Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 00:49

Əlavə 360 manat aylıq müavinət verilir


Azərbaycan ordusu Kəlbəcərdə
Azərbaycan ordusu Kəlbəcərdə

Səfərbərliyə cəlb edilmiş əsgər və çavuşlara vəzifə maaşlarından əlavə 360 manat aylıq müavinət verilir.

Bu barədə bu gün, dekabrın 25-də Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, zabit və gizirlərin pul təminatı vəzifə maaşları, hərbi rütbələrinə görə maaşlar və digər əlavələrdən ibarətdir: "Əsgər və çavuşlara isə eyni qaydada təyin olunmuş vəzifə maaşlarına əlavə olaraq 360 manat məbləğində aylıq müavinət verilir".

Səfərbərliyə çağırılanlar arasında faktiki işsizlərin də olduğu bildirilir.

Prezident İlham Əliyev sentyabrın 28-də Azərbaycanda qismən səfərbərlik elan etmişdi. Döyüşlər başa çatdıqdan sonra İ.Əliyev dekabrın 2-dən səfərbərlik üzrə hərbi xidmətə çağırılmış şəxslərin tərxis prosesi ilə bağlı sərəncam verib. Orada üç, ya daha çox uşağı olan və bir sıra başqa şəxslərdən söhbət gedir. Prezidentin bu gün, dekabrın 25-də imzaladığı sərəncama görə isə, tərxis prosesi aprelin 15-nə kimi başa çatmalıdır.

Dekabrın 21-ə olan məlumata görə, həlak olan 2 min 802 hərbi qulluqçu dəfn edilib. 40-a yaxın hərbçi itkin düşmüş hesab olunur, şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

XS
SM
MD
LG