Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:46

Respublikaçılar partiyasından gedənlər var – Qərb mediası


Donald Tramp (solda) həyat yoldaşı Melania Tramp ilə
Donald Tramp (solda) həyat yoldaşı Melania Tramp ilə

Amma iki keçmiş məmur agentliyə deyiblər ki, Trampın təsirindən can qurtarmaqdan ötrü partiyada qalmaq vacibdir

Keçmiş prezident Corc Buş administrasiyasında təmsil olunmuş onlarla respublikaçı partiya sıralarını tərk edir. Onlar bununla çoxsaylı seçilmiş respublikaçının Donald Trampın seçki saxtakarlığı iddialarından sonra ondan imtina etməməsinə etirazlarını bildirirlər. Bu haqda “Reuters” eksklüziv informasiya yayıb.

Vaxtilə yüksək vəzifələrdə olmuş respublikaçıların sözlərinə görə, ümid edirmişlər ki, Trampın 3 noyabr seçkisində məğlubiyyətindən sonra onlar keçmiş prezidenti dəstəkləməyəcək, onun seçkinin nəticəsinin oğurlanması haqda saxta iddialarını pisləyəcəklər.

“Tramp kultu”

Amma respublikaçıların çoxu hələ də Trampın tərəfini saxlayır deyə, keçmiş məmurlar daha partiyaya xidmət etmədiklərini deyirlər. Bəziləri artıq üzvlüyə son veriblər, digərləri müstəqil kimi qeydiyyatdan keçiblər.

“Mənim tanıdığım Respublikaçılar Partiyası daha mövcud deyil. Onu Tramp kultu adlandırardım”, – Buş administrasiyasında Terrorçuluq və Maliyyə Kəşfiyyatı üzrə katib müavini işləmiş Cimmi Qurul deyib.

Buş dövründə Ağ evin kommunikasiya ofisində altı il işləmiş Kristofer Purçelin deməsinə görə, təxminən 60-70 keçmiş vəzifəli partiyadan çıxmaq, yaxud onunla əlaqələri kəsmək qərarı verib. “Bu say günbəgün artır”, – o vurğulayıb.

Agentlik yazır ki, Respublikaçılar partiyasından ayrılmalar Tramp və irsiylə bağlı partiyadaxili ikitirəliyin onu necə laxlatdığını göstərir.

Hazırda partiya mötədil respublikaçılarla Trampın seçki məmurlarına və sadiq tərəfdarlarına təsirindən iyrənmiş müstəqillərə bölünüb. Rəy sorğusu isə hər iki tərəfin güclü dəstəyi olmasa, partiyanın seçkiləri udmaqdan ötrü mübarizə aparmalı olduğunu göstərir.

Respublikaçıların mövqeyi

Respublikaçı Milli Komitəsi agentliyə partiya sədri Ronna MakDanielin bu yaxınlarda “Fox Business” kanalına müsahibəsini xatırladıb. “Hazırda azacıq mübahisəmiz var. Amma bunun öhdəsindən gələcəyik. Gəlməliyik”, – MakDaniel deyib. O, partiyanın Demokrat partiyasını təmsil edən Prezident Co Baydenə qarşı birləşəcəyini sözlərinə əlavə edib.

Trampın təmsilçiləri məsələni şərh etməyib.

Keçmiş prezident Buşun təmsilçisi də şərh verməyib. Buş Trampın prezidentliyi dövründə “siyasətdən getdiyini” bəyan etmişdi.

Yanvarın 6-da Konqres Baydenin qələbəsini təsdiqləyəndə Tramp tərəfdarları Kapitoliyə basqın elədi. O zaman biri polis əməkdaşı olmaqla 5 nəfər ölüb. Konqresdəki respublikaçıların yarıdan çoxu – 8 senator, 139 palata üzvü basqından bir neçə saat sonra seçkinin nəticəsinin təsdiqlənməsini dayandırmağa səs verdilər.

Bundan başqa, respublikaçı senatorların çoxu Trampın impiçmentini dəstəkləməyəcəklərini deyiblər. Bu isə keçmiş prezidentin Senatda mühakimə zamanı təqsirli bilinməyəcəyi anlamına gəlir. Tramp yanvarın 13-də Nümayəndələr Palatasında “qiyamı qızışdırmaq” ittihamıyla impiç olunub. O, tarixə iki dəfə olunan prezident kimi düşüb.

“Trampın partiyası kimi qalacaqsa...”

“Əgər bu, Trampın partiyası kimi qalacaqsa, çoxumuz qayıtmayacağıq. Senat onu təqsirli bilməsə, özünü Tramp xərçəngindən qurtarmasa, çoxumuz respublikaçı liderlərə səs verməyə dönməyəcəyik”, – Buş administrasiyasının keçmiş maliyyə naziri Rozario Marin söyləyib.

Amma iki keçmiş məmur agentliyə deyiblər ki, Trampın təsirindən can qurtarmaqdan ötrü partiyada qalmaq vacibdir.

Respublikaçı partiyasının veteranı, həm Riçard Nikson, həm də Corc Buş dövründə işləmiş Suzi DeFransiz deyib ki, noyabrda Baydenə səs verib, amma partiyanı parçalamaq yalnız demokratların xeyrinə olar.

“Adamların niyə məyus olub partiyadan çıxmaq istədiyini anlayıram. Mən 4 il bu hissləri yaşamışam”, – DeFransiz söyləyib.

Amma o, respublikaçıların dəyərləri ətrafında birləşməyin vacibliyini vurğulayıb. Bu dəyərlərin isə hökumətin məhdudlaşdırılması, şəxsi məsuliyyət, azad sahibkarlıq və güclü milli müdafiədən ibarət olduğunu deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG