Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:03

'Rusiya Azərbaycanın da Avrasiya İttifaqına üzvlüyünü gündəmə gətirə bilər'


İ.Əliyev, V.Putin və N.Paşinyan. Moskva. 11 yanvar 2021
İ.Əliyev, V.Putin və N.Paşinyan. Moskva. 11 yanvar 2021

Yanvarın 11-də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzaladılar. Onların dörd saatdan çox çəkən görüşlərinin nəticəsində imzalanmış bəyanat, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur. Bu məqsədlə Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrup yaradılmalıdır.

İşçi qrup yanvarın 30-a qədər ilk iclasını keçirməlidir. Habelə, martın 1-dək Azərbaycanla Ermənistan ərazisindən daşınmaların yerinə yetirilməsi, onların təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını, tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini hazırlamalıdır.

Görüşdən sonra birgə mətbuata açıqlamasında prezidentlər V.Putin və İ.Əliyev Dağlıq Qarabağ münaqişəsinin bitdiyini vurğulasalar da, Ermənistan baş naziri N.Paşinyan münaqişənin həll olunmadığını söylədi.

"Bu iş başlasın artıq, komissiya yaradılsın..."

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı "Turan" agentliyinə bildirib ki, həmin bəyanat ölkənin maraqlarına cavab verən bir sənəddir:

S.Rütəmxanlı
S.Rütəmxanlı

"Kommunikasiyaların açılması, Naxçıvanla Azərbaycan arasında dəmir yolunun və avtomobil yolunun bərpası artıq sözdə yox, sənəddə öz əksini tapdı. Bu iş başlasın artıq, komissiya yaradılsın, görüşsünlər. Prinsip etibarilə Qarabağ torpaqları azad olunandan sonra Azərbaycanla Ermənistan arasında münasibətlərin getdikcə sürətlənməsi, müxtəlif səviyyələrdə görüşlərin keçirilməsi qaçılmazdır. Bu proses davam edəcək və dünən (yanvarın 11-i) onun yeni bir mərhələsi başladı".

Deputat N.Paşinyanın "münaqişə həll olunmayıb" sözlərinə fikir bildirərkən qeyd edib ki, Ermənistan indiki vəziyyətlə barışmalıdır. Onun sözlərinə görə, 1988-ci ildə Ermənistan Azərbaycan rəhbərliyinin səhvlərindən istifadə edib bu oyunu başladı: "Azərbaycan rəhbərliyi əhalinin evindən ov tüfənglərini yığdı... İndi 30 il keçib. Azərbaycan əvvəlki Azərbaycan deyil. Ordu var, sərhədçilər var. Revanşizm Ermənistan üçün boş xəyaldır".

S.Rüstəmxanlının fikrincə, Ermənistan gələcəyi düşünürsə, Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamalı, sərhədlərin açılmasında maraqlı olmalıdır.

ABŞ-ın Ratqers Universitetinin professoru Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, yanvarın 11-də imzalanmış bəyanat keçən ilin noyabrın 10-da imzalanmış sənədin 9-cu bəndinin həyata keçirilməsi üçün bir tədbirlər planıdır: "Burada daha konkret fəaliyyətlər nəzərdə tutulub, reqlamentlər var...".

"Rusiyanın... hökmran mövqeyinin təminatıdır"

Ekspert hesab edir ki, bu məsələdə Rusiyanın maraqları var: "Həm mövcud olan, həm yeni yaradılan infrastrukturun Rusiya nəzarətinə keçirilməsidir. Rusiyanın Azərbaycan, Ermənistan ərazisindən keçən nəqliyyat infrastruktur layihələrinin üzərində hökmran mövqeyinin təminatıdır. Bunun üçün Rusiya öz məqsədlərinə uyğun gələn addımları atır".

Q.İbadoğlunun fikrincə, regionda müharibə ehtimalı qalmaqdadır: "Çünki ortalıqda atəşkəs razılaşması var, sülh müqaviləsi yoxdur. Münaqişə tərəfləri mövcud razılaşmadan narazıdırlar. Amma nəzərə almaq lazımdır ki, münaqişənin nizamlanmasında vasitəçiliyi edən tərəf hal-hazırda müharibə əhval-ruhiyyəsində deyil. Düşünmürəm ki, yaxın zamanlarda o müharibəyə imkan versin".

Q.İbadoğlu
Q.İbadoğlu

Q.İbadoğluna görə, indi Ermənistan da müharibə aparmaq gücündə deyil. "Onun ordusu da, iqtisadiyyatı da çox zəif bir formadadır. Amma bir müddət ərzində Ermənistan müharibəyə hazırlaşaraq bu münaqişəni müharibəyə çevirə bilər".

"Rusiya artıq regionda öz mövqelərini möhkəmləndirib"

Q.İbadoğlu bildirib ki, Rusiya artıq regionda öz mövqelərini möhkəmləndirib: "Rusiyanın orada olması artıq hər şey deməkdir. Rusiya qoşunları girdi içəri, deməli, Rusiya hakimiyyəti ordadır, hökuməti ordadır,...güc strukturları ordadır".

Onun fikrincə, Rusiya tələsir: "Çünki ona lazımdır ki, gücünü həm də beynəlxalq miqyasda göstərsin. Göstərsin ki, həqiqətən o, Cənubi Qafqazda yeganədir, onun alternativi yoxdur, məsələləri o tənzimləyir...".

"Rusiya ona görə tələsir ki..."

Q.İbadoğluna görə, Rusiya həm də ona görə tələsir ki, beynəlxalq qüvvələrin nisbətində müəyyən dəyişikliklər gedir: "Artıq ABŞ-da yeni prezident seçilib, Bayden hakimiyyətə gəlib və səkkiz gün sonra fəaliyyətə başlayacaq. O cümlədən koronavirus pandemiyası təsirindən qlobal iqtisadiyyat fövqəldövlətlərin güclərini bir az da tarazlaşdırır. Söhbət ABŞ-la Çin arasında gedir. Amerikanı zəiflədib, Çini isə gücləndirib. Rusiyanın da öz maraqları var. Xüsusilə də Şimal-Cənub nəqliyyat dəhlizi üzərində nəzarət imkanlarını gücləndirmək marağı belə strukturların yaradılması və onun tez bir zamanda icrasını vacib edib".

Politoloq Şahin Cəfərlinin fikrincə də, yeni bəyanatdan görünür ki, Rusiya bu mərhələdə bütün diqqətini 10 noyabr 2020-ci il bəyanatının 9-cu maddəsinin icrasına yönəldib: "Həmin maddədə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin, o cümlədən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpası nəzərdə tutulur".

Politoloqun deməsinə görə, bu, Azərbaycan üçün də önəmli məsələdir: "Bakıda öz avtomobilinə əyləşən vətəndaşlarımız Naxçıvana və əks istiqamətdə gedib-gələ biləcək. İran vasitəsilə Naxçıvana daşınan yüklər daha qısa marşrutla - şose və dəmir yolu ilə Ermənistan ərazisindən göndəriləcək. Rusiyanın nəzarətində də olsa, Türkiyə ilə aramızda quru əlaqəsi və qarşılıqlı ticarət baxımından Gürcüstan yoluna nisbətən bir az qısa məsafəli marşrut yaranacaq".

"Daha ciddi problemlər var"

Amma Ş.Cəfərli hazırkı mərhələdə Azərbaycanı narahat edən daha ciddi problemlərin olduğunu bildirir: "Bu problemləri belə sıralamaq olar: Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində Azərbaycanın dövlət suverenliyinin bərpası. Həmin əraziyə azərbaycanlı köçkünlərin qayıtması".

Ş.Cəfərli
Ş.Cəfərli

Onun fikrincə, Dağlıq Qarabağdakı separatçılara məxsus silahlı dəstələrinin taleyi də problemlər sırasındadır: "Dağlıq Qarabağdakı oyuncaq-separatist rejimin və onun başçılarının taleyi. Rusiya sülhməramlılarının fəaliyyət sferası və mandatı ilə bağlı suallar. Ağdərə-Kəlbəcər yolunun açılması. Belə görünür ki, bu məsələlər hələ ki, müzakirə mövzusu deyil".

"Başqa bir problem budur ki.."

Ş.Cəfərli habelə hesab edir ki, Azərbaycanın razılığı və Azərbaycan ərazisi vasitəsilə Rusiya Ermənistandakı öz hərbi bazasını blokada vəziyyətindən çıxaracaq, oranın təchizat-rotasiya işlərini ilin bütün fəsillərində rahat gerçəkləşdirə biləcək. "Başqa bir problem budur ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının heç bir üzvü ilə quru əlaqəsinə malik deyil və vahid iqtisadi məkandan qopuq vəziyyətdə, bir növ, onun anklavı kimi qalıb. Azərbaycan üzərindən qısa marşrut Ermənistanı Rusiyaya bağlayaraq bu problemi də həll etmiş olacaq".

Politoloqun sözlərinə görə, kommunikasiyaların açılmasından, nəqliyyat əlaqələrinin bərpasından sonra Rusiya Azərbaycanın da Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsini gündəmə gətirə bilər: "Moskva tərəfindən belə bir təklif səslənərsə, Bakının buna "yox" deməsi elə də asan olmayacaq. Çünki əks halda, Rusiya Qarabağda bizə problemlər yaratmaq imkanındadır...".

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında 10 noyabr razılaşmasına əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG