Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:34

Pensiyalar artır, amma pensiyaçılar da azalır


Azərbaycan manatı
Azərbaycan manatı

Fevralın 5-də dövlət başçısı İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrası olaraq, Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 11,4 faiz artırılır.

Arxiv foto
Arxiv foto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov keçirdiyi mətbuat konfransında bildirib ki, pensiyaların növbəti artımı ümumilikdə 1 milyon 140 min pensiyaçını və ya pensiyaçıların 93 faizini əhatə edir.

Ancaq iqtisadçı Nemət Əliyev isə əksinə hökumətin pensiyaçıların hesabına 1 milyard manat irəli düşdüyünü iddia edib.

“Pensiyaçıların sayı 96,2 min nəfər və ya 7,2 faiz azalıb”

Bu barədə AzadliqRadiosuna danışan iqtisadçı bildirib ki, son üç il yarımda pensiyaçıların faktiki sayı 96,2 min nəfər və ya 7,2 faiz azalıb.

Nemət Əliyev, arxiv foto
Nemət Əliyev, arxiv foto

Nemət Əliyev səsləndirdiyi rəqəmləri Dövlət Statistika Komitəsindən aldığını söyləyib:

“Komitənin rəsmi məlumatlarına görə pensiyaçıların sayı əgər 2017-ci il iyul ayının əvvəlinə olan tarixə 1 milyon 328,4 min nəfər olubsa, 2021-ci ilin əvvəlinə 1 milyon 232,2 min nəfər olub. 2014-2017-ci illərin faktiki say dinamikasına istinadən aparılan proqnoz hesablamalar göstərir ki, hökumət pensiya yaş həddinin artırılması haqqında qərar çıxarmasaydı, bu gün dövlətin pensiya təminat sistemindən yararlanan pensiyaçıların sayı 1 milyon 380 min nəfərə qədər artmalıydı. Halbuki onların bu günə olan sayı 1 milyon 232 min nəfərə düşüb. Bu hesabla, hökumətin bir qərarı ilə 148 min (1380 -1232 =148) insan pensiya almaq hüququndan məhrum edilib”.

Pensiyalar köçürülüb, bankomat qarşısında növbə, Astara rayonu , arxiv foto
Pensiyalar köçürülüb, bankomat qarşısında növbə, Astara rayonu , arxiv foto

2017-ci ildə nə baş vermişdi

2017-ci ildə Azərbaycanda pensiya yaşı artırılıb. Dəyişikliyə əsasən kişilər və qadınlar üçün pensiya yaşı 65-ə qaldırılıb. Lakin bu müddət mərhələli şəkildə tətbiq olunur. Kişilər üçün nəzərdə tutulan 63 yaş həddi 2017-ci il yanvarın 1-dən başlayaraq 2021-ci il yanvarın 1-dək, qadınların yaş həddi isə 2017-ci il yanvarın 1-dən başlayaraq 2027-ci il yanvarın 1-dək hər il 6 ay artırılır.

Nemət Əliyevin sözlərinə görə, ötən il orta aylıq pensiya məbləğinin 300 manat olmasını nəzərə alıb sadə hesablamalarla davam etdirilsə, belə məlum olar ki, pensiyaçıların sayını qayçılamaq hesabına hökumət yalnız 2020-ci ildə 530 milyon manat (300x148x12) vəsaitə “qənaət” edib:

““Qənaət edilən” vəsaitin həcmi 1 milyard manatdan çoxdur”

Azərbaycan manatı
Azərbaycan manatı

“Pensiya almalı yaşlı insanların boğazından kəsilən vəsaitin məbləği 2019-cu ildə 280 milyon manat, 2018-ci ildə 170 milyon manat, 2017-ci ilin son 6 ayında isə 25 milyon manat təşkil edib. 3 il yarıma “qənaət edilən” vəsaitin həcmi 1 milyard manatdan çoxdur. Faktiki olaraq 150 minə yaxın insanın sosial təminat sistemindən kənara atılması ilə nəticələnib. Odur ki, bu cür qərar və tədbirlərə islahat donu geyindirmək və bu yöndəki istənilən fəaliyyəti “sosial islahat” adı ilə uzlaşdırmaq cəhdləri çox yersiz və çox mənasızdır”.

Pensiya yaşının endirilməsinə ehtiyac varmı ?

“Bu nə dərəcədə düzgün sosial siyasətdir ki, pensiyaçıların sayı belə sürətlə azalır?

Belə olan halda pensiya yaşının endirilməsinə ehtiyac varmı” suallarıyla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinə sorğu göndərdik.

Nazirlik cavab məktubunda bildirib ki, dövlətin sosial siyasəti ildən-ilə güclənməklə, sosial təminat növləri üzrə ödənişlərlə təmin olunan əhalinin sayında son illərdə ciddi şəkildə artım özünü göstərib:

“Prezidentin təqaüdü ilə təmin olunanların sayı iki ildə 5 dəfə artaraq…”

“Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin təqaüdü ilə təmin olunanların sayı son iki ildə 5 dəfə artaraq 60 mindən 300 minə çatıb. İl ərzində aylıq sosial müavinət alanların sayı isə 2017-ci ildəki 368,7 min nəfərdən 2020-ci ilin sonuna 401,3 minə çatıb. İllik 100 minədək şəxs isə birdəfəlik müavinətlə təmin olunur. Ünvanlı sosial yardım alanların sayı isə son bir ildə 20 min nəfər çoxalıb. Bu gün 2,4 milyonadək insan sosial təminat növləri üzrə ödənişlərlə təmin edilir”.

Nazirliyin açıqlamasında sonra da oxuyuruq:

“Təkcə 2020-ci ildə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım üzrə də ödənişlərə əvvəlki ilə nisbətən 20 faiz və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat çox vəsait yönəldilib. O cümlədən, pensiya üzrə 20 faiz, Prezidentin təqaüdü və müavinət üzrə 18 faiz, ünvanlı sosial yardım üzrə 41 faiz çox vəsait xərclənib.”.

“Pensiya yaş həddi 65-dən az olan bir sıra ölkələrdə də mərhələli şəkildə artırılmaqdadır”

Pensiya yaşı məsələsinə gəldikdə, nazirlik qeyd edib ki, indi dünyanın bir çox ölkələrində pensiya yaş həddi 65 və daha yüksəkdir:

“Pensiya yaş həddi 65-dən az olan bir sıra ölkələrdə də pensiya yaşı mərhələli şəkildə artırılmaqdadır. Həmçinin pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi prosesi gedir. Çünki pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlığının saxlanması, etibarlı pensiya təminat mexanizminin mövcudluğu bu proseslərdən keçir. Azərbaycan da bu proseslərdən kənarda qala bilməz. Pensiya ödənişi üçün gözlənilən müddət qabaqcıl dünya təcrübəsində olduğu kimi, Azərbaycan qanunvericliyində də orta hesabla 12 il götürülür”

Nazirliyin açıqlamasına görə, Azərbaycanda da gözlənilən orta ömür uzunluğu göstəricisi onu deməyə imkan verir ki, pensiya ödənişi üçün gözlənilən müddət həmin 12 ildən də çoxdur:

“Bu cür humanist yanaşma heç bir ölkədə yoxdur”

“ Eyni zamanda, Azərbaycan dövlətinin son illərdə pensiya sahəsində humanist yanaşma əsasında apardığı islahatlar pensiya təminatı proqramının daha da genişləndirilməsinə, vətəndaşların bu proqrama daha asan çıxışına imkan verib. Belə ki, 1 yanvar 2019-cu il tarixindən reallaşan islahat vətəndaşların fərdi hesablarında ən kiçik məbləğdə belə pensiya kapitalı olduqda, onlara 25 il sosial sığorta stajı hədiyyə edilməklə pensiya hüququ qazanmağa imkan verir. Bu cür humanist yanaşma heç bir ölkədə yoxdur. Nəticədə ölkədə on minlərlə yaşlı şəxsin pensiya hüququ əldə etməsinə şərait yaradılıb.”
Açıqlamaya görə, həmçinin yaşa görə pensiya və yaşa görə müavinət hüququ verən yaş hədləri ötən ilin əvvəlindən eyniləşdirilib. Nazirlikdən qeyd edildiyinə görə, pensiya yaşına çatan, lakin pensiya hüququ olmayan şəxslər yaşa görə sosial müavinətlə təmin edilir və sosial təminatdan kənarda qalmırlar.

“Pensiyaçıların sayının azalmasını isə təkcə pensiya yaşı ilə əlaqələndirmək doğru deyil”

Məktubda habelə vurğulanıb ki, qanunvericilikdə güzətli şərtlərlə vaxtından xeyli əvvəl pensiyaya çıxmaq hüququ olan bir sıra kateqoriyalar (beşdən çox uşağı olanlar, zərərli işlərdə çlışanlar və b.) nəzərdə tutulub:

“Bir sıra kateqoriyalar da var ki, onlardan ümumiyyətlə pensiya kapitalı tələb olunmur. Misal üçün, I dərəcə əlilliyi olan şəxs pensiya kapitalı olmadan, yalnız 5 il stajla pensiya hüququ əldə edir. Bəzi kateqoriyalarda (II və III dərəcə əlilliyi olanlar və b.) staj tələbi də daha azdır. Bu kimi güzəştli şərtlər də pensiya sisteminə əlçatanlığı artırır. Pensiyaçıların sayının azalmasını isə təkcə pensiya yaşı ilə əlaqələndirmək doğru deyil. Əlillik və sosial təminat sisteminin şəffaflaşdırılması, bu sahəyə ciddi nəzarətin tətbiq edilməsi istiqamətində son illərdə mühüm və davamlı islahatlar aparılır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG