Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

Paşinyan əsirlər, Mehri və ‘dəhliz’dən yazır


Dağlıq Qarabağda axtarış-xilasetmə işləri, 31 dekabr, 2020-ci il
Dağlıq Qarabağda axtarış-xilasetmə işləri, 31 dekabr, 2020-ci il

Azatutyun Radiosu qeyd edir ki, Ermənistan rəsmiləri Azərbaycandakı əsirlər haqda açıqlama vermir. Ancaq hazırda Azərbaycanda azı 120 erməni əsirin olmasına dair Ermənistanda təkzibolunmaz sübutlar var

10 noyabr bəyanatının həyata keçirilməsi üçün prioritet 8-ci maddənin tam icrasıdır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, bundan ötrü əsirlərin, girovların və digər saxlanan şəxslərin, eləcə də meyitlərin tam mübadiləsi aparılmalıdır.

Baş nazir döyüş əməliyyatları zonasında irimiqyaslı axtarış-xilasetmə işlərinin əhəmiyyətini də vurğulayıb.

Paşinyan qeyd edib ki, növbəti vacib məsələ regionda bütün iqtisadi və nəqliyyat infrastrukturunun açılmasıdır. Bu, həm Ermənistandan yüklərin Azərbaycan ərazisindən Rusiyaya və İrana, həm də Azərbaycandan Naxçıvana Ermənistan vasitəsilə yükdaşımaları nəzərdə tutur.

“Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, 10 noyabr bəyanatında 'Mehri', yaxud Ermənistan Respublikası ərazisindən ‘dəhliz’ sözü yoxdur”, – Paşinyan yazıb.

Sözügedən bəyanatın 9 -cu bəndində qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”, – həmin bəndə yazılıb.

Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası da təmin edilməlidir.

Əsir sayı

“Ermənistandan Rusiyaya və Azərbaycandan Naxçıvana nəqliyyat yolları ayrıca müzakirə mövzusudur və bu müzakirənin effektiv həlli əsir, girov, digər saxlanan şəxslər və meyitlərin mübadiləsindən, eləcə də itkinlərin axtarışından asılıdır”, – Paşinyan vurğulayıb.

Azərbaycanda hələ 5 hərbçi və 2 mülki şəxs, qarşı tərəfdə isə 2 mülki şəxs saxlanır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov bunu yanvarın 5-də deyib. O, müharibədən sonra Azərbaycanda saxlanılan 58 nəfər erməni milliyyətindən olan şəxsin geri verildiyini bildirib. Bakı isə 14 əsiri geri alıb.

Azatutyun Radiosu qeyd edir ki, Ermənistan rəsmiləri Azərbaycandakı əsirlər haqda açıqlama vermir. Ancaq hazırda Azərbaycanda azı 120 erməni əsirin olmasına dair Ermənistanda təkzibolunmaz sübutlar var. Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) erməni əsirlərin maraqlarını müdafiə edən Siranuş Saakyan belə deyir.

“Kim göndərir onları oraya?”

Azərbaycan Prezidenti İlham Əliyev isə yanvarın 6-da keçirdiyi müşavirədə deyirdi ki, artıq azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanlar əsir götürülüb: “Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistandan, Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəlmişlər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə burada heç kim bizi ittiham edə bilməz”.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan Dağlıq qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.

XS
SM
MD
LG