Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 12:00

'Milyonlarla insan pensiyadan kənarda qala bilər'


Bankomat qarşısında pensiya növbəsi. Foto arxiv

2018-ci ildə "Əmək pensiyaları haqqında" Qanuna dəyişiklik ediləndən sonra 25 illik sığorta stajı və ya 16 min 743 manat pensiya kapitalı olan şəxslər əmək pensiyası almaq hüququ qazanırdı. Lakin son illər ərzində tələb olunan minimum pensiya kapitalın məbləği artıb. Hazırda həmin məbləğ 28 min manat təşkil edir. Bəzi ekspertlərin fikrincə, belə olan halda əhalinin bir hissəsi, o cümlədən müqaviləsiz işləyənlər əmək pensiyasından məhrum olacaqlar.

M.İbrahimqızı
M.İbrahimqızı

"Pensiyalar məsələsi hazırda müzakirə olunur"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı "Turan" agentliyinə bildirib ki, gələcəkdə çox sayda insanların əmək pensiyası ala bilməyəcəyi haqqında iddialar, sadəcə, ayrı-ayrı fikirlərdir. O qeyd edib ki, pensiyalar məsələsi hazırda müzakirə olunur: "Koronavirus pandemiyası vaxtında nə qədər qeyri-rəsmi işçilərin sayı ortaya çıxdı. Bu, bütün dünyada, eləcə də Azərbaycanda baş verdi. Koronavirus pandemiyası iqtisadi çətinliklər, məşğulluqla bağlı problem, işsizlik kimi fəsadlar yaratdı. Ona görə dövlətlər, bir tərəfdən, vətəndaşların sağlıq məsələsi ilə bağlı, digər tərəfdən, yoxsulluğun qarşısının alınması, əmək, məşğulluq və digər sahələrin dəstəkləməsi üçün tədbirlər planını həyata keçirtdi. Bizim ölkəmiz də bu sahələrdə çox ciddi, operativ tədbirlər görürdü. Xeyli qeyri-rəsmi işləyən insanlara yardım verildi".

"Qanunda dəyişikliklər olmalıdır"

Deputat hesab edir ki, "Əmək pensiyaları haqqında" Qanunda dəyişikliklər olmalıdır: "Əminəm ki, bizim dövlətimiz heç bir vətəndaşın pensiya təminatından kənarda qalmasına icazə verməz. Amma Əmək Məcəlləsinin və "Əmək pensiyaları haqqında" Qanunun müvafiq maddələri ilə bağlı ciddi dəyişikliklərə ehtiyac var. Bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin müzakirələri olacaq. Bu məsələlərlə bağlı hər hansı ciddi təkliflər gələrsə, əlbəttə ki, biz onları nəzərə almağa hazırıq".

Son artımdan sonra pensiya pensiyaçının tələbatını ödəyəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:00:56 0:00

"...130 manat qocalıq müavinəti verilir"

İqtisadçı Qubad İbadoğlu da AzadlıqRadiosuna bildirib ki, hazırda rəsmi işləyən 1 milyon 692 min nəfərin (1691.8 min –red.) yarısının əməkhaqqısı 343 manat və ondan aşağıdır: "Gələcəkdə həmin insanların pensiya almasında problem yaranacaq. Mövcud qanunvericiliyə görə, güzəştli qruplar istisna olunmaqla pensiyaya çıxmaq üçün ya 25 il sığorta stajı, ya da 28 min 800 manat minimum pensiya kapitalı tələb olunur. Bunlardan heç birini ödəyə bilməyənlərə pensiya yaşı çatanda 130 manat qocalıq müavinəti verilir".

Onun vurğulamasına görə, Azərbaycanda sistem elə qurulub ki, pensiyanın minimum məbləğinin artması son nəticədə həm də pensiyaya çıxmaq üçün tələb olunan minimum pensiya kapitalının artmasına gətirib çıxarır: "Hazırda minimum məbləğ 200 manatdır. Minimum pensiya kapitalı bu qaydada müəyyənləşdirilir. 12 il 144 ay deməkdir. 144 ayı vururlar minimum pensiyanın məbləğinə, yəni, 200 manata. Bu, 28 min 800 manat edir. Sabah minimal pensiya 250 manat olsa, lazım olan minimum kapital 36 min olacaq, 300 manata qədər artırılarsa, bu məbləğ 43 min 200 manata çatacaq".

Q.İbadoğlu
Q.İbadoğlu

"Bütün bu şəxslər pensiyadan məhrum ola bilər"

Q.İbadoğlu əlavə edib ki, muzdla çalışanların sayı məşğulluq fəaliyyəti olan əhalinin 35-40 faizini təşkil edir: "Bu, normal göstərici deyil. Məsələn, Rusiyada bu göstərici 68 faizdir, Belarusda isə 70 faizdən yuxarıdır. Bu o deməkdir ki, Azərbaycanda işsizlik səviyyəsi yüksəkdir. Birdəfəlik yardımların verilməsi zamanı bəlli oldu ki, 600 min yardım alıb, 635 minə isə imtina cavabı verilib. Bu o deməkdir ki, ölkədə işsizlərin sayı 1 milyon 200 mindən çox olub. Müraciət etməyənləri də nəzərə alsaq, bu rəqəm 1 milyon 500 minə çatır. Yuxarıda qeyd etdiyim və ondan aşağı əməkhaqqı alanların sayını da bura əlavə etsək, bu, 2.5 milyon nəfər edir. Bütün bu şəxslər gələcəkdə pensiyadan məhrum ola bilər".

O hesab edir ki, bunun qarşısını almaq üçün ilk növbədə qeyri-dövlət pensiya fondları yaradılmalıdır: "Bu fondlar yaransa, əhali onların vasitəsilə öz sığorta kapitalını formalaşdırar və fondların şərtləri ilə pensiyaya çıxa bilər. İkinci variant isə məşğulluğun artırılmasıdır, gizli məşğulluğun leqallaşdırılmasıdır. Eyni zamanda, minimum pensiya kapitalının əlçatan formada müəyyənləşdirilməsidir…".

Bu günlər Milli Məclis komitələrinin birində də məşğulluq məsələlərinin müzakirəsi zamanı vurğulanıb ki, ölkədə 600 min civarında şəxs qeyri-rəsmi fəaliyyət göstərir.

XS
SM
MD
LG