Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 13:59

Prezident Böyük Britaniyanın nazirini qəbul edib


Görüş

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edib.

AZƏRTAC-ın məlumatına görə, Prezident İ.Əliyev deyib ki, "enerji sahəsində əməkdaşlıq bizim tərəfdaşlığımızın mühüm hissəsidir".

Azərbaycan dövlət başçısının vurğulamasına görə, görüşdən əvvəl o, bəzi məlumatlara nəzər salıb: "Gördüm ki, demək olar, 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçib. Bu, həqiqətən də iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin yaxşı göstəricisidir. İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma üçün böyük potensialımız var. Biz artıq Britaniya şirkətləri ilə təmaslara başlamışıq. Onlardan biri işğaldan azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub və mən ümid edirəm ki, onların sayı daha çox olacaq, çünki orada çox işlər görülməlidir...".

Xəbərə görə, görüşdə postmünaqişə vəziyyəti, işğaldan azad olunmuş ərazilərdə "yaşıl enerji" konsepsiyasının tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı, gender bərabərliyi, energetika, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri V.Morton fevralın 8-dən Azərbaycanda səfərdədir.

Britaniyalı nazir hüquq müdafiəçiləri ilə görüşüb

Fevralın 8-da vətəndaş cəmiyyətinin təmsilçiləri Şəhla İsmayıl, Anar Məmmədli Rəsul Cəfərov Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Mortonla görüşüblər.

Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisi R.Cəfərov bildirib. Onun deməsinə görə, görüşdə 44 günlük müharibədə beynəlxalq humanitar hüququn pozulması hallarından tutmuş, vətəndaş cəmiyyəti sahəsində mövcud problemlərə qədər geniş məsələlər barədə fikirlər və təkliflər səsləndirilib.

R.Cəfərovun vurğulamasına görə, ümumi rəy bundan ibarət olub ki, postkonflikt dövrü üçün insan hüquqlarının müdafiəsi sahəsində fundamental addımlar, o cümlədən qeyri-hökumət təşkilatları (QHT) sahəsində qanunvericiliyinin təkmilləşdirilməsi və siyasi məhbus probleminin həlli yalnız fayda verə bilər.

Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşmada Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG