Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 18:34

'Amerika demokratiyasına hücum' - Reaksiyalar


Tramp tərəfdarları Kapitolidə

Ötən gecə müasir ABŞ tarixində görünməmiş səhnələr yaşanıb: vəzifədən getməkdə olan Prezident Donald Tramp tərəfdarları Kapitoli binasının qarşısında polis cərgəsini yararaq binaya daxil olub

Dünyanın müxtəlif ölkələrinin liderləri ABŞ-ın Kapitoli binasında baş verənlərə, etirazçıların binaya basqın edərək Konqresin işini dayandırmasına reaksiya veriblər. Qərb liderləri sarsıldıqlarını bildirib, Rusiya diplomatı isə bu çaxnaşmaya görə ABŞ-a rişxənd edib.

Ötən gecə müasir ABŞ tarixində görünməmiş səhnələr yaşanıb: vəzifədən getməkdə olan Prezident Donald Tramp tərəfdarları Kapitoli binasının qarşısında polis cərgəsini yararaq binaya daxil olub. Konqres həmin vaxt birgə iclasında Co Baydenin prezident seçkisindəki qələbəsini ratifikasiya etməliydi. İğtişaşlarda bir nəfər güllələnərək öldürülüb.

AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Tod Prins yazır ki, bir çox ölkələrdə milyonlarla insana bu səhnələr tanışdır: etirazçılar qanunvericilik binasına daxil olur, polislə toqquşur, binada müxtəlif otaqlara daxil olur, oturur və sairə.

Ancaq bunun ABŞ-ın paytaxtı Vaşinqtonda baş verməsi Qərb liderlərini qəzəbləndirib, məyus edib. Almaniyanın Xarici İşlər naziri deyib ki, bu zorakılıq və xaos dünyada “demokratiyanın düşmənlərini” sevindirəcək.

“ABŞ Konqresində biabırçı səhnələr. Birləşmiş Ştatlar dünyada demokratiyanı müdafiə edir və indi hakimiyyətin dinc və nizamlı keçidi vacibdir”, – Britaniyanın Baş naziri Boris Conson Twitter-də yazıb.

Rusiyanın mövqeyi

Rusiya diplomatları isə məsələyə fərqli yanaşıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Facebook-da ABŞ jurnalistinin şərhini yenidən paylaşıb. Jurnalist yazıb: “Birləşmiş Ştatlar daha heç vaxt dünyaya deyə bilməyəcək ki, biz demokratiya modeliyik”.

Rusiyanın BMT-dəki səfirinin müavini Dmitri Polyanski Kapitolidən şəkilləri “Maydan-üslubu” adlandırıb. 2014-cü ildə Ukraynada moskvapərəst prezident Viktor Yanukoviçin devrilməsi ilə nəticələnən xalq etirazı belə adlanırdı.

Rusiya Prezidenti Vladimir Putin Kiyevdəki Müstəqillik Meydanında (Maidan Nezalezhnosti) aylarla davam edən kütləvi etirazların arxasında ABŞ-ın durmasına dair saxta iddialar səsləndirirdi.

Ukraynanın Xarici İşlər naziri Dmitro Kuleba Twitter-də Qərb rəsmilərinin mövqeyini paylaşıb, Vaşinqtonda hüququn aliliyi və demokratik prinsiplərin bərpasının vacibliyini vurğulayıb.

“Bu təkcə ABŞ üçün deyil, Ukrayna, bütünlükdə demokratik dünya üçün vacibdir”, – o, tvitində yazıb.

Tramp bir gün öncə tərəfdarlarını Vaşinqtonda yürüşə, 3 noyabr seçkisinin nəticələrinə etiraz etməyə çağırmışdı. O, seçkidə saxtakarlığın baş verməsinə dair iddialar səsləndirir, baxmayaraq ki, buna dəlil yoxdur və məhkəmələr də onun iddialarını rədd edib.

“Amerika demokratiyası mühasirəyə alınıb”

İğtişaşlar davam edən zaman Almaniyanın Xarici İşlər naziri Heiko Maas Tramp tərəfdarlarını demokratik dəyərləri “tapdalamamağı dayandırmağa” səsləyib.

Türkiyə də dərhal mövqe bildirib, “ABŞ-dakı hadisələri narahatlıqla” izlədiklərini deyərək tərəfləri sakitliyə çağırıb. “Problemlərin hüquq və demokratiya çərçivəsində həll olunacağına inanırıq”, – Türkiyə parlamentinin spikeri Mustafa Şentop Twitter-də yazıb.

AB-nin Xarici Siyasət rəhbəri baş verənləri “ABŞ demokratiyasına hücum” adlandırıb.

“Dünyanın gözündə bu gecə Amerika demokratiyası mühasirəyə alınıb”, Cozep Borel yazıb.

“Bu, Amerika deyil. 3 noyabr seçkisinin nəticələrinə tam sayğı göstərilməlidir”, – o vurğulayıb.

Tramp əvvəlcə tərəfdarlarını sakitliyə çağırsa da, dərhal dağılışmağa səsləməyib. Bir müddət sonra onları “xüsusi adamlar” adlandıraraq evə getməyə səsləyib, seçkini udmasıyla bağlı saxta iddiasını bir daha dilə gətirib.

ABŞ-ın qonşusu və yaxın müttəfiqi Kanadanın Baş naziri Castin Trudo Vaşinqtonda baş verənlərin onu “dərin narahat etdiyini və kədərləndirdiyini” deyib.

“Zorakılıq heç vaxt xalqın iradəsinə qalib gələ bilməz. ABŞ-da demokratiya qorunub saxlanmaladır olmalıdır və saxlanacaq da”, – o, tvitində yazıb.

Şərhlər

XS
SM
MD
LG