Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:49

Navalnının məhkəməsində fasilə, üç diplomat Rusiyadan qovulur


A.Navalnı məhkəmədə, 5 fevral, 2021-ci il
A.Navalnı məhkəmədə, 5 fevral, 2021-ci il

Moskvada məhkəmə başlanan gün Avropa Birliyinin baş diplomatı da Navalnıyla bağlı danışıqlar aparır

Moskva məhkəməsi fevralın 5-də Aleksey Navalınının işi üzrə dinləmədə fevralın 12-dək fasilə elan edib.

Məhkəmədə Navalnıya qarşı “böhtan” ittihamı araşdırılır.

Müxalifətçi II Dünya Müharibəsinin 95 yaşlı veteranı barədə onun şərəf və ləyaqətinə ziyan vuran qərəzli yalan məlumatı yaymaqda ittiham olunur.

Sözü gedən veteran Konstitusiya dəyişikliklərini “reklam” edən videoya çəkilmişdi.

Başqa bir iş üzrə həbsdə olan Navalnı fevralın 5-də səhər Babuşkin rayonu məhkəməsinə gətirilmişdi.

Merkel və Makron qərarı pisləyiblər

Bu arada Rusiya Avropa İttifaqı ölkələrindən olan üç diplomatı persona non grata elan edib.

Rusiya XİN-in məlumatında deyilir ki, söhbət İsveç, Polşa və Almaniyanın diplomatlarından gedir.

Moskva iddia edir ki, İsveç və Polşanın Sankt Peterburqdakı baş konsulluqlarının iki əməkdaşı və Almaniyanın Moskvadakı səfirliyinin bir diplomatı yanvarın 23-də “qanunsuz aksiyalarda” iştirak ediblər.

Belə görünür, söhbət Aleksey Navalnıya dəstək aksiyalarından gedir.

Sözü gedən üç diplomat ən yaxın müddətdə Rusiyanı tərk etməlidirlər.

Avropa İttifaqı diplomatların qovulması məsələsinə yenidən baxılmasına çağırıb.

Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron birgə keçirdikləri mətbuat konfransında Moskvanın qərarını əsassız saydılarını deyiblər.

İsçeç XİN konsulluq əməkdaşının etiraz aksiyasında iştirakına dair iddianı rədd edib.

Polşa qərarın dəyişdiriləcəyinə ümid etdiyini, əks halda Varşavanın cavab addımları atacağını bildirib.

Bu hadisə Avropa İttifaqının xarici işlər komissarı Josep Borrelin Moskvada səfərdə olduğu vaxta təsadüf edir.

***

Navalnının saxlanması və etirazçılara divan tutulması Rusiyayla münasibətləri “ən aşağı səviyyə”yə endirib. Bunu AB-nin Xarici siyasət rəhbəri Jozep Borrel Moskvada deyib.

Rusiyalı həmkarı Sergey Lavrovla görüşdən öncə Borrel qeyd edib ki, “münasibətlərimiz həqiqətən çətin dövrdən keçir”.

Sergey Lavrov (solda) və Jozep Borrell
Sergey Lavrov (solda) və Jozep Borrell

Dialoqa yenidən başlamaq...

Avropa ölkələri Navalnıın həbsini, Rusiyanın müxalifətçiyə azadlıq tələb edənlərə divan tutmasını pisləyib.

“Münasibətlərimiz həqiqətən də böyük gərginlik altındadır, Navalnı işi onu aşağı hədd endirdi”, – Borrel vurğulayıb.

Prezident Vladimir Putinin sözçüsü görüşdən öncə deyib ki, Rusiya AB ilə münasibətlərin yaxşılaşmasını, dialoqa yenidən başlanmasını istəyir. Amma Dmitri Peskov onu da qeyd edib ki, Rusiya ilə AB arasında həll olunmayan ziddiyyətlər “həddən artıq çoxdur”.

Lavrov isə görüşdən öncə Rusiya-AB münasibətlərinə “ədalətlə yenidən baxılmasının” gərəkdiyini bildirib.

Rusiya rəsmiləri Qərbi müdaxilədə ittiham edir. Amma Borrel Moskvaya gəlməzdən öncə səfərinin “daxili işlərə qarışmaq məqsədi güdmədiyini”, “universal prinsiplər və beynəlxalq öhdəliklər”lə bağlı olduğunu söyləyib. O, Rusiyanın Avropa Şurasının, ATƏT-in üzvü olduğunu vurğulayıb.

“Layiqincə hazırlaşıb...”

Navalnıya azadlıq tələb olunan həftəsonu etirazlarında 10 minədək nümayişçinin saxlandığı bildirilir. Müxalifətçinin müttəfiqi Leonid Volkov isə fevralın 6-7-də daha bir etiraz keçirməkdənsə nümayişləri bir neçə ay sonraya saxlamağa, bununla müxalifətə hazırlaşmağa vaxt verməyə çağırıb.

“Onlara layiqincə hazırlaşıb yazda və yayda böyük etiraz keçirəcəyik”, – o, YouTube-da canlı yayında deyib.

Sentyabrın 17-də Rusiyada parlament seçkiləri keçirilməlidir. Navalnı və komandası vətəndaşları Putinin Vahid Rusiya Partiyasından olan siyasətçilərin rəqiblərinə səs verməyə həvəsləndirir.

***

Rusiyada müxalifətçi Aleksey Navalnının böhtan ittihamı üzrə məhkəməsi başlanıb. Söhbət siyasətçinin kremlpərəst videodakı şəxslər barəsində Twitter-də yazdığı şərhlərdən gedir.

Navalnı 2-ci Dünya müharibəsi veteranına böhtan atmaqda suçlanır. Veteran ötən il konstitusiyaya dəyişikliklərə dəstək ifadə olunan təbliğat videosunda çəkilibmiş. Dəyişikliklər Prezident Vladimir Putinin 2024-cü ildən sonra da daha iki müddətə vəzifədə qala bilməsinə yol açıb.

Fevralın 5-də iclasa qatılmış Navalnı videodakı veteranı və digərlərini “vətənə utanc” və “xəyanətkarlar” adlandırıb. O bu haqda iyunda Twitter-də yazıb.

Baydenin çağırışı

Üç gün öncə Kremlin tənqidçisi 3 il yarım həbs cəzasına məhkum edilib. O, siyasi hesab olunan mənimsəmə işi üzrə şərti cəzanın şərtlərini pozmaqda ittiham olunub. Hökmə görə, Navalnı artıq həbsdə keçirdiyi müddəti nəzərə almaqla 2 il 8 ay həbsdə qalacaq.

Bu hökm Rusiyada kütləvi etirazlara, Qərbin qınağına səbəb olub. ABŞ Prezidenti Co Bayden fevralın 4-də Moskvanı müxalifət liderini “dərhal və şərtsiz” buraxmağa çağırıb.

“Cənab Navalnının, Rusiyanın bütün vətəndaşları kimi konstitusiyada təsbit olunan hüquqları var. O, korrupsiyanı ifşa etdiyinə görə hədəfə alınıb”, – Bayden ilk xarici siyasət çıxışında deyib. O xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar insan haqları və ABŞ-ın maraqlarına ziyan vuran digər fəaliyyətlə bağlı “güzəştə getməyəcək”.

Moskvada məhkəmə başlanan gün Avropa Birliyinin baş diplomatı da Navalnıyla bağlı danışıqlar aparır.

AB-nin Xarici siyasət rəhbəri Jozep Borrelin görüşlərdə Navalnı işini, hökumətə qarşı çıxanlara divan tutulmasını qaldıracaq. O, fevralın 5-də Xarici işlər naziri Sergey Lavrovla görüşməlidir.

“Aleksey Navalnının zəhərlənməsi, onun həbsi, son günlər minlərlə nümayişçi ilə bağlı mövqeyimiz çox aydındır”, – “Interfax”ın məlumatına görə, Borrel belə deyib.

Navalnıya azadlıq tələb edən 10 mindən çox etirazçı saxlanıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG