Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

DST 40 milyon avroluq proqramı işə salır


Əfqanıstan Hindistandan AstraZeneca vaksini almağa başlayıb
Əfqanıstan Hindistandan AstraZeneca vaksini almağa başlayıb

Minlərlə insanın xəstələndiyi və öldüyü bir vaxtda, daha artıq data gözləmək “məqsədəuyğun olmazdı”, SAGE rəhbəri Alexandro Kravioto deyib

Dünya Səhiyyə Təşkilatı Azərbaycan da daxil olmaqla 6 ölkədə vaksinlərin effektiv paylanmasından ötrü 40 milyon avroluq proqramı işə salır. Bunu qurumun Avropa üzrə regional direktoru Hanz Kluge fevralın 11-də Kopenhagendən virtual brifinqdə deyib.

“Bu gün Avropa Birliyi ilə birlikdə altı ölkə: Ermənistan, Azərbaycan, Gürcüstan, Belarus, Ukrayna və Moldovaya COVID-19 vaksinlərinin effektiv paylanmasından ötrü 40 milyon avroluq proqrama başlayırıq. Bu, COVAX və AB-nin paylaşma mexanizmini tamamlamış olacaq”, – o bildirib.

***

DST ekspertləri AstraZeneca vaksinini tövsiyə edir

AstraZeneca-nın COVID-19-a qarşı vaksini təhlükəsiz və effektlidir, Dünya Səhiyyə Təşkilatının (DST) ekspert qrupu belə bir açıqlama yayaraq vaksindən geniş istifadəni tövsiyə edib. Hətta Cənubi Afrika variantının effektli azaldacağı yerlərdə belə vaksindən istifadə məsləhət görülür.

BMT-nin səhiyyə agentliyinin gələn həftə Astra Zeneca vaksinini təcili istifadəyə təsdiqləyəcəyi gözlənir. DST-nin İmmunlaşdırma üzrə Ekspertlərdən ibarət Strateji Məşvərət Qrupunun tövsiyəsi isə fevralın 10-da yayılıb.

340 milyon dozanın əksər hissəsi...

Qlobal COVAX sisteminin iyuladək yoxsul ölkələrə çatdırmağı planlaşdırdığı 340 milyon dozaya yaxın vaksinin əksər hissəsini AstraZeneca vaksinləri təşkil edir. Ancaq prosesin başlamasından ötrü DST onun təcili istifadəsini təsdiqləməlidir.

Bəzi ölkələrdə bu vaksinin yaşlılara vurulması, yaxud Cənubi Afrikada aşkarlanmış varianta təsiri sorğulanıb.

SAGE ekspertlərinin gəldiyi qənaətə görə, yaşı 65-dən yuxarı olanlara vaksinin təsiri üzrə yetərli informasiya olmasa da, “çox güman”, daha gənc qruplarda olduğu kimi, həmin qrup üzvlərinə qarşı da effektli və təhlükəsizdir.

Minlərlə insanın xəstələndiyi və öldüyü bir vaxtda, daha artıq data gözləmək “məqsədəuyğun olmazdı”, SAGE rəhbəri Alexandro Kravioto deyib.

Ekspertlərin mövqeyincə, vaksin virusun narahatlıq yaradan variantlarının tapıldığı yerlərdə də istifadə olunmalıdır.

DST əlavə informasiyaya ehtiyac görür

Cənubi Afrika fevralın 7-də AstraZeneca vaksinindən istifadəni dayandırdığını açıqlayıb. Kiçik klinik araşdırma bu vaksinin yüngül-orta səviyyəli xəstəliklərə qarşı effektli olmadığını göstərib.

DST ekspertləri isə daha artıq məlumatın gərəkdiyini deyirlər, bu araşdırmanın miqyasını, metodologiyasını əsas gətirirlər.

Qurumun baş alimi Sumya Svaminatanın sözlərinə görə, fayda istənilən riski “aşır”, çünki yeni variantlar hər bir ölkədə dominant olmaya bilər.

AstraZeneca vaksini logistik səbəblərdən yoxsul ölkələr üçün əlverişlidir. Bu vaksin normal soyuducu temperaturunda azı altı ay saxlana bilər. Pfizer/BioNTech və Moderna vaksinləri isə daha yüksək dondurucu temperaturu tələb edir.

Avropa Birliyi, bir sıra ölkələr AstraZeneca vaksinini təsdiqləyib.

Britaniyada isə ən çox bu vaksin vurulur. Səhiyyə rəsmiləri vaksinin bu ölkədə yayılmış varianta qarşı effektli olduğunu, ölüm və xəstəliyin ağırlaşmasını önlədiyini deyirlər. Virusun bu variantının daha yoluxucu, daha ölümcül olduğu güman edilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG