Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 06:25

Çin də koronavirus qadağalarını sərtləşdirir


Arxiv fotosu

Hebeyin paytaxtı Şijiajuanqda kütləvi testlər aparılır, əsas dəmiryolu stansiyasından sərnişinlərin çıxması qadağan olunub

Çinin Hebey vilayətinin paytaxtının rəsmiləri yanvarın 7-dən koronavirusun yayılmasını önləmək üçün səyahətlə bağlı qadağalar tətbiq ediblər. Son beş ayda ilk dəfə olaraq ölkədə COVID-19-a yoluxmalarda rekord qeydə alınıb.

Pekini əhatələyən Hebeydə 51 yoluxma təsdiqlənib ki, bu da bir gün öncəkindən 20 yoluxma çoxdur.

Ölkə üzrə 63 yoluxma

Hebeyin paytaxtı Şijiajuanqda kütləvi testlər aparılır, əsas dəmiryolu stansiyasından sərnişinlərin çıxması qadağan olunub.

Çin üzrə ümumi yoluxma sayı 63 olub, bir gün öncə bu rəqəm 32 idi. Bu, iyulun 30-dan bəri ən yüksək yoluxma sayıdır.

Pandemiyanın ilk dəfə qeydə alındığı Çində indiyədək 87 mindən çox yoluxma, 4 min 600-dən çox ölüm aşkarlanıb.

Digər ölkələrə gəlincə, yanvarın 6-da Meksikada ən böyük gündəlik yoluxma sayı qeydə alınıb. Səhiyyə Nazirliyi Milad bayramı şənliklərinin yoluxmalara təsir göstərdiyini deyib.

Ümumilikdə Meksikada indiyədək 1 milyon 400 mindən artıq yoluxma, 130 minədək ölüm qeydə alınıb.

Yaponiya, Avstraliya

Yanvarın 7-dən Yaponiya hökuməti Tokio ətrafında bir aylıq fövqəladə vəziyyət elan edib. Restoran və barların işi məhdudlaşdırılır, axşam 7-dək spirtli içki satışını dayandırmalı, bir saat sonra isə bağlanmalıdırlar.

Əslində, Yaponiyada pandemiyanın miqyası böyük deyil, 2020-ci ilin yanvarında ilk yoluxma aşkarlanandan bəri 3 min 700-dən çox xəstə vəfat edib. Ancaq ölkə yayda Olimpiya oyunlarına ev sahibliyi etməyə hazırlaşır deyə virusun yayılmasını diqqətlə izləyir.

Avstraliyada fevraldan vaksinlərin vurulmasına başlanır. Baş nazir Skot Morison yanvarın 7-də deyib ki, Pfizer və BioNTech şirkətlərinin hazırladığı vaksin ölkənin uyğun dövlət orqanı tərəfindən tezliklə təsdiqlənməlidir.

İndiyədək bu ölkədə COVID-19-a 28 min 500-dən çox yoluxma, cəmi 909 ölüm aşkarlanıb.

Dünya üzrə isə indiyədək 87 milyondan çox yoluxma təsdiqlənib, 1 milyon 800 mindən artıq xəstə vəfat edib.

Şərhlər

XS
SM
MD
LG