Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Bakıda yollar buz bağlayıb, yıxılıb xəstəxanaya düşənlər var...


Bakıda qar
Bakıda qar

Bakıda bəzi yollar, küçələr buz bağlayıb, avtomobillərin və insanların hərəkəti məhdudlaşıb.

Bir sıra sosial şəbəkə istifadəçiləri isə yolların, küçələrin təmizlənməməsindən, artıq yıxılanların olduğundan şikayətlənirlər.

36 nəfər xəstəxanaya çatdırılıb

Fevralın 24-də saat 18:00-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar Bakıda 39 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirlikdən qeyd edildiyinə görə, yaralılardan 3-nə yerində yardım göstərilib, qalanları xəstəxanaya çatdırılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən isə vurğulayıblar ki, yol və meteoroloji şərait nəzərə alınmadığı üçün maddi zərərlə nəticələnən 25 yol nəqliyyat hadisəsi baş verib.

"...Yollara duz səpilib"

Bakı şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, Bakıya 12 saatdır qar yağır: "Hidrometeoroloqların məlumatına görə, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmayıb... Bütün bunlara baxmayaraq, şəhərin kommunal strukturları gecədən etibarən qarın təmizlənməsi işlərinə başlayıb. Texnika vasitəsilə yollara duz və kimyəvi maddələr səpilib. Bu işlər gün ərzində xüsusi qrafiklə davam etdiriləcək...".

"Kifayət qədər texnika cəlb edib"

Mövcud şəraitlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də məlumat yayıb. Məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi gecə boyu gücləndirilmiş iş rejimində çalışıb. Bildirildiyinə görə, gecədən başlayaraq Bakı şəhəri, həmçinin respublikanın avtomobil yollarına qarın təmizlənməsi və buzlaşmanın qarşısının alınması üçün kifayət qədər maşın-mexanizm, texnika cəlb edilib: "Agentlik tərəfindən aparılan qabaqlayıcı tədbirlərin nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir".

"...199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar"

Hava şəraiti ilə bağlı dünən, fevralın 23-ü paytaxt Bakı və Xırdalan şəhərində bəzi yerlərdə işıqlar sönüb.

Bununla bağlı ölkə vətəndaşları sosial şəbəkələrdə şikayətlərini dilə gətiriblər.

"Azərişıq" ASC də bildirib ki, havaların kəskin dəyişməsi, qar və çovğun səbəbindən onlar gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir.

Qurumdan verilən məlumata görə, Bakı şəhəri və regionlarda gücləndirilmiş iş, növbətçilik sistemi təşkil olunub: "Ötən gün axşam saatlarından başlayaraq səhərədək və hazırda da əməkdaşlarımız fasiləsiz olaraq ərazidə xidmətlərini davam etdirir".

"Azərişıq" ASC-dən habelə qeyd olunub ki, bəzi ərazilərdə buzlaşma və yüklənmə səbəbindən baş vermiş qısamüddətli açılmaları Qəza xidmətinin əməkdaşları aradan qaldırırlar: "Bir neçə ünvanda isə işlər davam edir və ən qısa vaxtda elektrik enerjisi təchizatı bərpa olunacaq".

Qurum istehlakçılara müraciət edərək bildirir ki, elektrik enerji təchizatı ilə əlaqədar qarşılaşdıqları çətinliklərlə bağlı 24 saat fəaliyyət göstərən 199 Çağrı Mərkəzi ilə əlaqə saxlasınlar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG