Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Yanvar, çərşənbə, Bakı vaxtı 18:48

'Azərbaycanda 5 hərbçi, 2 mülki şəxs saxlanır'


Erməni valideynlər rəsmilərdən əsir övladlarının qaytarılmasını tələb edirlər
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Erməni valideynlər rəsmilərdən əsir övladlarının qaytarılmasını tələb edirlər

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov bu gün, yanvarın 5-də mətbuat konfransı keçirib.

O deyib ki, 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan irəli gələn vəzifələrdən biri - əsir və girovların, meyitlərin humanitar məqsədlərlə dəyişdirilməsidir. O, bu istiqamətdə görülən işlərdən danışıb.

İ.Axundovun deməsinə görə, ATƏT və Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Dövlət Komissiyası bu il oktyabrın 29-da, dekabrın 2-də, 9-da, 11-də və başqa tarixlərdə Ermənistan vətəndaşı olan şəxsləri, habelə erməni hərbi qulluqçuları qarşı tərəfə təhvil verib: "Əsas vəzifə əsir və girovların "hamının-hamıya" prinsipi əsasında azad edilməsidir... Dövlət Komissiyası tərəfindən görülmüş tədbirlərlə dekabrın 14-də "hamının-hamıya" prinsipi ilə növbəti humanitar proses həyata keçirilib".

Onun deməsinə görə, həmin proses nəticəsində Azərbaycanın 14 vətəndaşı əsirlikdən və girovluqdan azad edilərək Bakıya gətirilib.

İşçi qrupun rəhbəri İ.Axundov üçtərəfli Bəyanata uyğun olaraq sonuncu prosesin dekabrın 28-də həyata keçirildiyini söyləyib. O bildirib ki, Azərbaycanda saxlanılan 58 nəfər erməni milliyyətindən olan şəxs geri verilib: "Azərbaycanda hələ 5 hərbçi və 2 mülki şəxs saxlanır. Qarşı tərəfdə isə 2 mülki şəxs saxlanır".

Onun deməsinə görə, Birinci Qarabağ müharibəsinin nəticələrinə görə 3 min 890 Azərbaycan vətəndaşı itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Şahid ifadələrinə görə, Birinci Qarabağ müharibəsi zamanı 872 nəfərin əsir və girov götürülməsi barədə məlumatlar var.

"Dəfələrlə beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın aidiyyəti qurumlarına müraciət etmişik. Lakin onlar Birinci Qarabağ müharibəsindən hansısa əsir və girovların saxlanıldığını təkzib edirlər", - İ.Axundov vurğulayıb.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, 4 qəsəbəni və 5 şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG