Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 12:13

'İbtidai sinif müəllimlərinin 37 faizi risk qrupuna aiddir'


Məktəblər açıldı, şagirdlər necə qorunur?
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

Məktəblər açıldı, şagirdlər necə qorunur? Video arxiv. Sentyabr 2020

Azərbaycanda fevralın 1-dən təhsil müəssisələrində tədris mərhələli şəkildə bərpa olunur. Bu, Baş nazir Əli Əsədovun imzaladığı "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə" Qərarda əksini tapıb.

E.Əmrullayev
E.Əmrullayev

Nazirin dedikləri...

Yanvarın 22-də keçirdiyi brifinqdə Təhsil naziri Emin Əmrullayev də bildirib ki, fevralın 1-dən bütün ölkə üzrə ibtidai təhsil, məktəbəhazırlıq və icma əsaslı qrupların fəaliyyəti mərhələli bərpa ediləcək. Nazirin sözlərinə görə, iri şəhərlərdə tədris həftədə 3 dəfə, digər yerlərdə isə 4 və 5 dəfə olmaqla bərpa olunacaq. O, habelə deyib ki, sonrakı iki həftədə V-IX siniflərdə, həmçinin peşə və ali məktəblərdə əyani tədrisin qismən bərpası gözlənilir, amma bu, yoluxmadan asılıdır: "Metronun fəaliyyəti hələ də bərpa edilməyib, növbəti mərhələdə belə qərar olarsa, V-IX siniflər də açıla bilər. Daha az yoluxma olarsa, bölgələrdə daha sürətli açılma ola bilər. Növbəti həftələrdə - yəqin ki, fevralın 8-i və 15-i mümkün qədər açılış ola bilər, məqsəd mümkün dərəcədə məktəbləri dayanıqlı formatda əyani təhsilə qaytarmaqdır. Tələsik açıb, tələsik bağlamaq istəmirik".

Bundan əvvəl keçən ilin sentyabr ayında da (yeni tədris ili başlayanda) məktəblərdə təhsil mərhələli şəkildə bərpa olunmuşdu. Amma qısa müddətdən sonra yoluxmanın artması fonunda bütün təhsil müəssisələri onlayn təhsilə keçmişdi. Azərbaycanda ötən tədris ilində də koronavirus səbəbindən, martın 3-dən distant təhsilə keçilmiş və bu, tədris ilinin sonuna kimi belə davam etmişdi.

Artıq yanvarın 18-dən ölkədə karantin yenidən yumşaldılıb (SMS ilə icazə ləğv edilib və sairə), amma o, aprelin 1-nə kimi davam etməlidir. Yanvarın 18-dən habelə vaksinasiyanın birinci mərhələsi başlayib. Təhsil işçilərinin vaksinasiyasına da fevralın 1-dən başlanmalıdır. Bəs ölkədə vaksinasiyaya hələ yeni başlanması fonunda indidən təhsil müəssisələrinin ənənəvi tədris formasına keçməsi nə dərəcədə düzgündür?

E.Quliyev
E.Quliyev

"Birinci sinif şagirdi üçün onlayn dərslər çətindirdir"

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Eldar Quliyev "Turan" agentliyinə bildirib ki, koronavirus pandemiyası çox sahələrə, o cümlədən də təhsil sahəsinə çox təsir edib: "Mən ənənəvi təhsilin tərəfdarıyam, amma bu gün insan həyatından söhbət gedir. Biz yaşlı insanları da, gənc insanları da qorumalıyıq. Ona görə də dövlət təhsili ənənəvi formatdan onlayn rejiminə keçirməyə məcbur olub".

Deputata görə, müəyyən yumşalmalara getmək vacib idi: "Birinci, ikinci siniflərin şagirdlərinin, həmçinin ali məktəblərin birinci kurs tələbələrinin əyani şəkildə təhsil almaları vacibdir. Çünki birinci siniflərin şagirdi üçün onlayn dərslər çətindir və əlbəttə ki, nəticədə təhsil səviyyəsi aşağı düşəcək. Birinci kurs tələbələri də nə müəllim tanıyırlar, nə dekan tanıyırlar...".

E.Quliyev vurğulayıb ki, məktəb və universitet yalnız təhsil yox, həmçinin tərbiyə də verir: "Ötən ilki 44 günlük müharibə zamanı gördük ki, bizim nə qədər vətənpərvər ruhunda böyümüş gənclərimiz var. Bu, son illərdə Azərbaycanda aparılan təlimlərin nəticəsidir. Vətənpərvərlik, tərbiyə yalnız evdə yox, həm də məktəbdə öyrədilir və bu proses əyani şəkildə olsa, daha yaxşı olar".

"Bu, valideynlər üçün də vacibdir"

Deputat qeyd edib ki, ölkədə vaksinasiya prosesi başlayıb və ümid var ki, yaya qədər Azərbaycanda pandemiya bitəcək: "İndi isə, digər sahələrdəki kimi, təhsil sahəsində də karantin rejimində müəyyən yumşalmalara getmək vacibdir. Bu, valideynlər üçün də vacibdir. Əvvəl işləyən valideynlər uşağı məktəbə qoyub rahat işə gedirdi, indi isə məcburdur uşağa görə evdə otursun. Digər tərəfdən, kompüterin nə qədər xeyri varsa, o qədər də sağlamlıq cəhətdən ziyanı var. Məktəblərin açılması çox vacibdir, amma insan sağlamlığı ondan da vacibdir. Ona görə də bu prosesin mərhələli şəkildə aparılması təqdirəlayiqdir".

K.Əsədov
K.Əsədov

"Kompüterlərin, planşetlərin, internetin olmaması…"

Təhsil üzrə ekspert Kamran Əsədov da AzadlıqRadiosuna bildirib ki, yeni qərara əsasən, 640 min şagird fevralın 1-dən dərs prosesinə başlaya bilər: "Bu, ibtidai sinif şagirdlərini əhatə edir. Mən bu başlamanı müsbət hesab edirəm və növbəti pillələrdə tədris prosesinin bərpasını vacib bir addım kimi qiymətləndirirəm. Bu prosesi başlamaq vacib idi, çünki ibtidai siniflər onlayn qaydada zəruri biliklərə yiyələnə bilmirlər. Digər tərəfdən isə, bu yaş kateqoriyasına aid olan uşaqların onlayn platformalarda qeydiyyatdan keçmək imkanları çox azdır. Eyni zamanda, kompüterlərin, planşetlərin, internetin olmaması, xüsusilə riyaziyyat fənninin onlayn formatda keçirilməsinin çətinlikləri ibtidai siniflərdə təhsilin bərpasını zəruri edib".

"Uşaqlar sentyabrda yay formasını geyinmişdilər…"

Ekspertə görə, amma diqqətdən yayınan bir neçə məsələ də var: "İbtidai sinif müəllimlərinin 37 faizinin yaşı risk qrupuna aiddir. İkinci məsələ isə budur ki, fevral ayıdır, topdan satış yerləri bağlıdır və valideynlərin gəlirləri pandemiyaya görə aşağı düşüb. Belə olan halda şagirdlər hansı formada məktəbə gedəcək? Uşaqlar sentyabrda yay formasını geyinmişdilər, indi isə qış aylarıdır və uşaqların hansı formadan istifadə etməsi olduqca vacib məsələdir. Başqa bir məsələ də açıq qalıb. Şagirdlərin məktəbdə iştirakı könüllüdür. Bəs müəllimlər? Müəllimlər də yoluxmadan narahat olarlar və onların bu səbəbdən məktəbə getməməyə ixtiyarları varmı? Bu məsələlər hələ ki, açıq olaraq qalır, amma mən əminəm ki, onlar da öz həllini tapacaq".

K.Əsədov məktəblərə giriş-çıxış məsələsinə də toxunub: "Sentyabrda dərslər başlayanda valideynlər məktəbin qarşısında yığılırdılar və bu da yoluxma sayına kəskin şəkildə təsir göstərirdi. Qaydalara riayət baxımından ciddi tələblər olmalıdır".

Ekspert hesab edir ki, Təhsil Nazirliyi əlavə müəllim kontingentini işə cəlb etməlidir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. İndiyədək Azərbaycanda isə ümumilikdə 228 min 246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 53 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG