Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 08:11

Türkiyədə yeni partiyalar nələr çəkir – Qərb mediası


Əhməd Davudoğlu "Gələcək" partiyasının qurulduğunu elan edir, 13 dekabr, 2019-cu il
Əhməd Davudoğlu "Gələcək" partiyasının qurulduğunu elan edir, 13 dekabr, 2019-cu il

Vaxtilə hakim partiyadan millət vəkili olmuş, hazırda isə yeni partiyanın aparıcı üzvü Selcuk Özdağ bu yaxınlarda bir qrup kişi tərəfindən döyülüb, başına 17 tikiş qoyulub

“The Financial Times” qəzeti Türkiyədə yeni siyasi partiyaların Prezident Recep Tayyip Erdoğana qarşı mübarizədə üzləşdiyi çətinliklərdən yazır. Müəllif Laura Pitel qeyd edir ki, prezidentin köhnə müttəfiqləri səslərini eşitdirdikcə təhdidlər, media qadağaları gördüklərini deyirlər.

“Demokratiyadan qorxurlar”

Vaxtilə hakim partiyadan millət vəkili olmuş, hazırda isə yeni partiyanın aparıcı üzvü Selcuk Özdağ bu yaxınlarda bir qrup kişi tərəfindən döyülüb, başına 17 tikiş qoyulub. Özdağ ona hücum edənlərin Erdoğanın hakim koalisiyada sağ qanad tərəfdaşları olan Millətçi Hərəkat Partiyası (MHP) ilə əlaqələri olmasından şübhələnir. Hücumdan bir neçə gün öncə həmin partiya ilə sözləşib. MHP isə iddianı rədd edir.

62 yaşlı Özdağ qəzetə deyib ki, yeni partiya hakim koalisiyanı əndişələndirib. “Bu adamlar demokratiyadan, şəffaflıqdan, hesabat verməkdən qorxurlar”, – o deyib.

Özdağ 2019-cu ildə yaradılmış sağ qanad mühafizəkar “Gələcək” partiyasının başqan müavinidir. Partiya keçmiş baş nazir Əhməd Davudoğlu tərəfindən təsis olunub.

Vaxtilə Erdoğanın AKP partiyasından iqtisadiyyat naziri olmuş Əli Babacan isə ötən ilin martında “DEVA” adlı partiyanın əsasını qoyub.

2-3 faiz

Bu iki partiya qurulanda təhlilçilər deyirdilər ki, onlar Türkiyə prezidentinə potensial təhdid yaradırlar. Müəllif qeyd edir ki, bir il keçir, amma partiyaların heç biri bəzi hakim partiya üzvlərinin qorxduğu populyarlığı əldə etməyib, onlara dəstək 2-3 faiz səs arasındadır.

Ankaradakı Bilkent Universitetindən Selim Sazakın fikrincə, bu partiyaların şansı inanılmaz dərəcədə azdır. “Adamlar səni pusquya salır və döyür, bu şəraitdə kampaniya aparmaq, seçicilərlə ünsiyyət qurmaq həqiqətən çətindir”, – Sazak deyib.

Amma son hücumdan hələ də müalicə olunan Özdağ özünün və partiyasının geri çəkilməyəcəyini, əngəllərə, hücumlara baxmayaraq, işlərinə davam edəcəyini deyib.

Ərdoğan 2003-2014-cü illərdə Türkiyənin Baş naziri vəzifəsində olub. 2014-cü ildən ölkəni prezident kimi idarə edir. 2017-ci ildə referendumunda qəbul olunmuş konstitusiya dəyişiklikləri prezidentin səlahiyyətini gücləndirib. Yeni sistem onun 2028-ci ilədək hakimiyyətdən getməməsini mümkün edir.

XS
SM
MD
LG