Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

Xocavənddə atışma olub, ölən və yaralanan var


Azərbaycan ordusu
Azərbaycan ordusu

Dekabrın 27-də Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində atəşkəsin pozulduğu bildirilir.

Bu barədə bu gün, dekabrın 28-də Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, saat 15:30 radələrində qanunsuz silahlı qrup və ya ərazidə Ermənistan silahlı qüvvələrindən qalan altı nəfərlik dəstə Azərbaycan ordusunun bölmələrinə hücum edib.

Nəticədə Azərbaycan ordusunun bir hərbi qulluqçusunun həlak olduğu, başqa bir əsgərin isə yaralandığı bildirilir: "İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur".

Nazirlik habelə qeyd edib ki, görülən tədbirlər nəticəsində qanunsuz hərbi dəstəsinin də altı üzvü həlak olub.

Dağlıq Qarabağdakı separatçıların ordusu isə bu məlumatı "propaqanda" adlandırıb, ötən ay imzalanmış atəşkəs bəyanatına ciddi şəkildə əməl etdiyini bildirib.

Ermənistanın Müdafiə Nazirliyi isə bundan öncə Dağlıq Qarabağın cənubunda döyüş xəbərlərini təkzib edib.

10 noyabr sazişindən sonra bu, atəşkəsin pozulması ilə bağlı birinci olay sayılmır. Bundan əvvəl də oxşar hadisənin baş verdiyi açıqlanmışdı.

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 21-də son aylar həlak olmuş hərbi qulluqçuların sayı ilə bağlı yeni məlumat da yaymışdı. Onda dekabrın 21-dək 2 min 802 nəfərin dəfn edildiyi açıqlanmışdı. İtkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlərin davam etdirildiyi vurğulanmışdı.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG