Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 10:01

Prezident Qubadlı və Zəngilanda bunları dedi


Prezident İ.Əliyev Qubadlıda
Prezident İ.Əliyev Qubadlıda

Dekabrın 23-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar.

AZƏRTAC-ın xəbərinə görə, prezident İ.Əliyev Qubadlı şəhərində çıxış edib. O qeyd edib ki, oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi Azərbaycanın qələbəsini yaxınlaşdırıb. Prezident daha sonra işğalın nəticələrindən danışıb: "... Şəhərdən əsər-əlamət qalmayıb, bütün binalar dağıdılıb, sökülüb və yol boyunca Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının bütün kəndləri, qəsəbələri dağıdılıb".

Dövlət başçısı habelə bildirib ki, noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyası idi: "Ondan sonra Ağdam, Laçın, Kəlbəcər rayonları bir güllə atmadan bizə qaytarıldı. Bu gün Azərbaycan əsgəri bu rayonlarda xidmət göstərir. Bu da böyük nailiyyətdir. Biz mütləq o bölgələri də, o rayonları da döyüşərək alacaqdıq. Amma çox itkilər verə bilərdik, xüsusilə Ağdam istiqamətində, hər tərəf minalanmışdı və bir neçə müdafiə xətti var idi. Eyni zamanda, xüsusilə hava şəraitini nəzərə alsaq, Kəlbəcər, Laçın rayonlarının döyüşlə azad edilməsi də böyük itkilərə gətirib çıxaracaqdı. Artıq qış başlamışdı, yolları buz bağlamışdı. Kəlbəcərə Göygöl rayonundan keçmək üçün saatlarla vaxt lazımdır".

Prezidentin sözlərinə görə, ona görə noyabrın 10-da imzalanmış bəyanatın çox böyük əhəmiyyəti var.

"İlkin kontraktlar imzalanmışdır"

İ.Əliyev sonra da görüləsi işlərdən danışıb: "Artıq bu bölgənin, Qarabağ bölgəsinin bərpası ilə bağlı konkret addımlar atılır, ilkin kontraktlar imzalanmışdır".

Prezident çıxışında gələn ilin büdcəsinə də toxunub: "İndi gələn ilin büdcəsi müzakirə olunur. Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaqdır".

Zəngilanda

Sonra prezident və xanımı işğaldan azad olunmuş Zəngilan rayonuna yola düşüblər.

İ.Əliyev məscidin qarşısında çıxış edib. Onun qeyd etməsinə görə, şəhərdə bir dənə də salamat bina qalmayıb…

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müdafiə Nazirliyinin açıqlamasına görə, son aylar bu hadisələr zamanı Azərbaycanın 2800-dən çox hərbi qulluqçusu həlak olub.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG