Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:59

Keçmiş deputat DTX-ya müraciət etdi


N.Bəydəmirli
N.Bəydəmirli

"Mənə dəymiş ziyan ödənilsin".

Keçmiş deputat, işadamı Nazim Bəydəmirli "Baku Steel Company" MMC-nin rəhbəri Rasim Məmmədov haqqındakı cinayət işi üzrə zərərçəkmiş qismində tanınmaq istəyir. O, bu məqsədlə Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) rəsmi şəkildə ərizə göndərib. Bu barədə AzadlıqRadiosuna danışan N.Bəydəmirli bildirib ki, ərizəni fevralın 1-də göndərib. Hələ ki, ərizəsinə cavab almayıb.

N.Bəydəmirli iddia edir ki, R.Məmmədovun göstərişi ilə onun həmtəsisçisi olduğu "Atahan Dəmir Sənaye" MMC əllərindən alınıb: "2012-2014-cü illərdə məhz Rasim Məmmədovun rəhbərlik etdiyi dəstə istehsal müəssisəmizi zəbt edib, 250 nəfəri işsiz qoyub. Nəticədə bizə 5 milyon manatdan çox ziyan dəydi. Təəssüf ki, o zaman bizim şikayətlərimiz araşdırılmadı. Həmin vaxt havadarlarının dəstəyi ilə bu işləri görən Rasim Məmmədov indi cavab verməlidir".

Vəkili Rasim Məmmədovla görüşə bilmir

Keçmiş deputat vurğulayıb ki, o, baş verənlərin obyektiv araşdırılmasını, dəymiş ziyanın ödənilməsini tələb edir.

R.Məmmədovun vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, müvəkkili 10 gündür həbsdə olsa da, indiyədək onunla görüşə bilməyib: "Görüşməyimizə imkan verilmir. Ona görə də bir çox məsələləri onunla dəqiqləşdirmək imkanım olmayıb".

R.Məmmədov haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu qərardan apellyasiya şikayəti verilməyib.

R.Məmmədov hələ 3 il öncə keçmiş deputatı həm onun özü, həm də rəhbərlik etdiyi "Baku Steel Company" haqqında sosial şəbəkələrdə paylaşdığı fikirlərə görə məhkəməyə vermişdi. N.Bəydəmirlinin Facebook hesabında yazdıqlarının böhtan olduğunu, onun işgüzar nüfuzuna xələl gətirdiyini iddia edən R.Məmmədovun şikayəti əsasında keçmiş deputat 5 min manat cərimələnmişdi. Həmçinin, onun üzərinə təkzib vermək öhdəliyi qoyulmuşdu.

Xatırlatma

R.Məmmədov yanvarın 28-də həbs olunub. Ona qarşı CM-in 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2 (ağır nəticəyə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Onun işi üzrə araşdırmalar DTX-nın İstintaq Baş İdarəsində aparılır. Özü də DTX-nın istintaq təcridxanasında saxlanılır.

R.Məmmədovun vəkili E.Sadıqov bildirib ki, müvəkkili Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin oğlu və kürəkəninin şikayətləri əsasında həbs olunub.

R.Məmmədova qarşı irəli sürülmüş ittihamlar üzrə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG