Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 03:53

Qarabağ döyüşçüsünün ölümü intihar maddəsi üzrə araşdırılacaq


Müharibə dəhşətlərini görən əsgərlərə kim psixoloji yardım göstərəcək?
Gözlə

No media source currently available

0:00 0:05:22 0:00

Müharibə dəhşətlərini görən əsgərlərə kim psixoloji yardım göstərəcək?

İkinci Qarabağ müharibəsi zamanı xəsarət almış hərbi qulluqçu Vüsal Musayevin yanvarın 6-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında intihar etdiyi bildirilir. Bununla əlaqədar CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, istintaq Bakı Hərbi Prokurorluğunda aparılır.

"Yaxınları da onun durumunu bilirdilər"

"Prokurorluq əməkdaşları hadisə yerinə və meyitə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar qablaşdırılaraq götürülüb. Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib, digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir", – Baş Prokurorluğun açıqlamasında bildirilir.

35-yaşlı V.Musayev sentyabrın 29-da Goranboy rayonunun Gülüstan kəndi istiqamətində mərmi partlayışı nəticəsində xəsarət alıb. O, Baş Klinik Hospitalın psixiatriya bölməsində "partlayış travması, qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı vəziyyət" diaqnozu ilə müalicə alırdı. Hospitaldakı mənbənin AzadlıqRadiosuna bildirdiyinə görə, V.Musayev bir müddət müalicə aldıqdan sonra evə göndərilib. Sonradan yenidən hospitala qaytarılıb: "Evdə olduğu müddətdə də müalicəsi, dərman qəbulu davam edib. Yaxınları da onun durumunu bilirdilər".

"Kiminsə günahkar olub-olmadığını deyə bilmərik"

Vəkil Aqil Layıc deyir ki, cinayət işi 125-ci maddə ilə başlansa da, istintaqın gedişində başqa maddəyə tövsif oluna bilər. Vəkilin sözlərinə görə, bu, istintaq araşdırmaları zamanı üzə çıxacaq hallardan asılıdır.

A.Layıc bildirib ki, cinayət işi fakt üzrə başlanır, sonra detallar aydınlaşdırılır. Özünə qəsd hadisəsi varsa, istənilən halda, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanır. İstintaqın gedişində kiminsə əməlində cinayət tərkibi müəyyənləşdirilirsə, bu halda həmin şəxs və ya şəxslər cinayət məsuliyyətinə cəlb olunur. Yoxdursa, cinayət işinə xitam verilir.

"Biz Vüsal Musayevin hansı şəraitdə intihar etməsinin detallarını bilmirik. Ona görə də bu məsələdə kiminsə günahkar olub-olmadığını deyə bilmərik. Amma istənilən halda, bu məsələdə xəstəxananın da məsuliyyəti var. Ümumiyyətlə, xəstəxana, polis idarəsi, təcridxana və bu kimi dövlət müəssisələri orada saxlanılan şəxslərin təhlükəsizliyinə, sağlamlığına görə məsuliyyət daşıyır. Dövlət orqanlarının pozitiv öhdəliyi var", – A.Layıc belə deyir.

Xatırlatma

Azərbaycanda intihar kimi qiymətləndirilən hadisələrə görə səhlənkarlıq, vəzifə səlahiyyətlərini aşma və s. əməllərdə suçlanaraq cəzalandırılanlar da olub. Bu hal daha çox polis idarə və şöbələrində ölüm hadisələri ilə bağlı baş verib.

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, 4 qəsəbəni və 5 şəhəri işğaldan azad etdiyini bildirib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Müdafiə Nazirliyinin dekabrın 3-də yaydığı məlumata görə, döyüşlərdə yaralananlardan 1245 nəfərin tibb müəssisələrində müalicəsi davam edir. Həlak olan Azərbaycan hərbi qulluqçularından dekabrın 28-dək 2823 nəfəri dəfn edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG