Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:12

Sosial şəbəkələrə ‘qanunsuz’ etirazlarla bağlı xəbərdarlıq


Navalnıya təkadamlıq dəstək aksiyaları davam edir
Navalnıya təkadamlıq dəstək aksiyaları davam edir

Yanvarın 20-də VKontakte sosial şəbəkəsində yerləşdirilmiş bəyanatda “Roskomnadzor” bildirir ki, TikTok-a müraciət Baş Prokurorluğun xahişilə göndərilib

Rusiyanın telekommunikasiyaya nəzarət agentliyi olan “Roskomnadzor” TikTok daxil sosial media şəbəkələrinə xəbərdarlıq edib ki, gəncləri “qanunsuz” ictimai toplantılara çağıran postların yayılmasını dayandırsınlar. Söhbət bu həftəsonuna planlaşdırılan, Kremlin tənqidçisi Aleksey Navalnıya dəstək aksiyasından gedir.

Yanvarın 20-də VKontakte sosial şəbəkəsində yerləşdirilmiş bəyanatda “Roskomnadzor” bildirir ki, TikTok-a müraciət Baş Prokurorluğun xahişilə göndərilib.

TikTok-da gənclərə çağırış olunur

“TikTok vasitəsilə materiallar yayılır, sosial şəbəkənin gənc istifadəçilərini qanunsuz kütləvi etiraz aksiyalarına çağırırlar”, – bəyanatda deyilir.

“Sizin TikTok platformasında belə qanunsuz informasiyanın yayılmasının qarşısını almaq üçün dərhal tədbir görməyinizi xahiş edirik”, – qurum bildirir.

İki gün öncə müxalifətçi Aleksey Navalnı tərəfdarlarını və digər rusiyalıları küçə etirazlarına səsləyib. O, yanvarın 17-də Berlindən Moskvaya qayıdarkən saxlanıb.

Prezident Vladimir Putin ən məşhur tənqidçisi olan Navalnının şərti cəza qaydalarını pozduğu iddia olunur. Müxalifətçi ötən avqustda hərbi dərəcəli sinir qazıyla zəhərlənəndən sonra Almaniyaya aparılmışdı, orada müalicə alırdı.

44 yaşlı siyasətçi Putinin onun qətlinə göstəriş verdiyini deyir, saxlanmasına etiraz olaraq rusiyalıları “küçələrə çıxmağa” çağırıb. Tərəfdarları yanvarın 23-də ölkə boyunca etiraz aksiyası elan ediblər.

Kreml Navalnının zəhərlənməsində əli olmadığını bildirir.

Rusiya qanunvericiliyi yaşı 18-dən az olanları icazəsiz küçə etirazlarına çağırmağı yasaqlayır. Qanun 2018-ci ildə qəbul olunanda Navalnı deyirdi ki, məqsəd onun fəaliyyətini əngəlləməkdir.

XS
SM
MD
LG