Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:59

Koronavirusdan 500 min ölüm


Co Bayden (solda) və Kamala Harris anım mərasimində
Co Bayden (solda) və Kamala Harris anım mərasimində

Yoluxucu xəstəliklər üzrə baş mütəxəssis Entoni Fauçi fevralın 22-də müsahibəsində deyib ki, siyasi ziddiyyətlər az olsaydı, ölkədə virusdan ölüm də az olardı

Birləşmiş Ştatlarda COVID-19-dan ölüm 500 mini keçib. Prezident Co Bayden bunu “həqiqətən kədərli, məyusedici göstərici” adlandırıb. Prezident ölkədə bir dəqiqəlik sükut, bayraqların endidirilməsi göstərişi verib.

Fevralın 22-də Baydenin emosional çıxışı televiziya ilə yayınlanıb. O, amerikalılardan xahiş edib ki, itirilən, arxadan qalan insanları yadda saxlasınlar. Prezident vətəndaşları maska taxmaqla, sosial məsafə saxlamaqla ayıq-sayıq olmağa, “növbəsi çatanda peyvənd olunmağa” səsləyib.

Sonra Bayden və vitse-prezident Kamala Harris həyat yoldaşları ilə birlikdə Ağ evin pilləkənləri üzərinə qoyulmuş 500 şam qarşısında bir anlıq sükut tədbirinə qatılıblar.

Dünya əhalisinin 5 faizində ümumi ölümlərin 20 faizi...

ABŞ-da fevralın 22-də koronavirusdan ölüm 500 min 159 nəfərə çatıb ki, bu, dünya üzrə 2.5 milyonluq ölümün beşdə birini təşkil edir.

Birləşmiş Ştatlarda 330 milyonadək, dünya əhalisinin 5 faizi qədər əhali yaşayır. Ondan sonrakı yerləri 247 min ölümlə Braziliya və 180 mindən çox ölümlə Meksika tutur.

Meksika isə bu arada Rusiyanın Sputnik V vaksininin ilk partiyasını alıb. Britaniya isə bəyan edib ki, iki araşdırmanın nəticələri COVID-19-a qarşı vaksinlərin ilk dozadan sonra yoluxmada və xəstəxanaya yerləşdirmələrin sayında azalma olduğunu göstərib.

Meksikanın Xarici işlər naziri Marselo Ebrarda fevralın 22-də axşam 200 min doza Sputnik V vaksininin “British Airways” reysi ilə Moskvadan çatdırıldığını təsdiqləyib.

Fevralın 24-dən dozalar paytaxtın ən çox yoluxma qeydə alınan ərazilərində yaşlılara vurulacaq.

Dekabrın ortasında Pfizer vaksininin ilk partiyası Meksikaya göndərilsə də, sonradan təchizatda yubanma yarandı və ölkə Sputnik V peyvəndinə üz tutdu.

“Ürəkləndirici” tədqiqatlar

Britaniyada iki tədqiqat isə İngiltərə və Şotlandiyada aparılıb. İngiltərədəki araşdırmaya görə, Pfizer-BioNTech vaksininin birinci dozası vurulandan sonra yoluxma riskini 70 faizdən çox azaldır. İkinci dozadan sonra risk 85 azalır.

Səhiyyə naziri Mət Hənkok deyib ki, bu, vaksinlərin işlədiyini göstərir. “Pfizer vaksininin koronavirusa qarşı yüksək qoruma təmin etdiyini görmək həddən artıq ürəkləndiricidir”, – o vurğulayıb.

Britaniyada Covid-19-dan 120 min 757 ölüm qeydə alınıb. Dekabrdan ölkədə vaksinasiya başlanıb, yetkin yaşlıların üçdə birinə – təxminən 17 milyon nəfərə vaksinin azı ilk dozası vurulub. Artıq yoluxmalarda və xəstəxanaya yerləşdirmələrdə azalma müşahidə olunur.

Birləşmiş Ştatlarda da vaksinasiya artdıqca yoluxmalar səngiyir. Amma yoluxucu xəstəliklər üzrə baş mütəxəssis Entoni Fauçi fevralın 22-də müsahibəsində deyib ki, siyasi ziddiyyətlər az olsaydı, ölkədə virusdan ölüm də az olardı.

Onun sözlərinə görə, Birləşmiş Ştatlarda maska taxmaq ictimai səhiyyə protokoluna deyil, siyasi bəyanata çevrilmişdi. Fauçi “Reuters”ə müsahibəsində deyib ki, ictimai səhiyyə tədbirlərinə ciddi əməl etmələrinə baxmayaraq, Almaniya və Britaniya da virusla mübarizə aparıb.

“Amma bu heç də zəngin və qabaqcıl ölkədə ən çox ölüm hallarının qeydı alınmasını izah eləmir. İnanıram ki, bu baş verməyə bilərdi”, – Fauçi vurğulayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG