Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 11:27

Əfqan Sadıqovun cəzası 1 il azaldıldı


Ə.Sadıqov

Azel TV saytının ötən il noyabrın 3-də 7 il azadlıqdan məhrum edilən rəhbəri Əfqan Sadıqovun bu gün, yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsində şikayətinə baxılıb.

Bu barədə Azadlıq Radiosuna Ə.Sadıqovun xanımı Sevinc Sadıqova bildirib. Onun deməsinə görə, Ə.Sadıqovun işinə hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə baxılıb: "Heç bir vəsatəti qəbul etmədilər. Müdafiə tərəfi həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması, bir də Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun şahid kimi məhkəmədə iştirak etməsi barədə vəsatətlər qaldırmışdı. Amma heç biri qəbul edilmədi. Yalnız 7 il həbsi 6 ilə endirdilər. Öz aləmlərində ədalətli qərar verdiklərini düşünürlər. Bunu ədalətsiz sayır, Əfqan Sadıqovdan qisas almaq kimi dəyərləndirirəm".

Ə.Sadıqovun yaxınları onun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun istəyi ilə həbs olunduğunu bəyan edirlər. Amma onların bu iddiasına qarşı tərəfdən, hələlik, münasibət almaq mümkün olmayıb.

Xanımının deməsinə görə, məhkəmə prosesində iştirakına icazə verməyiblər, Ə.Sadıqovun özü də məhkəməyə gətirilməyib. S.Sadıqovun vurğulamasına görə, əri hələ də aclıq aksiyasını davam etdirir.

Bu açıqlamaya da, hələlik, məhkəmənin və başqa rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

Həbsdəki jurnalistin xanımı: 'Elə bil şou göstərirəm, heç bir reaksiya yoxdur'
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Azel TV saytının rəhbəri Ə.Sadıqov ötən ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi xəbər verilmişdi.

Bir neçə gün öncə ailəsi Ə.Sadıqova baş çəkmişdi. Onların deməsinə görə, Ə.Sadıqovun aclıq aksiyası nəticəsində səhhəti kəskin pisləşdiyindən həkimlər ona sistem köçürməli olublar.

Həmin vaxt Ombudsman Aparatından da Ə.Sadıqovun komada olmadığı, amma qida qəbulundan imtina etdiyini bildirmişdilər.

Sayt rəhbərinə eyni səbəbdən bundan öncə, ötən ilin sonunda da sistem köçürüldüyü açıqlanıb.

Xatırlatma

Ə.Sadıqov bundan əvvəl 2016-cı il noyabrın 22-də də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu.

Sonradan onun cəzası 1 il azaldıldı. O, daha sonra da buna qədər bir neçə dəfə müxtəlif müddətlərlə inzibati qaydada həbs edilib.

Ə.Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun onun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

XS
SM
MD
LG