Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:21

Moskva polisi etirazları dağıdacağını deyir


Məktəbli Navalnının şəklini yapışdırır
Məktəbli Navalnının şəklini yapışdırır

“Bloomberg” yanvarın 22-də Rusiya liderlərinə yaxın iki mənbəyə istinadla yazıb ki, Kreml Navalnını “bir neçə il, daha artıq müddətə” həbs elətdirmək istəyir

Rusiyada şənbə günü müxalifətçi Aleksey Navalnıya dəstək aksiyaları yaxınlaşdıqca rəsmilərin təzyiqləri də artır, hər hansı icazəsiz tədbirlərin “qarşısının dərhal alınacağı” bildirilir. Nümayişə çıxmağı planlaşdıranlar həbslə hədələnir.

Navalnı tərəfdarları onun həbsinə etiraz olaraq yanvarın 23-də ölkənin azı 65 şəhərində nümayişlər planlaşdırırlar. O, avqustda zəhərlənmədən Almaniyada müalicə alırdı, yanvarın 17-də Berlindən Moskvaya qayıdarkən saxlanıb.

Navalnı tərəfdarları həbs olunur

44 yaşlı siyasətçinin azı beş tərəfdarı yanvarın 21-də saxlanıb. Onların içində Antikorrupsiya Fondunun (AKF) aparıcı rəsmiləri də var.

Onlardan biri, Navalnının sözçüsü Kira Yarmış yanvarın 22-də tvitində yazıb ki, bir gecə həbsdə keçirəndən sonra icazəsiz tədbirin təşkilinə görə administrativ həbsə məhkum edilib.

“9 günlüyə həbs olundum. Yaxşı, nə edəcəyinizi bilirsiniz. Yanvarın 23-də saat 2-də şəhərlərinizin mərkəzi küçələrinə. Gəlin!” – yazan Yarmış əlavə edib ki, hakim onunla bağlı hökmü beş dəqiqədən də az müddətə çıxarıb.

Navalnının vəkili Lyubov Sobol da bir gün öncə saxlanıb, bir neçə saata o da hakim qarşısına çıxarılmalıdır.

Onun vəkili Vladimir Voronin yanvarın 22-də tvitində yazıb ki, məhkəmə açıqdır, “ancaq media üçün yox”.

Prezident Vladimir Putinin ən məşhur tənqidçisi olan Navalnı yanvarın 18-də 30 sutkalıq həbs olunub. O, daha öncəki cinayət işilə bağlı şərti cəzanın tələblərini pozmaqda ittiham olunur. Müxalifətçi 3 il yarım həbsə məhkum edilə bilər.

“Bloomberg” yanvarın 22-də Rusiya liderlərinə yaxın iki mənbəyə istinadla yazıb ki, Kreml Navalnını “bir neçə il, daha artıq müddətə” həbs elətdirmək istəyir.

Navalnı Putini onun ölümünə göstəriş verməkdə suçlayaraq rusiyalıları “küçələrə çıxmağa”, onun saxlanmasına etiraz etməyə çağırıb.

Qərbin mövqeyi

Müxalifətçinin saxlanmasını Birləşmiş Ştatlar, Avropa Birliyi, Fransa və Kanada pisləyib.

“Bu gün Prezident Putinə zəng edərək AB-nin Aleksey Navalnının həbsini vahid mövqedən pislədiyini, onu dərhal azad etməyə çağırdığını dedim”, – Avropa Şurasının Prezidenti Şarl Mişel yanvarın 22-də Twitter-də yazıb.

Kreml Navalnının zəhərlənməsində hər hansı rolu olmadığını deyir.

Rusiya rəsmiləri xəbərdarlıq edirlər ki, icazəsiz yürüşlərdə iştirak edənlər cəzalandırılacaq.

“İcazəsiz, qanunsuz yürüşlərə çağırışlar daxil olmaqla müəyyən hərəkətlərin baş verdiyi şübhəsizdir”, – Putinin sözçüsü Dmitri Peskov yanvarın 22-də deyib.

Artıq Rusiyanın “Roskomnadzor” mediaya nəzarət orqanı TikTok daxil sosial media şəbəkələrinin gəncləri “qanunsuz” aksiyalara çağıran postları yığışdırmasını istəyib.

Moskva polisi yanvarın 22-də müxalifətin etirazlarını dağıdacağını bildirib.

“İcazəsiz ictimai tədbir cəhdi, yaxud iştirakçılar tərəfindən hər hansı provokativ hərəkət ictimai asayişə təhdid hesab olunacaq, dərhal qarşısı alınacaq”, – polisin bəyanatında deyilir.

Bu həftə Navalnının komandası Putinə aid olduğu bildirilən malikanənin videosunu yayıb. İki saatlıq videoya yanvarın 19-dan 44 milyon dəfədən çox baxılıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG