Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 19:34

Özəl tibb müəssisələri də vaksin gətirə bilərlərmi?


Azərbaycanda vurulan vaksin haqda Qərb mətbuatı bunları yazır
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Azərbaycanda vurulan vaksin haqda Qərb mətbuatı bunları yazır

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyanın birinci mərhələsi davam edir. Dünən, fevralın 8-dən yaşı 65-dən yuxarı şəxslər və vətəndaşlarla daha çox təmas halında olan polislər də vaksinasiya prosesinə cəlb olunub. Ölkədə bu proses yanvarın 18-dən başlayıb. (əsasən tibb işçiləri peyvənd edilib)

Halbuki, vaksinasiyanın ikinci mərhələsinə (azı bir xroniki xəstəliyi olanlar, bəzi xidmət sahələrində çalışanlar üzrə) fevralın 1-dən başlanacağı açıqlanmışdı. Belədə isə bəzi vətəndaşlar düşünür ki, proses ləng gedir, növbənin onlara çatması bir neçə ay çəkə bilər. Onlar düşünürlər ki, proses sürətləndirilməli və özəl klinikalar da bu işlərdən kənarda qalmamalıdırlar.

Belə vətəndaşlardan biri N.A. AzadlıqRadiosuna söyləyib ki, yaşı çox olmasa da, səhhətində müəyyən problemləri var və buna görə koronavirusa yoluxacağından qorxur: "Vaksinasiya prosesi başlayanda çox sevindik ki, nəhayət, bu bəladan qurtuluruq. Amma görünür ki, bu proses hələ çox uzanacaq. Nə gizlədim ki, çox qorxuram, amma çarəm yoxdur, oturub öz növbəmi gözləməliyəm".

"Gözləməkdənsə pul ödəyib vaksin vurdurardıq"

Vətəndaş qeyd edir ki, vaksinasiya dövlət tibb müəssisələri ilə yanaşı, özəl xəstəxanalarda da aparılsaydı, çox yaxşı olardı: "Gözləməkdənsə pul ödəyib vaksin vurdurardıq. Çünki həm özümüzü, yaxınlarımızı qorumaq, həm də normal həyata qayıtmaq istəyirik".

65 yaşdan yuxarı vətəndaşların peyvənd üçün qeydiyyatı başlanır
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Səhiyyə Nazirliyindən isə "Turan" agentliyinə bildirilib ki, peyvəndlənmə prosesi "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq davam edir: "Hazırda qeydiyyat davam edir, yaşı 65-dən yuxarı olan şəxslər randevu.its.gov.az saytından qeydiyyatdan keçməklə vaksinasiya oluna bilərlər".

"Qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir"

Nazirlikdən qeyd olunub ki, əhali peyvənd üçün özəl klinikalara müraciət edə bilməz, hazırda vaksinasiya yalnız dövlət poliklinikalarında həyata keçirilir. Qurumdan vurğulanıb ki, özəl klinikalarda vaksinasiya prosesinin gələcəkdə nəzərdə tutulub-tutulmayacağı ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir.

Amma, hələlik, Nazirlər Kabineti yanında Operativ Qərargahdan deyilənlərə münasibət almaq mümkün olmayıb.

Tibb üzrə fəlsəfə doktoru Vasif İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, bütün dünyada koronavirusa qarşı peyvəndlərin effektivliyinin ölçmə prosesi gedir: "Peyvəndlər nə qədər elmi araşdırmalardan keçsələr də, hazırda onları yenə də yoxlayırlar. Bu tərəfdən baxanda Azərbaycanda tibb işçiləri özləri bir mənada təcrübə obyekti kimi çıxış ediblər. Hökumət praktikada görəndə ki, bu peyvəndin təsiri var, o zaman peyvəndin vurulma sıxlığı artacaq".

V.İsmayıl
V.İsmayıl

"Azərbaycanda əmin olunsa ki,…"

Ekspert deyir ki, Qərb ölkələri ilə Azərbaycanın vaksinasiya intensivliyində fərq var: "İsraildə, Böyük Britaniyada, Almaniyada peyvənd vurulma intensivliyi kifayət qədər yuxarıdır, amma Azərbaycanda, Türkiyənin özündə də bu göstərici aşağıdır. Bunun səbəbi odur ki, əvvəldə sadaladığım ölkələr peyvəndləri özləri istehsal edir, onlar barədə hər şeyi bilib, güvənirlər. Azərbaycanda əmin olunsa ki, peyvənd işə tam yarayır, qoruyur, o zaman intensivlik dəyişəcək".

Onun qeyd etməsinə görə, bunun üçün Azərbaycanın bütün imkanları var: "Digər tərəfdən isə, bütün ölkələr peyvənd almaq istəyir. Lakin peyvəndləri istehsal edən şirkətlərin sayı hazırda çox azdır, onların buna gücü çatmır və hər ölkəyə məhdud sayda peyvənd satırlar".

"Azərbaycan hökuməti müəyyən özəl klinikalara güvənsə,…"

Mütəxəssisin fikrincə, burada güvən məsələsi var: "Koronavirusa qarşı peyvənd məsələsində hökumət bunun altına imza ataraq sertifikat verir. Çünki bu sənəd daha sonra beynəlxalq sənədə çevrilir. Azərbaycan hökuməti müəyyən özəl klinikalara güvənsə, onlar bunu korrupsiya alətinə çevirməyəcəksə, onda yəqin ki, belə bir qərar verilə bilər. Azərbaycanda digər xəstəliklərə qarşı peyvəndlərin bəziləri yalnız dövlət tibb müəssisələrində vurulur. Bəziləri isə həm dövlət, həm özəl klinikalarda vurula bilər".

Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiyaya yanvarın 18-dən start verilib. İlk mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər və hüquq-mühafizə orqanlarının əks-epidemik tədbirlərə cəlb etdiyi heyət peyvənd olunmalıdır.

Koronavirus xəstələriin müalicəsinə hökumət nə qədər yardım edir?
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVAX platforması çərçivəsində Çinin "Sinovac" şirkəti ilə danışıqlar aparıb. Ümumilikdə "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş edildiyi açıqlanıb. Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib.

İkinci mərhələdə isə tibbi cəhətdən yüksək risk qrupunda yer alanlara, 50 yaş, daha yuxarı ən az bir xroniki xəstəliyi olanlara, təhsil və bir sıra xidmət sahələrində çalışanlara üstünlük tanınmalıdır.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də ÜST koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.3 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyədək ümumilikdə 231 min 198 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3161 nəfərin vəfat etdiyi açıqlanıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG