maşınlar onu yollara səpirlər. Hazırda Bakıda 50-dən çox belə texnika işləyir".

Qurumdan qeyd olunub ki, şəhərin müxtəlif ərazilərində kommunal xidmətlərin əməkdaşları da çalışırlar: "Məsələn, səkiləri, texnika vasitəsilə qırağa yığılmış qarı və texnika üçün əlçatmaz yerləri bizim əməkdaşlarımız təmizləyir. Bunları texnika vasitəsilə təmizləmək qeyri-mümkündür və bu praktika bütün dünyada var".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən də "Turan"a bildirilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışırlar. Agentlikdən vurğulandığına görə, fevralın 24-də Bakı şəhəri və həmçinin, respublikanın avtomobil yollarına qarın təmizlənməsi, buzlaşmanın qarşısının alınması üçün kifayət qədər texnika cəlb edilib.

"Əməkdaşlarımız gücləndirilmiş rejimdə fasiləsiz işləyir"

"Azəriqaz" İstehsalat Birliyindən(İB) isə agentliyə deyilib ki, fevralın 24-də gün ərzində qazın təchizatı ilə bağlı ciddi problem yaşanmayıb: "Əməkdaşlarımız gücləndirilmiş rejimdə fasiləsiz işləyir. Axşam saatlarında Bakının Xətai və Nizami rayonlarında qazın təzyiqi ilə bağlı müəyyən problemlər var idi. Bu texniki problem də qısa müddətdə həll olunub. Bakı şəhər ərazində qəza halları istisna olmaqla qaz olmayan ərazi yoxdur, qəza halları isə operativ şəkildə həll olunur. Abonentlərdə problem olan halda 104/185 qısa nömrələrə müraciət edə bilərlər".

"Azərişıq" ASC mətbuat xidmətindən də agentliyə bildirilib ki, onlara da müxtəlif müraciətlər daxil olub: "Biz öncədən istər mal-material, istər texnikanı hazırlamışıq və gücləndirilmiş rejimə keçmişdik. Sadəcə, kiminsə problemi qısa müddət ərzində aradan qaldırılıb, kimlərinsə probleminin aradan qaldırılması müəyyən vaxt alıb".

"Nizamsız tikililər, dar yollar işimizi çətinləşdirirdi"

Qurumdan qeyd olunub ki, dağ kəndlərində qəza yerini müəyyənləşdirmək, daha sonra ora texnikanı və işçi heyəti göndərmək müəyyən vaxt alır: "Bakı ətrafında bəzi yerlər oldu ki, həmin yerlərdə də qəza yerinin müəyyənləşdirilməsində və ora texnikanın çatmasında müəyyən problemlərlə üzləşdik. O mənada ki, qarlı və buzlu yollar var idi. Eyni zamanda, xüsusilə Masazır və Xırdalan tərəfdə nizamsız tikililər, dar yollar işimizi çətinləşdirirdi. Amma uzun müddət elektrik enerjisiz qalan sahəmiz olmadı".

"Problemin kökü korrupsiya ilə bağlıdır"

İctimai fəal Bəxtiyar Hacıyev isə AzadlıqRadiosuna bildirib ki, rəsmi qurumların nə deməsindən asılı olmayaraq vətəndaşların müşahidə etdiklərinə və yaşadıqlarına baxmaq lazımdır: "Şəxsən özüm müşahidə etdiyim odur ki, əksər küçələrdə qarın təmizləməsi ilə bağlı çox ciddi problemlər var idi və bu, ciddi qəzalara səbəb olmuşdu".

Fəalın sözlərinə görə, digər ölkələrdə qar yağanda sosial şəbəkələrdə ən çox paylaşımlar qarın gözəlliyi ilə bağlı olur: "Amma bizdə ...yazılır ki, qazın təzyiqində çox ciddi problemlər var, hətta bəzi yerlərdə işığın verilməsi 10 saat dayandırılıb".

B.Hacıyev hesab edir ki, problemin kökü korrupsiya ilə bağlıdır.

Amma rəsmilər də, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə korrupsiyaya qarşı mübarizədə hakim iradə var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG