Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:02

'Azərbaycanın axtarışa verdiyi adamlarla görüşlər keçirirlər'


Rus sülhməramlıları separatçılarla qucaqlaşırsa...
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

Rus sülhməramlıları separatçılarla qucaqlaşırsa...

Dekabrın 27-də Azərbaycanın Xocavənd rayonunda hərbi insident baş verib. Müdafiə Nazirliyinin məlumatına görə, Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz silahlı qrup və ya Ermənistan silahlı qüvvələrindən qalan altı nəfərlik dəstə Azərbaycan ordusunun bölmələrinə hücum edib. Nəticədə Azərbaycan tərəfdən bir nəfər hərbi qulluqçu həlak olub, başqa bir əsgər isə yaralanıb. "Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib", - məlumatda bildirilir. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatdan və bölgəyə Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra bu, artıq ikinci belə hadisədir.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin üzvü Elman Məmmədov "Turan" agentliyinə bildirib ki, dekabrın 27-də baş vermiş hadisə cinayətdir. Onun fikrincə, bunun məsuliyyəti də Azərbaycana qarşı olan tərəfin üzərinə düşür.

"...Birbaşa cavabdeh sülhməramlılardır"

Deputat hesab edir ki, bu məsələdə bölgədə olan Rusiya sülhməramlılarının məsuliyyəti də var: "Əgər 10 noyabr üçtərəfli razılaşmasına əsasən, bölgədə Rusiya sülhməramlıları mövcuddursa, həmin ərazidə Ermənistan silahlı qüvvələrinin, eyni zamanda, xaricdən gətirilmiş quldur dəstələrinin və Dağlıq Qarabağdakı qondarma "Qarabağ ordusu" adlandırılan quldur dəstələrinin ərazidən çıxarılmasına, onların silahsızlaşdırılmasına birbaşa cavabdeh sülhməramlılardır".

"Rusiya sülhməramlılarına xəritə üzrə sahə ayrılıb"

E.Məmmədov bildirib ki, Azərbaycan tərəfi üzərinə düşən nə varsa, yerinə yetirir. O, dekabrın 27-də Xocavənd rayonu ərazisində baş verən olaya da toxunub. Deputat vurğulayıb ki, Rusiya sülhməramlıları nəzarət etdiyi ərazilərdə baş verənlərə cavabdehdirlər: "Rusiya sülhməramlılarına xəritə üzrə sahə ayrılıb. Bu, Laçın dəhlizidir və Dağlıq Qarabağ bölgəsində müəyyən ərazilərdir. Sülhməramlıların vəzifəsi o ərazilərə nəzarət etmək, orada sülhməramlı missiyanı həyata keçirməkdir. Yəni, onların nəzarətində olan ərazilərdə nə baş verirsə, onlar cavabdehdirlər".

E.Məmmədov
E.Məmmədov

"Elə çıxır ki, sülhməramlılar o separatçı qurumun mövcudluğu ilə razılaşır"

E.Məmmədovun sözlərinə görə, elə görüntü yaranır ki, Rusiya sülhməramlıları qondarma Dağlıq Qarabağ rejimi ilə razılaşır. Onun qeyd etməsinə görə, sülhməramlılar, onların rəhbərliyi bayraqlarını qondarma, separatçı qurumun bayrağı ilə böyür-böyürə qoyurlar və tədbir keçirdirlər: "Elə çıxır ki, sülhməramlılar o separatçı qurumun mövcudluğu ilə razılaşır. Məntiqlə belə alınır ki, de-yure olmasa da, de-fakto bu gün Rusiya dövləti sülhməramlıların yaramaz hərəkəti nəticəsində separatist cinayət qurumun varlığını bir növ qəbul edir".

"170 nəfər əsir götürülüb"

Deputat bildirib ki, Rusiya sülhməramlıları əsir götürülmüş hərbi cinayətkarları Ermənistana qaytarır. Onun vurğulamasına görə, bundan öncə də Xocavənd rayonu ərazisində təxribat törədilmişdi. Deputat əlavə edib ki, həmin vaxt Azərbaycanın qurumları antiterror əməliyyatı keçirib, bəzi təxribatçılar zərərsizləşdirilib: "Qalanlarından da 170 nəfər əsir götürülüb. Artıq bunlar hərbi əsir statusuna malik deyildi. Çünki 10 noyabr tarixli razılaşmaya görə, müharibə qurtarıb".

E.Məmmədovun fikrincə, belə olan təqdirdə o ərazilərdə qarşı tərəfdən silahlı fəaliyyət göstərən kim varsa, onlar artıq terror və quldur dəstələridir: "Həmin əsir götürülənlərin xeyli hissəsi rus sülhməramlılarına təhvil verildi. Sülhməramlılar isə apardı onları Ermənistana təhvil verdi. Ermənistan nə etdi? Onları mükafatlandırdı ki, sağ olun, Azərbaycana qarşı əməliyyat keçirmisiniz".

Keçmiş ABŞ diplomatı:"Laçın dəhlizi Rusiyanın test ərazisi olacaq"
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

"Azərbaycanın axtarışa verdiyi adamlarla..."

E.Məmmədov qeyd edib ki, belədə sülhməramlıların öz sülhməramlılıq missiyasını yerinə yetirməsinə şübhələr yaranır: "Onlar səlahiyyətlərini aşırlar, Azərbaycan qanunlarına hörmətsizlik edib Azərbaycan hüquq-mühafizə orqanlarının cinayətkar kimi axtarışa verdiyi adamlarla işbirliyi yaradırlar, məsləhətləşmələr aparırlar, görüşlər keçirirlər".

Parlament üzvünün sözlərinə görə, Rusiya sülhməramlılarının davranışı artıq suallar yaradır: "Siz nə işlə məşğulsunuz burda?".

"Gələcəkdə problemlər yarada biləcək hərəkətlərdir"

Deputat vurğulayıb ki, Dağlıq Qarabağ deyilən ərazidə Ermənistan silahlı qüvvələrinin birləşmələri və qondarma rejimin qanunsuz silahlıları var: "Bunları silahsızlaşdırma, ərazidən çıxarılma prosesi getməyib. Bunların təminatını Ermənistan Rusiya sülhməramlılarının razılığı və köməkliyi ilə həyata keçirir. Çünki Ermənistandan bu gün Azərbaycana gələn yeganə təminat yolu Laçın dəhlizidir. 10 noyabr razılaşmasına əsasən, Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət edir. Görünür ki, Rusiya sülhməramlıları birbaşa şərait yaradırlar ki, meşələrdə qalmış və bu gün də fəaliyyət göstərən silahlı birləşmələrə Ermənistandan hər şey gətirilsin, o cümlədən silah, ərzaq. Bu da sülhməramlıların səlahiyyətinə zidd olan, gələcəkdə ciddi problemlər yarada biləcək hərəkətlərdir".

Ə.Oruclu
Ə.Oruclu

"Hədəfdə Şuşa və Hadrutdur"

Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, çox pis tendensiya görünür. Onun fikrincə, qarşı tərəf taktikanı dəyişib: "İndi terror, diversiya metodlarına keçiblər. Təbii ki, heç cür məğlubiyyətlə barışa bilmirlər və çalışırlar hərbi məğlubiyyət nəticələrini qismən də olsa, aradan qaldırsınlar".

Ə.Oruclu hesab edir ki, hədəfdə Şuşa və Hadrutdur: "Təəssüflə deməliyəm ki, Azərbaycan ərazisinə buraxılmış Rusiya sülhməramlıları da burada öz maraqlarını güdür. Onlar diversant, terrorçu dəstələrin əli ilə çalışırlar öz təsir dairəsini genişləndirsinlər, yeni münaqişə əraziləri yaratsınlar, sonra sülhməramlı missiya adı altında həmin ərazilərdə öz silahlı qüvvələrini yerləşdirsinlər".

Politoloqun sözlərinə görə, təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin artıq sülhməramlıların sayının artırılması söhbətini ortaya atıb: "Halbuki, onların hüquqi statusu belə məlum deyil".

"Onlar Moskvadan idarə olunur"

Ə.Oruclu qeyd edib ki, indiki hadisələrdə günah birinci növbədə Ermənistanın və Ermənistandan istifadə edən Rusiya hökumətinin üzərindədir: "Sülhməramlılar özbaşına deyil. Onlar Moskvadan idarə olunur. Digər tərəfdən isə, Azərbaycanın da öz günah payı var. Mən məsələnin o tərəfini qoyuram bir yana ki, həmin o sülhməramlıları ölkəyə buraxmaq olmaz. Bu xəbərdarlığı biz əvvəlcədən eləmişdik. İndi isə Azərbaycan tərəfi belə pozuntulara, hücumlara - hansıların ki, nəticəsində əsgərlərimiz qətlə yetirilir, - sərt reaksiya vermir. Həmin o diversantları həbs edib Rusiya tərəfinə təhvil verir".

Onun fikrincə, Azərbaycan hökumətinin bu məsələdə davranışı yanlışdır və motivləri anlaşılan deyil.

Elmar Məmmədyarov: 'Ermənilər özlərini aldadırlar'
Gözlə

No media source currently available

0:00 0:02:26 0:00

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG