Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 02:53

Arif Hacılı: 'Məni polis idarəsinə çağırırlar'


A.Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirir ki, bu gün, fevralın 18-də onu Yasamal Rayon Polis İdarəsinin 28 saylı Polis Bölməsinə çağırıblar. Bu barədə o, özü AzadlıqRadiosuna danışıb: "Səhər saatlarında yaşadığım ünvana polis zabiti gəlib. 28 saylı Polis Bölməsinə dəvət etdiklərini bildirdi. Mən bunu qanunsuz adlandırdım və bildiriş verilməsini istədim. Bu məsələ elə bu şəkildə, hələlik, açıq qalır".

A.Hacılı polisə çağırılmasının səbəbini bildiyini və polis zabitinin bunu açıqladığını iddia edib. O, əlavə edib ki, ötən il baş verən İkinci Qarabağ müharibədə həlak olmuş insanların məzarlarını bu günlərdə ziyarət edirlər, bu məqsədlə bir neçə rayonda olublar:

"Orada bəzi fotolar paylaşılıb"

"Orada bəzi fotolar paylaşılıb. Fotolarda maskasız görünürük. Amma həmin fotolarda da görünür ki, maskalarımızı əlimizdə tutmuşuq, yəni, maska foto çəkilən zaman çıxarılıb. Açıq havada qruplarla şəhid məzarları ziyarət edilib. Burada, əslində, heç bir qanun pozuntusu yoxdur".

A.Hacılı düşünür ki, Müsavat Partiyasının ölkənin ərazi bütövlüyü uğurunda həlak olan insanların məzarlarını ziyarət etməsi, təqib və təzyiqlərə baxmayaraq fəaliyyətini davam etdirməsi hakimiyyəti narahat edir.

"Bu olanları siyasi təzyiq forması kimi qiymətləndirirəm", - A.Hacılı bildirib.

DİN-dən münasibət

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən isə bildirilib ki, Müsavat Partiyasının başqanı A.Hacılı polis orqanlarına dəvət edilməyib.

"COVID-19 pandemiyası ilə bağlı karantin qaydalarının pozulmasına görə barəsində Yasamal rayon Polis İdarəsində tərtib olunan protokolun yaşayış yeri üzrə ünvanına göndərilməsi təmin ediləcək", - DİN-dən "Turan" agentliyinə deyiblər.

Koronavirus pandemiyasına görə ötən il martın 24-dən Azərbaycanda karantindir. Ölkədə həm açıq, həm də qapalı məkanlarda maska taxmamağa görə cərimələr nəzərdə tutulur.

XS
SM
MD
LG