Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:54

'Rövnəq Abdullayevin bundan sonra prezident kimi qalıb-qalmaması…'


R.Abdullayev
R.Abdullayev

Yanvarın 23-də prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılıb. Müşahidə Şurası Azərbaycan prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 üzvdən ibarətdir. Prezidentin sərəncamı ilə iqtisadiyyat naziri Mikayıl Cabbarov Müşahidə Şurasının sədri təyin edilib.

"SOCAR-ın bu prosesdən kənarda qalmasını düşünmək sadəlövhlük olardı"

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı mövzu ilə bağlı "Turan" agentliyinə bildirib ki, prezident İ.Əliyev öz çıxışlarında islahatların zəruriliyini dəfələrlə vurğulayıb: "Prezident İlham Əliyev dəfələrlə bildirib ki, burada geriyə dönüş yoxdur və kimsənin xidmətlərinə görə günahları bağışlanmayacaq. Yəni, hər kəs öz işinin məsuliyyətini daşımalıdır. Bu proseslər gedir. Bir sıra nazirliklərin, dövlət qurumlarının birləşdirilməsi, strukturun dəyişdirilməsi göstərir ki, SOCAR-ın bu prosesdən kənarda qalmasını düşünmək sadəlövhlük olardı".

"Uzun müddətdir ki, orada eyni adamlar rəhbərlikdə çalışırlar…"

Deputat daha sonra da deyib: "Uzun müddətdir ki, orada eyni adamlar rəhbərlikdə çalışırlar və haqqında çoxlu tənqidlər var. Bu tənqidlərin hansı doğrudur, hansı yalandır, sübutsuz və müəyyən araşdırmanı aparmadan demək olmaz. Çünki hansı təşkilatlar böyükdür, onun maliyyə imkanı genişdir, həmin təşkilatın tənqid olunması bizdə ənənəyə çevrilib. Hər halda görünür ki, SOCAR-ın işində də nöqsanlar var idi".

"SOCAR az qala ölkə içində ölkəyə çevrilib"

S.Rüstəmxanlı həmçinin, hesab edir ki, şirkətin rəhbərliyinin təkmilləşdirilməsi qurumun böyüməsi ilə bağlıdır: "Qurum getdikcə böyüyür. Azərbaycan öz neft və qazını Avropaya çıxarıb, yeni neft-qaz yataqları istismara verilib, cəlb olunan investisiyaların miqdarı artıb. Son günlərdə həm də Türkmənistanla "Dostluq" yatağının birgə istismarı haqqında qərar qəbul edilib. Beləliklə SOCAR az qala ölkə içində ölkəyə çevrilib. Yəni, böyük bir qurumdur və onu bir-iki nəfərin idarə etməsi çətindir".

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Müşahidə Şurasının yaradılması doğru bir addımdır"

Deputatın sözlərinə görə, SOCAR-ın işinin təkmilləşdirilməsinə ehtiyac olduğunu hər kəs görürdü: "Neftdən başı çıxmayan da görür ki, orada ciddi qüsurlar var və bunlar aradan qaldırılmalıdır. Ona görə də Mikayıl Cabbarovun başçılığı ilə Müşahidə Şurasının yaradılması doğru bir addımdır. Güman edirəm ki, SOCAR-ın işində olan qüsurlar aradan qaldırılacaq".

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, idarəetmə formasının dəyişdirilməsi faktiki olaraq SOCAR-ın prezidenti və vitse-prezidenti vəzifələrini mənasız vəzifələrə çevirib: "Bundan öncə də İnvestisiya Holdinqi yaradılmışdı, SOCAR həmin holdinqə daxil edilib və investisiyalarla, satınalmalarla və digər böyük məsələlərlə bağlı qərarlar İnvestisiya Holdinqinə verildi. Səlahiyyətlər artıq bölünmüşdü".

"İnsan artıq heç nəyi həll etmirsə…"

Onun fikrincə, mərhələli yolla SOCAR-da idarəetmənin dəyişdirilməsi yolu tutulub: "Belə yanaşma ilə SOCAR-da idarəetmənin fəlsəfəsi dəyişdirilir. Şəxslər də dəyişdirilir. Çox güman ki, Rövnəq Abdullayevin bundan sonra prezident kimi qalıb-qalmaması artıq maraq da kəsb etməyəcək. Yəni, insan artıq heç nəyi həll etmirsə, hər hansı qərarların verilməsində birbaşa iştirak etməyəcəksə, onun rəhbər kimi qalıb-qalmamasının bir əhəmiyyəti qalmayıb".

N.Cəfərlinin sözlərinə görə, SOCAR-ın Müşahidə Şurasının yaradılması ümumilikdə qurumun idarəetməsinin təkmilləşdirilməsi ilə əlaqədardır və veriləcək qərarların şəffaflığının artırılmasına xidmət etməlidir: "Necə işləyəcək, gələcəkdə görəcəyik".

N.Cəfərli
N.Cəfərli

"Burada artıq ciddi suallar ortaya çıxır"

İqtisadçı vurğulayıb ki, İnvestisiya Holdinqi ilə Müşahidə Şurasında demək olar ki, eyni şəxslər təmsil olunur və onlara rəhbərlik edirlər: "Mikayıl Cabbarov hər iki qurumda rəhbər vəzifədədir. (M.Cabbarov İnvestisiya Holdinqin Müşahidə Şurasının üzvüdür. Şuranın sədri baş nazirdir- red.) Belə olan halda bu qurumların bir-biri ilə əlaqələri necə qurulacaq? İşlərin monitorinqi necə aparılacaq? Məntiqlə Müşahidə Şurası SOCAR-la bağlı verilmiş qərarlara nəzarət etmək üçündür. Əgər qərarı İnvestisiya Holdinqi verəcəksə və həmin qurumda da eyni insanlar təmsil olunacaqsa, özləri verdiyi qərarların özləri monitorinqimi aparacaqlar? Burada artıq ciddi suallar ortaya çıxır".

Üstəlik, M.Cabbarov Tarif Şurasının sədridir. Adətən, ölkədə enerjidaşıyıcıların qiymətinin artırılması ilə bağlı SOCAR təkliflə çıxış edir. Bəzi müşahidəçilər bu məqamın da ciddi suallar doğurduğunu düşünürlər.

Yazıda səslənən fikirlərə iqtisadiyyat naziri M.Cabbarov və SOCAR rəhbərliyindən münasibət almaq, hələlik, mümkün olmayıb.

Xatırlatma

SOCAR 1992-ci ildə yaradılıb. O, Azərbaycan ərazisindəki neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı, işlənməsi üzrə fəaliyyət göstərir. Habelə, onların xarici bazarlarda satışı, ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olur. SOCAR-ın tərkibində üç istehsalat birliyi, bir neft və bir qaz emalı zavodu, Dərin Özüllər Zavodu, iki trest, bir institut daxil olmaqla hüquqi şəxs statusuna malik 23, qeyri-hüquqi şəxs statusuna malik dörd qurum fəaliyyət göstərir.

Ötən il avqustun 6-da prezident İ.Əliyev keçirdiyi müşavirədə ölkənin bir sıra iri dövlət qurumlarını tənqid etmişdi. Prezident adıçəkilən şirkətlərə dövlət büdcəsindən ayırmalar olduğuna diqqət çəkmişdi: "...Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır...".

Onda SOCAR rəhbərliyi də dövlət başçısının tənqidləri ilə razılaşaraq bundan nəticə çıxarılacağını açıqlamışdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG