Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Berlin Film Festivalı virtual keçiriləcək


Berlinale
Berlinale

Indiewire saytı bildirir ki, 2021-ci ilin Berlin kinofestivalının virtual formata keçirildiyi rəsmən elan olunub. 1 – 5 mart tarixlərinə planlaşdırılan festivala qatılacaq kino industriyası təmsilçilərinə tədbirin planı təqdim olunacaq. Festivalın tərkib hissəsi olan Avropa Kino Bazarı da virtual formatda təşkil ediləcək.

Daha öncə festivalın 11 – 21 fevral tarixlərində üzbəüz formatda keçirilməsi planlaşdırılırdı. Bu şəraitdə Avropa Kino Bazarı (EFM) festivalla eyni zamanda, ancaq virtual və fiziki rejimin hibridi şəklində olmalıydı. İndi isə EFM tədbiri də tamamilə virtual şəraitdə keçiriləcək. Ancaq maraqlıdır ki, sonradan festivalın fiziki versiyasının da təşkili planlaşdırılır. Vəziyyət düzəlsə və hər şey yolunda getsə, kinosevərlər iyunda festivalın normal üzbəüz versiyasından həzz ala biləcəklər.

Ümid vardı...

Dünyanın əksər yerlərində olduğu kimi, bu qış Almaniyada da COVID-19-a yoluxma hallarının sayı sürətlə artmaqdadır. Ölkədə kinoteatrların ən azı yanvarın ortalarınadək bağlı qalacağı bildirilir. Dekabrın 22-də, təkcə bir gündə Almaniyada 986 ölüm halı qeydə alınıb. Hələlik bu, rekord saydır.

Payız aylarında Berlin Film Festivalının təşkilatçıları hələ də ümid edirdilər ki, 2021-ci ildə tədbir normal formatda baş tutacaq. Noyabrda "Berlinale 2021"in sıxlıq yaratmamaq üçün daha seyrək rejimdə keçiriləcəyi haqda xəbərlər yayılmışdı. Ancaq, eyni zamanda, təşkilatçılar festivalın hələ də fevralda fiziki tədbir kimi təşkilinə ümid etdiklərini demişdilər. O zaman onlar hələ də tədbiri ləğv etmək barədə düşünməyin çox tez olduğunu bildirmişdilər.

2021-ci ildə festivalın virtual olacağı haqda xəbərlərin təsdiqlənməsindən az öncə "Berlinale"nin təşkilatçıları Deadline saytına bu açıqlamanı veriblər: ""Berlinale" COVID-19-la bağlı vəziyyəti diqqətlə izləyib. Hazırda festivalın fevralda keçirilməsinin mümkünlüyünü, eyni zamanda, alternativ variantları götür-qoy etməkdəyik. "Berlinale 2021"in planlaşdırılması ilə bağlı əlavə məlumat tezliklə ictimaiyyətin diqqətinə çatdırılacaq".

Artıq bir ildir ki, COVID-19 pandemiyası dünyada festival cədvəllərini alt-üst etməkdədir. 2020-ci ildə keçirilən Berlin Film Festivalı əsas kinofestivallar arasında normal şəraitdə baş tutan sonuncu tədbirdir.

Baş tutmayan festivallar

Pandemiya nəticəsində SXSW və Kann film festivalları təxirə salınıb. Ancaq bununla yanaşı, rəsmi festival cədvəli elan olunmuşdu. "Tribeca" kinofestivalı seçilmiş filmləri virtual formatda yayımladı. Telluride festivalı da təxirə salınıb. Hər il payızın əsas festivallarından Toronto Beynəlxalq Film Festivalı (TIFF) və Nyu-York Film Festivalı (NYFF) hibrid formata üstünlük verdi. Başqa sözlə, onlar fiziki və virtual formatların qarışığı şəklində keçirildi. Əsas festivallar arasında yalnız Venesiya Film Festivalı bu il eksklüziv fiziki tədbir keçirə bildi. Tədbir zamanı çox sərt təhlükəsizlik qaydaları təmin edildi. Festival cədvəlinə daxil edilən filmlərin sayı da məhdudlaşdırıldı.

Bu ayın əvvəli "Sundance" kinofestivalının təşkilatçıları hər il Yuta ştatının Park-Siti şəhərində keçirilən tədbirin bu dəfə virtual formatda baş tutacağını elan ediblər. Festivalın yeddi gün davam edəcəyi bildirilir.

"Sundance 2021" kinofestivalının proqramı ABŞ-ın bütün ərazisində... bilet alanlar üçün festival.sundance.org saytında təqdim olunacaq. Festival siyahısındakı filmlərin hərəsi üçün azı bir fiziki nümayiş keçirməyi də planlaşdırır. Bundan başqa, Los-Anceles və Park-Siti şəhərlərində avtomobildən izləmə imkanının da təmin edilməsi nəzərdə tutulub. Alabamadan Puerto-Rikoyadək ölkə boyu 25-dən çox arthaus kinoteatrı "Sundance" film nümayişləri və tədbirləri ilə əməkdaşlıq edəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG