Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 18:58

Prezidentin ictimai nəzarətlə bağlı çağırışlarına yozumlar...


Prezident İ.Əliyev
Prezident İ.Əliyev

Fevralın 1-də Prezident İlham Əliyev Azərbaycan Dövlət Televiziyasına müsahibəsində işğaldan azad edilən torpaqlarda bərpa işlərindən danışarkən ictimai nəzarətin vacibliyinə toxunub. "İctimai nəzarət olmasa, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək", -deyə o vurğulayıb.

Bu, ictimai nəzarətlə bağlı prezidentin ilk fikirləri deyil. O, çıxışlarında tez-tez bu məsələnin vacibliyindən danışır. Hələ 2018-ci ildə Maştağa qəsəbəsində müəllimlərlə görüşdə "Azərbaycanda ictimai nəzarət daha da güclü olmalıdır" deyən prezident qeyd etmişdi ki, ölkədə hələ də kifayət qədər narahatedici məsələlər var və bu problemlər barədə xəbərdar olmaq üçün ictimaiyyətin fəallığına ehtiyac var: "İctimai nəzarət, ictimaiyyətin fəallığı olmadan bəzi hallarda bu məlumat da bizə çatmır".

"Harada ki, insanları narahat edən məsələlər, nöqsanlar,..."

2019-cu ildə də prezident Nazirlər Kabinetinin iclasında bunları demişdi: "Harada ki, insanları narahat edən məsələlər, nöqsanlar, çatışmazlıqlar var, onlar deyilməlidir".

"Bu, nəzarət deyilmi?"

Parlamentin İqtisadiyyat komitəsinin üzvü Rüfət Quliyev AzadlıqRadiosuna deyib ki, bu gün Azərbaycanda ictimai nəzarətin ən müxtəlif formaları var. Onun sözlərinə görə, parlamentdə 40 minə yaxın vətəndaşı təmsil edən deputatlar, jurnalistlər, siyasi partiyalar və digər qurumlar vətəndaş nəzarətinin tərkib hissəsidir:

R.Quliyev
R.Quliyev

"Jurnalistlər fəallaşıb, obyektiv məlumatlar verirlər. Bu, nəzarət deyilmi? Nəzarətdir. İkincisi, parlament nəzarəti. Biz deputatlar ildə azı iki dəfə hökumətlə görüşürük. Orada istənilən sualları veririk. Bu gün tenderlər onlayn keçirilir... Hansısa bir jurnalistin və ya kiminsə şübhəsi yaranıbsa ki, nəsə düz getmir, istənilən millət vəkillərinə müraciət edə bilər. Biz onların cavabını rəsmi qaydada tələb edə bilərik".

R.Quliyevin bildirməsinə görə, prezident özü də dövlət məmurlarına dəfələrlə tapşırıq verib ki, vətəndaşlarla açıq olsun: "Onların hər bir dərdini eşitsin. Bu da imkan verir ki, haradasa bir pozuntu olarsa, dərhal aşkarlansın".

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli isə "Turan" agentliyinə deyib ki, ictimai nəzarət zəif parlament olan yerdə çox da faydalı olmayacaq: "Yəni, parlamenti gücləndirmək lazımdır. Qeyri-hökumət təşkilatları da öz yerində. Onları son illər ərzində çox əzdilər, həbs olanlar, ölkədən qaçanlar oldu, qanunvericilik sərtləşdirildi".

E.Qədirli
E.Qədirli

"...Münasibətlər liberallaşdırılmalıdır"

Deputat hesab edir ki, güclü ictimai nəzarət üçün qanunlar dəyişməli, sivil toplum üzərindən basqılar götürülməli, münasibətlər liberallaşdırılmalıdır: "Mətbuat azad olmalıdır. İndi köhnə qurum ləğv olundu, yenisi gəldi. İşini necə quracaqlar, hələ ki, bilmirik, amma hər halda jurnalistlərin işi hamının yararınadır. Media azadlığı olmasa, parlament da, sivil toplum da zəif olacaq. Yəni, onların hamısı bir birinə bağlı şeylərdir".

"Deməli, bir şeylər etməyə çalışır…"

E.Qədirlinin fikrincə, bütün bu məsələlərin həyata keçirilməsi zəruridir: "Bunun mümkünlüyü isə daha çox hakimiyyətin, konkret olaraq prezidentin iradəsindən asılıdır. Əvvəl bu barədə danışmırdı, indi açıq deyirsə, deməli, bir şeylər etməyə çalışır və ya düşünür bu haqda".

"Qalib gəlmiş xalqı köhnə yollarla idarə etmək olmayacaq"

Deputat qeyd edib ki, zərurəti doğuran şeylər çoxdur: "O cümlədən ordumuzun qələbəsi, torpaqlarımızın işğaldan azad olunması. Qalib gəlmiş xalqı köhnə yollarla idarə etmək olmayacaq. Bunu məncə, hər kəs anlayır. İşğaldan azad olunmuş ərazilərdə yenidən qurulmalı olan yalnız şəhər və kəndlər deyil, həm də ictimai münasibətlərdir. Bax, indi görürsünüz ki, prezident işğaldan azad olunmuş torpaqlarda öz səlahiyyətli nümayəndəlikləri təsis etdi. Bu o deməkdir ki, köhnə icra başçıları sisteminə prezidentin güvəni yoxdur. Bu haqda çox yazmışıq, demişik, sistemin yanlış olduğunu göstərməyə çalışmışıq. Görünür ki, şərait da yetişməli idi. İndi artıq şərait yetişməkdədir".

Amma ölkədəki rəsmi qurumlar sivil topluma, mətbuata basqılar edilməsi ilə bağlı fikirləri bölüşmürlər. Onlar hesab edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Bu fikirləri dövlət başçısı İ.Əliyev də dəfələrlə dilə gətirib.

B.Hacıyev
B.Hacıyev

"…Bunlar müəyyən qədər bir imitasiyadır"

Başqa tərəfdən, ictimai fəal Bəxtiyar Hacıyevin AzadlıqRadiosuna deməsinə görə, prezident son iki ildə ictimai nəzarət mövzusunu qaldırır, cəmiyyətdə belə bir təəssürat yaratmağa çalışır ki, sanki ölkədə və özünün komandasında baş verənlərdən xəbərdar deyil: "Amma sonradan biz gördük ki, əslində, bunlar müəyyən qədər bir imitasiyadır. 18 ilə yaxın hakimiyyətdə qalıb və onun böyük bir hissəsini eyni komanda ilə keçirən, ona rəhbər olan bir şəxs öz komandası daxilində nə baş verdiyini çox yaxşı görür. Əgər doğrudan da ona nəzarət, komanda daxilində və vətəndaş-məmur münasibəti ilə bağlı məlumat lazımdırsa, onu öz strukturları, dövlət resursları vasitəsilə toplaya bilər".

B.Hacıyev hesab edir ki, bu, sadəcə, vətəndaşları sakitləşdirmək və özü haqqında pozitiv fikirləri yaratmaq üçün atılmış addımlardır.

"Parlamentin azad seçkilər vasitəsilə formalaşmasına icazə verməlidir"

Fəal deyir ki, həqiqətən də ictimai nəzarətlə bağlı addım atmaq istəyən şəxs ölkədə vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının güclənməsinə təkan verməlidir, mətbuat azadlığına dəstək verməlidir: "Həmçinin, sərbəst şəkildə vətəndaşlarının maraqlarını təmsil edəcək parlamentin azad və ədalətli seçkilər vasitəsilə formalaşmasına icazə verməlidir. Yəni, ictimai nəzarətə aparan bütün yolların hamısını bağlayıb sonra da "ictimai nəzarət olmalıdır" demək dürüst bir davranış deyil".

"Seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir"

Amma ölkənin rəsmi qurumları seçkilərə ciddi şübhələri də əsassız sayırlar. Ötən il ölkədə keçirilən növbədənkənar parlament seçkilərindən sonra formalaşan Milli Məclisin yeni tərkibinin ilk iclasında prezident İ.Əliyev demişdi: "Hesab edirəm ki, bütövlükdə seçki prosesi həm uğurla keçmişdir, həm də seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini əks etdirmişdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı bu seçkilərdən məmnun qalmışdır və seçkilərdən sonra müşahidə olunan hadisələr bunu bir daha göstərir".

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG