Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 12:49

Həbsdə olan məhkumlar dəymiş ziyanı necə ödəməlidir


Həbsxana
Həbsxana

Həbsdə olan elə şəxslər var ki, onlara müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası verilməklə yanaşı, həm də cinayət nəticəsində vurulan ziyanı ödəmək öhdəliyi də qoyulub. Həbs cəzası çəkən şəxsin bu öhdəliyi yerinə yetirməsi isə əksər hallarda mümkün olmur. Yalnız azadlıqda olan qohumların köməyi sayəsində həbsdə olan şəxs bunun öhdəsindən gələ bilər. Belə olan halda, zərərçəkmiş tərəf neyləməlidir?

Bərdə rayonunun Kətəlparaq kəndində yaşayan Qarayevlər ailəsi ötən ilin martında cinayət nəticəsində evlərini itirib. İki azyaşlı uşaq atası olan 32-yaşlı Nicat Qarayev AzadlıqRadiosuna bildirib ki, iki ilə yaxındır ayrı-ayrı qohumlarıgildə qalırlar.

2019-cu il martın 1-dən 2-nə keçən gecə Kətəlparaq kəndində N.Qarayevin 27-yaşlı bacısını ayrıldığı həyat yoldaşı baltalayaraq qətlə yetirib, anasını isə yaralayıb. Daha sonra evi yandırıb, 6-yaşlı oğlunu da götürüb, yaşadığı İmişli rayonuna qayıdıb. Sonradan könüllü şəkildə polisə təslim olan Elçin Qurbanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu cinayətə görə 19 il azadlıqdan məhrum edilib. Məhkəmə belə nəticəyə gəlib ki, E.Qurbanov yanğını törətməklə Qarayevlər ailəsinə evə görə 7 min 300 manat, içindəki əşyalara görə də 5 min 400 manat da maddi ziyan vurub.

Evi mərmi ilə dağıdılan vətəndaş Avropa məhkəməsinə necə müraciət etsin?
Gözlə

No media source currently available

0:00 0:03:47 0:00

"Qalmışıq küçələrdə"

N.Qarayev deyir ki, nə E.Qurbanovdan 12 min 700 manatı ala bilirlər, nə də özlərinin maddi durumu evi bərpa etməyə imkan verir: "Ona görə qalmışıq küçələrdə. Fəhləliklə qazandığım pula da iki uşağın, anamın və həyat yoldaşımın dərmanlarını ancaq ala bilirəm. Anamı da baltalayıb ağır xəsarət yetirmişdi, möcüzə nəticəsində sağ qaldı. Həyat yoldaşım da ağır xəstədir. Bərdə rayon İcra Hakimiyyətinə də dəfələrlə müraciət etmişəm, nəticə yoxdur".

Nicatın anası Rəhilə Qarayeva sentyabrda İmişli rayon Məhkəməsində maddi ziyanın ödənilməsi tələbi ilə keçmiş kürəkəninə qarşı iddia qaldırıb. Həmin iş üzrə məhkəmə hələ yekun qərar verməyib.

Penitensiar Xidmətdən AzadlıqRadiosuna bildirilib ki, məhkəmənin hökmündə azadlıqdan məhrumetmə cəzası təyin olunmaqla yanaşı, vurulmuş ziyanın ödənilməsinə dair qərar da varsa, bu halda, müvafiq icra vərəqəsi şəxsin cəza çəkdiyi müəssisəyə göndərilir: "Bu halda məhkum cəzaçəkmə müəssisəsinə daxil olarkən ictimai faydalı əməyə cəlb olunur. Onun qazancından icra vərəqəsi üzrə qanunvericilikdə müəyyən edilmiş qaydada tutulmalar aparılır. Eyni zamanda, məhkumla aparılan islah-tərbiyə prosesi zamanı onun vurduğu ziyanın könüllü ödənməsi üçün maarifləndirici söhbətlər aparılır. Bu da əksər hallarda müsbət nəticə verir".

Y.İmanov
Y.İmanov

"Şəxs ödəyə bilmirsə, əmlakı yoxdursa..."

Hüquqşünas Yalçın İmanov deyir ki, praktikada azadlıqdan məhrumetmə cəzası çəkən şəxslər əksər hallarda vurulan ziyanı ödəmir. Onlar vaxtından əvvəl azadlığa buraxılmaq istəyəndə ziyanı ya tam, ya qismən ödəyir. Çünki Ali Məhkəmənin Plenumunun qərarlarında da şəxsin vaxtından əvvəl həbsdən buraxılması üçün şərtlərdən biri kimi vurulan maddi ziyanın ödənilməsi göstərilib: "Dəymiş ziyanın ödənilməməsi ilə əlaqədar məhkəmədə çoxsaylı mübahisələr var. Hətta Avropa Məhkəməsinə göndərilənlər də olub. Çünki məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, qərarı icra olunmursa, bu, artıq ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qərar varsa, icra olunmalıdır. Şəxs ödəyə bilmirsə, əmlakı yoxdursa, cəza çəkdiyi müəssisədə ödənişli işlərə cəlb olunur, onlara əməkhaqqı verilir. Cüzi məbləğdə, hissə-hissə də olsa, oradan ödəyə bilər. Yəni, istənilən halda qərar icra olunmalıdır".

Y.İmanov xatırladıb ki, vəkil kimi çıxdığı işlərdən birində 2008-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmündə əksini tapmış maddi ziyanın ödənilməsi məsələsi 12 ildir icra olunmur. Cinayəti törətməkdə təqsirli bilinən şəxs isə xeyli əvvəl azadlığa çıxıb: "O işdə dörd nəfər zərərçəkmiş vardı. Birinə dəymiş ziyanı ödəyib vaxtından əvvəl azadlığa çıxmışdı. Digərlərinə dəymiş ziyanın ödənilməsi ilə bağlı məsələ isə həllini tapmadı".

Hüquqşünas əlavə edib ki, məhkəmə hökmünün, qərarının icra olunmamasına görə həm inzibati, həm də cinayət məsuliyyəti nəzərdə tutulub. Cinayət Məcəlləsinin 306-cı (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsinə əsasən, bu əməl 2000 manatdan 4000 manata qədər cərimə, 320 saatdan 480 saata qədər islah işləri, 3 ilədək azadlığın məhdudlaşdırılması, yaxud da eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG