Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 03:13

'Sürüşmə əsasən təbii amillərin təsirindən yaranıb'


Badamdarda sürüşmə

"Ərazidə baş vermiş sürüşmə prosesi əsasən təbii amillərin təsirindən yaranıb".

"Turan" agentliyinin xəbərinə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov Badamdarda baş vermiş sürüşmə ilə bağlı yanvarın 29-da yaydığı açıqlamasında bildirib.

Onun vurğulamasına görə, ərazidə süxurların yuyulmaya həssaslığı, yamacın sərt şaquli mailliyi və son aylar intensiv atmosfer yağışları da prosesi qaçılmaz edib.

R.Həsənov qeyd edib ki, buna təbii amillərdən əlavə, insan amilinin də təsiri var. Onun fikrincə, yamacın yuxarı hissəsində təsərrüfat sularının axıdılması da prosesin aktivləşməsinə səbəb olub.

"Hal-hazırda ərazidə tədqiqat işləri aparılır, sürüşmə kütləsinin parametrləri ölçülür, bu istiqamətdə araşdırmalar davam edir", - R.Həsənov bildirib.

"Bir restoran, daha iki fərdi ev ziyan çəkib"

Xidmətdən verilən məlumata görə, sağ yamacda çox böyük süxur kütləsi aşağı sürüşüb, torpaq kütləsi restoran binasına daxil olub. İlkin müşahidələrə görə, yamacın Badamdar massivi hissəsində qoruyucu divarlar da kütlənin təsiri ilə dayanıqlığını itirib və aşağı sürüşüb.

Bakı şəhər İcra Hakimiyyətindən isə bildiriblər ki, Badamdar qəsəbəsində torpaq sürüşməsinin aktivləşməsi nəticəsində bir restoran, daha iki fərdi ev ziyan çəkib, həmin evlərin sakinləri təxliyə edilib. Bildirilib ki, torpaq uçqunu altında bir avtomobil qalıb, amma heç bir tələfat yoxdur.

Zəlzələ...

"Ötən gün (yanvarın 28-də) Xəzər dənizində 4.5 bal gücündə baş verən zəlzələ Badamdar qəsəbəsində sürüşmənin aktivləşməsinə səbəb olub".

APA-nın xəbərinə görə, bunu isə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov deyib.

Xatırlatma

Son dönəmlər sözügedən ərazidə torpaq sürüşməsi 2017-ci ildən aktivləşib. Buna səbəb kimi ərzinin tikinti ilə həddən artıq yüklənməsi, kanalizasiya sisteminin olmaması, Bayıl yamacına insan müdaxiləsi göstərilib. Əraziyə Yaponiyadan mütəxəssislər dəvət olunsalar da, sonradan bu məsələlərlə bağlı əlavə açıqlamalar verilməyib. Sonuncu dəfə bu ərazidə torpaq sürüşməsi 2020-ci ilin fevralında olmuşdu.

XS
SM
MD
LG